“Qardaşımın mövqeyi hakim partiya ilə münasibətlərimə təsir etmir” — Videomüsahibə

Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramovun “Qafqazinfo”ya müsahibəsi:

– Bir müddətdir siyasi sferanın gündəmı həm də “Siyasi partiyalar haqqında” yeni qanun layihəsidir. Layihənin ilkin variantı Milli Məclisin saytında yerləşdirilib və qızğın müzakirələrə səbəb olub. Bəziləri hesab edir ki, qanunun qəbul olunmasında məqsəd Azərbaycanda yeni partiyaların yaradılmasını, onların dövlət qeydiyyatına alınmasını çətinləşdirməkdir. Bir parlamentari olaraq qanunu necə dəyərləndirirsiniz?

– Təbii ki, qanun layihəsi ilə tanış olmuşam. Nəzərə almaq lazımdır ki, hazırda qüvvədə olan qanun 1992-ci ildə qəbul olunub və praktik olaraq “Siyasi partiyalar haqqında” qanunun qəbul olunmasından 30 il vaxt keçib. Yeni qanunun qəbul olunmasına ehtiyac vardı. Siyasi sahədə aparılan islahatlar, eyni zamanda qanunvericilik bazasının möhkəmləndirilməsi yeni qanunun qəbulunu zəruri edirdi. Bir faktı nəzərə almaq lazımdır ki, qanun layihəsi Milli Məclisin internet səhifəsində yerləşdirilib və artıq 39 siyasi partiya qanun layihəsi ilə bağlı öz təkliflərini təqdim edib. Sentyabrın 28-də ictimai dinləmələr olacaq və həmin dinləmələrdə ekspertlər, siyasi partiyaların iştirakı nəzərdə tutulub. Təbii ki, qanun layihəsi hazırlanarkən beynəlxalq konvensiyalar da nəzərə alınıb. Bütün hallarda Milli Məclisin saytında yerləşdilən qanun layihəsi ilkin versiyadır. Dinləmələrdən, müzakirələrdən sonra ora əlavələrin, dəyişikliklərin edilməsi mümkündür. İctimai dinləmələrin keçirilməsi də ondan xəbər verir ki, burda məqsəd siyasi islahatların davam etdirilməsinə nail olmaqdır. Qanun layihəsi internet vasitəsilə hər bir Azərbaycan vətəndaşı üçün də açıqdır. Düşünürəm ki, qanun layihəsinin qəbulunda məqsəd birmənalı şəkildə siyasi sahədə müasir çağırışlara uyğun olaraq yeni münasibətlərin formalaşması və siyasi islahatların, siyasi inkluzivliyin dəstəklənməsidir.

– Rəqabət Məcəlləsi layihəsi 2008-ci ildə parlamentə təklif olunmuşdu, sonra isə yaddan çıxdı və indiyədək də qəbul edilməyib. Amma əksər qanun layihələri Milli Məclisə təqdim olunduqları ay da qəbul olunur. İqtisadi ekspert, millət vəkili olaraq sizcə, bu məcəllənin qəbulu niyə 14 ildir ki gecikir, bunda kimlərsə maraqlıdır?

– Rəqabət Məcəlləsinin qəbulu vacibidir. Mən də razılaşıram ki, Rəqabət Məcəlləsi daha əvvəl qəbul olsa idi, daha məqsədəuyğun olardı. Mən Milli Məclisdə olduğum müddətdə olan müzakirələri qeyd etmək istəyərdim ki, bununla bağlı həm komitə iclasları, həm də plenar iclaslarda dəfələrlə məsələ qaldırılıb. Artıq Rəqabət Məcəlləsi İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanıb Nazirlər Kabinetinə təqdim olunub. Bu, o deməkdir ki, yaxın vaxtlarda biz Rəqabət Məcəlləsinin yenidən Milli Məclisə təqdim olunmasını və müzakirəsini müşahidə edə biləcəyik. Bu məcəllənin Milli Məclisə payız sessiyasında və başqa sessiyada təqdim olunması birbaşa hökumətdə olan müzakirələrdən asılı olacaq. Amma artıq Rəqabət Məcəlləsinin hazırlanmasına məsul olan dövlət qurumu tərəfindən bu məsələ hazırdır. Uzun müddətdir həm ekspertlər, həm də deputatlar tərəfindən qəbulu vacib olunan məcəllənin yaxın vaxtlarda müzakirələrə çıxarılıb, qəbul olunacağı gözlənilir. Bu məcəllənin qəbulu çox vacibdir. Bu məsələdə, xüsusilə inhisara baxış, onun sərhədlərinin, inhisarın fəlsəfəsinin mahiyyətinin müəyyənləşdirilməsi və buna uyğun olaraq da antiinhisar tədbirlərinin gücləndirilməsinə ehtiyac var. Məhz Rəqabət Məcəlləsi də bu tədbirlərin gücləndirilməsini özündə əks etdirəcək.

– Bakı – Quba yolu ilə bağlı soruşaq istəyirəm. Yola 30 il zəmanət verilməsinə baxmayaraq, onun bərbad vəziyyətdə olmasından xəbərdarsınız. Sizin həmkarlarınız, iqtisadi ekspertlər bununla bağlı dəfələrlə sərt çıxışlar edib, hətta bu işdə əli olanların cinayət məsuliyyətinə cəlb edilməsini tələb ediblər. Siz isə bu tip polemikalarda yumşaq desək aktiv görünmürsünüz.

– Əslində mən, mənə müraciət edilən bütün məsələlərlə bağlı öz mövqeyimi bildirirəm. Sosial şəbəkədə ünsiyyətdə olduğum vətəndaşlar – istər izləyicilər, istərsə də seçicilər mütəmadi olaraq müşahidə edirlər ki, millət vəkili olaraq yalnız təmsil etdiyim rayonu deyil, bütövlükdə ölkə ilə bağlı məsələləri, o cümlədən iqtisadi məsələləri müzakirə edir, mövqeyimi bildirirəm. Təbii ki, istənilən layihədə – istər nəqliyyatla, istərsə də digər layihələrin icrasında hər hansı bir çatışmazlıq olarsa, bunun araşdırılması, bununla bağlı addımların atılması vacibidir. Cənab Prezidentdən də tapşırıqları ondan ibarədir ki, gizli iqtisadiyyat tamamilə minimumlaşdırılmalı, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə gücləndirilməlidir. Etiraf etmək lazımdır ki, Bakı-Quba yolu heç də gözlənildiyi kimi keyfiyyətli və zəmanət verildiyi qədər uzunmüddətli olmadı. Ancaq hazırda Bakı-Quba yolu yenidən təmir edilir. Yenə də qeyd etmək istəyirəm ki, əgər əvvəlki layihələrdə hər hansı problem varsa, bu, mütləq araşdırılmalıdır. Bəzi hallarda xüsusi ilə nəqliyyat, yolların çəkilməsi ilə bağlı müəyyən müddətdən sonra həm texniki, həm də iqtisadi baxımdan araşdırmaların aparılmasında çətinliklərin olması mümkündür. Sözsüz, əsas məqsəd və hədəf ondan ibarətdir ki, artıq indi və gələcəkdə istər nəqliyyat sektoru, istər digər sahələrdə həyata keçirilən layihələr tamamilə şəffaf olsun, tamamilə korrupsiya və rüşvətdən uzaq olsun. Yeni qəbul olunan və 2022-2026-cı illəri əhatə edən strategiyada iqtisadiyyatın ağardılması ilə bağlı islahatların davam etdirilməsi məhz bu tip əhəmiyyətli layihələrdə şəffaflığın gücləndirilməsini nəzərdə tutur.

– Dünya bazarlarında avronun dollar nisbətdə dəyər itirdiyini görürük. Demək olar ki, bu valyutaların məzənnələri bərabərdir. Mövcud durum Azərbaycan manatının məzənnəsinə necə təsir edə bilər? Bundan əlavə, neft və qaz qiymətlərinin ötən illə müqayisədə kəskin şəkildə artması ölkəmizdə dolların manata nisbətdə məzənnəsinin aşağı düşəcəyinə dair gözləntilərə səbəb olub. Buna əsas varmı? Ümumiyyətlə ilin sonu və gələn il üçün manatın məzənnəsində nə kimi dəyişikliklər gözlənilir?

– Burada iki məqam var. Birinci məqam bundan ibarətdir ki, avro dolların məzənnəsinə nisbətdə azalır, buna uyğun olaraq avroya nisbətdə manat güclənir. Nəzərə alsaq ki, Azərbaycanda birbaşa məzənnə yalnız ABŞ dollarına bağlıdır. Digər valyutalarla isə Azərbaycan manatının çarpaz məzənnəsi var. Yəni ABŞ dolları ilə Azərbaycan manatının məzənnəsi müəyyənləşir. Məsələn dolların avroya nisbətdə məzənnəsi nəzərə alınmaqla manatın avroya məzənnəsi dəyişir. Avro dollara nisbətdə nə qədər dəyər itirirsə, manatın dollara nisbətdə məzənnəsi sabit qalırsa, avtomatik olaraq manat da avroya nisbətdə o qədər möhkəmlənir. Son bir ildə manatın avroya nisbətdə təxminən 17%-ə yaxın möhkəmləndiyini görə bilirik. Bunun da əsas səbəbi avronun dollara nisbətdə dəyər itirməsidir. Ümumiyyətlə, avro ilə yanaşı, valyuta səbətinə daxil olan digər valyutaların əksəriyyətində də dollara nisbətdə dəyər itirmə var. 

Təbii ki, manatın dollara nisbətdə məzənnəsinə təsir əsas faktor ölkəyə daxil olan valyutanın həcmidir. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanda üzən valyuta rejiminə keçilməyib. Etiraf edək ki, Azərbaycanda manatın məzənnəsi birbaşa Mərkəzi Bank tərəfindən müəyyənləşir. Bu məzənnənin formalaşmasında Mərkəzi Bankın mövqeyi praktiki olaraq həlledicidir. Düzü, mən ölkədə daxil olan valyuta həcminin artması fonunda manatın dollara nisbətdə yenidən möhkəmlənməsini gözləmirəm. Bunun Mərkəzi Bankın pul-kredit siyasətinə daxil olması da görünmür. İkinci devalvasiya, manatın 2017-ci ildə dəyərinin sabitləşməsindən sonra Mərkəzi Bank neftin dünya bazarlarında qiymətinin yüksək olduğu dövrlərdə belə manatın möhkəmlənməsində maraqlı olmayıb. Digər məqam isə ondan ibarətdir ki, ölkəyə daxil olan valyutanın böyük bir qismi birbaşa bazarı görmür. Ölkəyə daxil olan valyutanın böyük bir hissəsi Dövlət Neft Fonduna transfer olunur. Yalnız şirkətlərin büdcə ödənişləri valyuta bazarını görür. Yəni onlar manat formasında büdcəyə transfer edilir. Dövlət Neft Fondunun büdcə qarşında öhdəlikləri var. Fond öhdəliklərə uyğun olaraq, hərraclarda dolları manata dəyişir, dolları satıb manat alır. Həmin manatı da məhz dövlət büdcəsinə transfer edir. Biz valyuta bazarının strukturuna diqqət yetirsək, valyuta bazarından təklif daha çox Dövlət Neft Fondundan gəlir. Konkret məzənnə ilə bağlı Mərkəzi Bank ilin sonuna qədər manatın məzənnəsində təhdidlərin, təzyiqlərin olmadığını elan edib. Biz təklif edirik ki, Mərkəzi Bank manatın məzənnəsi ilə bağlı ən azı bir illik proqnozu elan etsin. Bu halda dollarlaşmanın qarşını almaq və ya dollarlaşmış valyutanın milli valyutaya çevrilməsi, yenidən iqtisadiyyata yönəldilməsi mümkündür. Bu, həmçinin biznes və sahibkarlara daha üzunmüddətli dövrdə öz işlərini müəyyənləşdirməyə imkan verəcək.

– Bu il Mərkəzi Bankda 27 illik Elman Rüstəmov epoxası sona çatdı. Bu era əhalinin yaddaşında, iki devalvasiya, yüksək kredit faizləri, tam üzməyən məzənnə və sairə ilə yadda qaldı. Millət vəkili, iqtisadçı olaraq Taleh Kazımov və komandasından gözləntiniz nədir? Aşağı kredit faizləri gözləmək olar?

– Aşağı kredit faizləri olmalıdır, vacibdir. Bu, yalnız vətəndaşların, istehlak krediti götürənlərin istəyi deyil. Həm də biznesin istəyidir. Çünki kredit faizi nə qədər aşağı olursa, nəticə etibarilə bu biznesin xərcinin azalmasına və biznesin bank kreditlərindən daha çox istifadəsi ilə nəticələnir. Banklarda bu gün depozit faizləri ilə bank kreditlərinin faiz dərəcələri arasında kəskin fərq var. Depozitlərin faiz dərəcələri, xüsusilə də xarici valyutalar üzrə çox aşağıdır. Hətta bəzi sistem əhəmiyyətli banklar xarici valyutalar üzrə depozitlərə demək olar ki, faiz ödəmirlər. Xüsusilə avro üzrə depozitlərə faiz ödənilmir. Dollarla olan depozit faizləri 1 faiz və əksər hallarda ondan da aşağıdır. Ancaq biz kreditlərə baxsaq, kredit faizləri bir sıra hallarda istər manat, istərsə də dollar üzrə depozit faizlərindən 3-4 dəfə çoxdur. Bu nə anlama gəlir? Kommersiya bankı bir vətəndaşdan vəsaiti alıb, həmin vəsaiti digər vətəndaşa 4 dəfə baha satır. Nəticədə təbii ki, depozit yerləşdirənin gəliri azdır, kredit götürənin ödənişi və ya xərci çoxdur. Biz əvvəl də təklif edirdik ki, depozit və kredit faizləri arasında olan bu disbalansın tənzimlənməsinə ehtiyac var. Burada inzibati müdaxilə olmadan tənzimləmədən söhbət gedir. Mən, həmçinin mərhələli şəkildə üzən məzənnə rejiminə keçidin tərəfdarıyam. Bununla bağlı da daha əvvəl də təkliflər vermişəm. Hətta tənzimlənilən üzən məzənnə rejiminin tətbiqi də mümkündür. Təbii ki, maliyyəçi, iqtisadçı olaraq başa düşürəm ki, üzən məzənnəyə rejimə keçiddə çətinliklər var. Çünki təklif daha çox Dövlət Neft Fondundan gəlir. Onun özünün psixoloji təsirləri var. Bu rejimə keçid valyuta bazarına psixoloji təsir göstərəcək. Həmçinin təklifin bir mənbədən asılılığı ilə bağlı çətinlik var. Əgər gələcəkdə fiskal siyasətə və büdcə qaydalarına uyğun olaraq Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlərin həcmində azalma baş verərsə, fondun valyuta bazarlarına çıxardığı dolların məbləği də azalacaq. Üzən məzənnə rejimində bu nəticə etibarilə manata təzyiq yarada bilər. Amma nəzərə almaq lazımdır ki, fiks, tənzimlənən məzənnə rejimindən istifadə edən ölkələrin sayı azdır. Ölkələrin çoxu tənzimlənən məzənnə rejiminə keçib. Ona görə də məqsədəuyğundur ki, Mərkəzi Bankın da üzən məzənnəyə keçidlə bağlı yol xəritəsi olsun və mərhələli şəkildə üzən məzənnə rejiminin Azərbaycanda tətbiqi reallaşsın. 

İşğaldan azad olunan Füzuli rayonunu təmsil edirsiniz. Doğuldunuz kənd Aşağı Güzlək də uzun müddət erməni işğalı altında olub və ordumuz tərəfindən azad olunub. Necə fikirləşirsiniz, ermənilərlə sülh mümkündür?

– Əslində çox həssas sualdır. Çünki mənim doğulub, orta məktəbi oxuduğum kənd təxminən 30 il müddətində işğal altında olub. Biz video görüntülərdən görürük ki, kənd tamamilə dağılıb. Yəni kənddən praktiki olaraq heç nə qalmayıb. Bizim kənd Hadrut qəsəbəsinə yaxındır. Qarabağın həm relyefi, həm də təbiəti baxımından ən cəlbedici kəndlərindən biridir. Dağlıq ərazidə yerləşən, meşələri, bulaqları, kiçik şəlaləsi olan bir kənd idi. Kəndi Qozluçay iki hissəyə ayırırdı. Yəni həm turizm, həm də relyef baxımından kifayət qədər cəlbedici bir kənddir. Lakin kənd tamamilə dağıdılıb. Meşələr məhv edilib, artıq bulaqlar quruyub, çay praktiki olaraq qurumaq üzrədir. Bir ekoloji soyqırım baş verib. Etiraf edirəm ki, 27 il ərzində mən hər zaman öz kəndimizi yuxuda görürdüm. Yuxuda kəndimizə getdiyimizi görürdüm. Təbii ki, mən kəndimizin işğaldan qabaqkı dövrünü görürdüm. Kəndimizdə hələ də olmamışam. Getmək də bir az çətindir. Çünki orada xatirələr var. Təbii ki, ermənilərlə sülh bağlamaq aspektindən çətindir. Amma məsələyə bir iqtisadçı kimi yanaşsaq, vətəndaş kimi yanaşsaq regionda, Qafqazda təhlükəsizliyin və inkişafın formalaşması üçün hökmən ölkələr arasında sülhə ehtiyac var. Ölkələrin bir-birilərinin ərazi bütövlüyünü tanıması çox vacibdir. Bunlar olmasa, təhlükəsizliyə, inkişafa təhdidlər qalacaq. Ona görə də regionun inkişafına təsirləri nəzərə alsaq, ölkələrin ərazi bütövlüyü, suverenliyi tanınmaqla sülh mümkündür.

– İşğaldan azad olunan ərazilərdən danışmışkən… Füzuli, Zəngilan və Laçında üç yeni hava limanı tikilir. Cəmiyyət arasında bununla bağlı müxtəlif fikirlər var. Bəziləri düşünür ki, kiçik ərazi üçün üç hava limanı olduqca çoxdur. Bəs siz bunu necə dəyərləndirirsiniz?

– Əslində həm iqtisadi baxımından, həm də təhlükəsizlik baxımından hər üç hava limanına ehtiyac var. Əvvəla, o hava limanından biri Qarbağ iqtisadi zonasında, digər ikisi isə Şərqi Zəngəzur İqtisadi zonasındadır. Aydındır ki, Füzuli Hava Limanı iqtisadi baxımından rentabelli hava limanı olacaq. Çünki logistika olaraq mərkəzdə yerləşir. Xüsusi olaraq Şuşaya marağın yüksək olduğu nəzərə alınsa və məskunlaşma prosesindən sonra gözlənilir ki, həm daxili, həm də yerli turistlər bu hava limanından istifadə edəcəklər. Zəngilan Hava Limanı Şərqi Zəngəzur iqtisadi zonasında yerləşir. Təbii ki, hər ikisi Azərbaycan ərazisidir. Bu kontekstdə (hava limanı –red) bəlkə də ərazini iqtisadi rayonlara bölmək düzgün olmazdı. Zəngilan Hava Limanı gələcəkdə birbaşa Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə və Zəngəzur dəhlizinə inteqrasiya olacaq. Bu da hava limanı vasitəsilə həm yüklər, həm də sərnişinlərin daşınmasına xüsusi töhfə verəcək. Laçın da daxili və xarici turizm baxımından cəlbedicidir. Çünki Kəlbəcər, Laçın və Qubadlının böyük turizm, sənaye potensialı var. İqtisadi üstünlüklərin olması ilə yanaşı, hər üç liman təhlükəsizlik baxımından da olduqca önəmlidir. Bu hava limanlarına hər növ təyyarələrin enişi mümkün olacaq.

– Qiymətlərdən danışaq. Azərbaycanda son zamanlar ərzaq, istehlak mallarında kəskin bahalaşma müşayiət olunur. Bu yaxınlarda ölkəmizdə un və un məhsullarının, çörəyin qiyməti qalxdı. Fikrinizcə, proses nə vaxta qədər davam edəcək?

– Qiymət artımları gözlənilən idi. Əslində ötən il parlamentdə müzakirələr zamanı da, mən də öz çıxışım zamanı qeyd etmişdim ki, 2022-ci ildə qlobal bazarda qiymət artımı davam edəcək. Bu da öz növbəsində Azərbaycan istehlak bazarına təsir göstərəcək. Təbii ki, qiymət artımlarının fərqli səbəbləri var. 2021-ci ildə də qiymətlər əvvəlki illərlə müqayisədə çox artdı. Bunun da səbəblərindən biri post-Covid dövründə istehsalın bərpa edilməsi, lakin bu dəfə daha xərcli, bahalı bərpa edilməsi ilə bağlıdır. Bu da dünya iqtisadiyyatına mənfi təsir göstərdi. Son dövrlər də isə daha sürətlə qiymət artımı birbaşa Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Çünki bu müharibə yalnız regiona deyil, bütün dünya iqtisadiyyatına təsir edir. Məsələn, Avrozonada, ABŞ və Böyük Britaniyada son 40 ilin ən böyük qiymət artımları müşahidə olunur. Avropa İttifaqında qiymət artımları son ayda, avqustda  9,1% olub. Müqayisə üçün deyim ki, ötən ilin avqustunda isə bu göstərici 2,2% olub. Azərbaycanda qiymət artımları idxal inflyasiyası, həmçinin bunun nəticəsində yerli məhsulların qiymətlərində artımlarla müşayiət olunur. Hökumət antiinflyasiya tədbirləri çərçivəsində mövcud alətlərdən istifadə etməyə, qiymətlərin təsirini minimuma endirməyə çalışır. Lakin nəticə etibarilə dünya bazarlarında qiymət artımlarının Azərbaycanın istehlak bazarına təsirini aradan qaldırmaq praktiki olaraq mümkün deyil. Çünki dünya bazarlarında qiymət artırsa və sən idxal edirsənsə, nəticədə qiymət artımları qaçılmazdır. Bu gün inkişaf etmiş ölkələrdə yanaşma bundan ibarətdir ki, qlobal dünya bazarında yaxın illər üçün qiymət artımının qarşısını almaq mümkün olmayacaq. Hətta 2025-ci ilə qədər qiymət artımlarının davam edəcəyi gözlənilir. Çünki, Hindistan və bir sıra ölkələrdə ərzaq məhsullarına tələb artıb, lakin istehsal azalıb. Nəticədə qiymət artımları müşahidə ediləcək. Təbii ki, yerli istehsalın gücləndirilməsi, istehlakın daha çox yerli istehsal hesabına ödənilməsi vacibdir. Lakin bu gün Avrozonada və digər inkişaf etmiş ölkələrdə daha çox sosial proqramlarla qiymət artımının təsirlərini minimuma endirməyə çalışırlar. Azərbaycanda 2022-ci ildə sosial paket təqdim etdi və o, hazırda icra olundu. Düşünürəm ki, növbəti illərdə də bu paketlər həyata keçiriləcək. Çünki bununla bağlı siyasi iradə də var. Növbəti ildən 2023-cü ilin yanvarından əmək pensiyaları orta aylıq əmək haqqında artım faizinə uyğun olaraq indeksasiya olunacaq. Gözlənilir ki, indeksasiya faizi bu dəfə ikirəqəmli  olacaq. Digər dolayı və birbaşa sosial paketlərlə qiymət artımlarının təsirlərinin minimumlaşdırılması daha məqsədəuyğundur.

– Bəzi ekspertlər Azərbaycana gətirilən mallara görə tutulan ƏDV-nin aşağı salınmasını istəyir. Onlar xüsusilə Azərbaycanda istehsal olunmayan mallar üçün 18% ƏDV-nin tətbiqini məntiqsiz hesab edirlər. Məsələn, uşaqlar, körpələr üçün yeməklər, qidalar. Axı bu məhsullar ölkəmizdə istehsal olunmur. ƏDV-nin tətbiqi isə əhali üçün bu tip məhsulların qiymətini artırır. Bu istiqamətdə hansı işlər görülə bilər?

– Strateji məhsullar, onların idxalı ilə bağlı ƏDV praktiki olaraq götürülüb. Buğda, çörəklə bağlı ƏDV mütəmadi olaraq sıfırlanır, götürülür. Razıyam ki, bir sıra digər ərzaq məhsulları ilə bağlı ƏDV-də dəyişikliklər olmalıdır. Məsələn, uşaq yeməklərinin qiymətlərinin yüksək olması gənc ailələrin büdcəsinə mənfi təsir göstərir. İqtisadçı olaraq mən bu ideyanın tərəfdarıyam ki, Azərbaycanda istehsal olunmayan məhsullarla bağlı ƏDV diferensial olsun. Yəni idxal zamanı aşağı ƏDV tətbiq olunsun. Bu, bir sıra ölkələrdə var. 18% ƏDV deyil, 8% ƏDV tətbiq olunur. Ya da strateji əhəmiyyət daşıyan ərzaq məhsulları üçün ƏDV sıfırlansın. Təbii ki, gələcəkdə həmin məhsulların yerli istehsalı təşkil olunarsa, həmin məhsullar üzrə yenidən ƏDV-nin tətbiqi mümkündür. Bu baxımından idxalda differensial ƏDV-nin tətbiqinə ehtiyac var.

– Bu yaxınlarda Tarif Şurası Aİ-92 və dizel markalı yanacaqların aksiz dərəcələrinin artırılması barədə qərar verdi. Cəmiyyət arasında fikir formalaşır ki, bu ilin sonunda bu növ yanacağın qiymətinin artırılmasına əsas verir. Nəzərə almaq lazımdır ki, hazırda Heydər Əliyev adına Neft Emalı zavodunda yenidənqurma işləri aparılır və ilin sonunda Avro-5 standartlarına uyğun dizel yanacağının, gələn ilin əvvəlində isə benzinin istehsalına başlanılacaq. Bütün bunlar yanacağın qiymətində dəyişikliklərər səbəb olmayacaq?

– Yerli istehsal olan yanacağın qiyməti Tarif Şurası tərəfindən müəyyənləşdirilir. Digər idxal olunan Premium Aİ-95 və Aİ-98 markalı benzinin qiyməti idxal olunan ölkədə qiymət və nəqliyyat xərclərinə uyğun olaraq müəyyənləşdirilir. Amma bütövlükdə Aİ-92 və dizel yanacağının qiymətlərinin optimal olması vacibdir. Xüsusilə dizel yanacağının qiyməti aqrar sektor üçün, nəqliyyatda daşımalar üçün vacibdir. Düşünürəm ki, indiki halda, ərzaq məhsullarının qiymətlərinin yüksək olduğu dövrdə Aİ-92, xüsusi ilə də dizel yanacağının qiymətinin qorunub saxlanılmasına çalışılmalıdır.

– Vüqar Bayramov bir neçə il öncə də ən tanınan, cəmiyyət tərəfindən güvənilən iqtisadi ekspertlərdən biri idi. Fikrinizcə, deputat olduqdan sonra sizə qarşı bu olan inam artdı, ya azaldı? 

Cəmiyyətin münasibətinin necə dəyişdiyini siz jurnalistlər müəyyənləşdirə bilərsiniz. Özümün qiymətləndirməsi təbii ki, doğru olmazdı. Siz yəqin ki, sosial şəbəkədə mütəmadi olaraq izləyirsiniz ki, mən millət vəkili olmadan öncə münasibət bildirdiyim məsələlərə millət vəkili olduqdan sonra da münasibət bildirmişəm. Çünki Milli Məclisdə müstəqil millət vəkili olaraq təmsil olunuram. Millət vəkili olmamışdan öncə də məsələlərə konstruktiv yanaşmağın tərəfdarı idim. Yəni problemi demək və problemin həlli ilə bağlı təklif irəli sürmək. İnternetdə axtarış etsəniz də görərsiniz ki, ekspert olaraq çıxış etdiyim dövrdə belə mən populist olaraq hər hansi fikir söyləməmişəm. Sözsüz ki, təqdim olunan təklifi qəbul edib-etməmək hökumətin işidir. Bir ekspert kimi həm mənim, həm də beyin mərkəzinin (İqtisadi və Sosial İnkişaf Mərkəzi – CESD) irəli sürdüyü xeyli təkliflər hökumət tərəfindən qəbul edilib. Bizim o işimiz davam edir, həm də biz beyin mərkəzi olaraq fəaliyyət göstəririk. Dövlət layihələrinin işlənməsinə tövhə verməyə çalışırıq. Əvvəlki dövrlərdə də mən strateji yol xəritəsinin hazırlanmasında iştirak etmişdim. Yol xəritələrindən birinin müəllifiyəm. Mənim təmsil olunduğum hər iki komitədə (İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi və Əmək və sosial siyasət komitəsi –red.) bu imkanlar var. Komitə sədrləri tərəfindən komitə iclaslarında demokratik, açıq şəkildə fikirləri ifadə etmək, problemləri demək, həlli yollarını göstərmək imkanları var. İndiki parlament müzakirələr baxımından əvvəlki dövrlərlə müqayisədə xeyli dəyişib. Xanım sədr tərəfindən fikirləri təqdim etmək, açıq şəkildə müzakirələr aparmaq üçün imkanlar yarandı. Bəzi məsələlər olur ki, o daha çox plenar iclaslarda müzakirə olunur. O zaman parlamentin sədri Sahibə xanım Qafarova tərəfindən komitə sədrinə göstəriş verilir ki bununla bağlı dinləmə olsun. Məsələn, əlilliyin müəyyənləşməsi ilə bağlı belə bir dinləmə həyata keçirilib. Ona görə parlamentin indiki mühiti müzakirələr baxımından kifayət qədər imkanlar yaradır.

Mən mütəmadi olaraq seçicilərlə, qazilərlə görüşməyə çalışıram, şəhid ailələrini ziyarət edirik onlara dəstək olmağa çalışırıq. Bütün müraciətlərlə bağlı rəsmi sorğular göndəririk. Bir iqtisadçı olaraq xüsusən seçicinin problemini həll etmək üçün bir sıra hallarda birbaşa əlaqə saxlayırıq. Xahiş edirik ki, seçiciyə fərqli dövlət qurumları dəstək olsun. Məsələn, rayonumuzun qazlaşdırılması ilə bağlı deyə bilərəm ki, qazlaşdırılmayan kənd demək olar ki, qalmayıb. Sosial məsələlərlə bağlı dəstək olmağa çalışırıq.

– Qardaşınız, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun müxalifətdə olması sizin Milli Məclisdəki fəaliyyətinizə, hakim partiyanın üzvləri ilə münasibətlərə necə təsir edir?

– Hakim partiyanın üzvləri ilə münasibətlərə təsir etmir. Ümumiyyətlə, mən hər zaman qeyd etmişəm ki, hər bir şəxsin öz fəaliyyətinə görə qiymətləndirilməsi və qiymət verilməsinə ehtiyac var. Kiminsə məsələlərə baxışı müxtəlif ola bilər, kimsə müxalifətdə ola bilər, kimsə müstəqil ola bilər. Lakin hər bir şəxsin olduğu sahədə fəaliyyətinə uyğun qiymət verilməsi vacibdir. Milli Məclisdəki fəaliyyətimə təbii ki, təsir göstərmir. Çünki Milli Məclisdə bizdən istənilən aktiv şəkildə proseslərə dəstək verməkdən ibarətdir. Qanun layihələrin müzakirələrində iştirak etmək, çıxış etmək, qanun layihələrini təqdim etmək. Təbii ki, beyin mərkəzində də biz fəaliyyətimizi davam elətdiririk, tədqiqatlarımız var. Bir sıra rayonlarda beynəlxalq təşkilatlarla birgə layihələr həyata keçiririk. Həm beyin mərkəzindəki, həm də Milli Məclisdəki fəaliyyətim daha çox özümün və ya komandanın müəyyənləşdirdiyi xətt üzrə davam edir. Milli Məclisdə yeni dostlarımın böyük bir qismi hakim partiyanın üzvləridir. İndi mən ad çəkmirəm ki, digərləri inciyər. Hər iki komitədə-həm iqtisadi-siyasət, həm də sosial-siyasət komitələrində komitə sədrlərimiz hakim partiyanın üzvləridir və çox yaxşı münasibətlərimiz var. Həm Tahir Mirkişili, həm də Musa Quliyevlə dostluq münasibətlərimiz var. Müstəqil (bitərəf) deputat olmama baxmayaraq, müzakirələr zamanı hər hansı bir ayrı-seçkilik görməmişəm. 

– Vüqar Bayramov, Samir Əliyev, Rəşad Həsənov, Əkrəm Həsənov, Qubad İbadoğlu, Natiq Cəfərli, Rövşən Ağayev-bir dövrün məşhur ekspertləri. İndi də gündəmdə məhz bu şəxslərdir. Sanki bir vakuum yaranıb, bunun səbəbi nədir? 

– Siyahıda qeyd etdiyiniz hər bir insanla münasibətlərimiz var. Bəziləri ilə uzun müddət bir yerdə işləmişik, hələ də əməkdaşlığımız var. Siyahıda yoxdur, amma Azər Mehdiyevlə qısa müddət də olsa bir yerdə işləmişik. Qeyd edilən ekspertlərin xüsusi özəlliyi ondan ibarətdir ki, bu ekspertlərin böyük bir qismi jurnalistikadan gəlib, onlar mətbuatda çalışıblar. Digər vacib məqamlardan biri ondan ibarətdir ki, indiki jurnalistikada iqtisadi təhlil aparan jurnalistlərin sayı çox deyil. Mən belə düşünürəm ki, həm də təhlil jurnalistikasına ehtiyac var. Jurnalist özü iqtisadiyyatla, siyasətlə bağlı təhlil etsin. Mövqe öyrənmək vacibdir, lakin jurnalistin özünün iqtisadiyyatla bağlı təhlili olsun, öz təhlilini təqdim etsin. Bu, çox vacibdir. Qeyd etdiyiniz iqtisadçıların böyük bir qismi jurnalistikada öz təhlillərini təqdim ediblər.

Ümumiyyətlə, bir iqtisadçı kimi yetişməyimdə düşünürəm ki, ABŞ-da təhsil almağımın xüsusi rolu oldu. Çünki Birləşmiş Ştatlar təhsili çox vacibidir. Ümumiyyətlə, xaricdə təhsil çox vacibdir. Mən 1992-ci ildə orta məktəbi bitirdim, həmin il universitetə daxil oldum. Müharibə gedirdi, biz məcburi köçkün həyatı yaşadıq. O zaman da mən düşünürdüm ki, xaricdə təhsilə ehtiyac var. Mən məhz buna görə ABŞ-da təhsil almağa getdim. Düşünürəm ki, ABŞ təhsili iqtisadçı kimi yetişməyimdə, iqtisadçı kimi təhlil aparmağımda və məsələlərə münasibətdə çox önəmlidir. Əslində təhsil çox önəmlidir. Mövzunu genişləndirmək istəməzdim. Cəmiyyətdə nə qədər təhsilli və öz peşəsini bilən insanlar varsa, məncə, həmin sektor daha çox irəli gedəcək.

Eldar Tanrıverdi

Fotolar-Video: Pərvin Zeynal


Share: