“Qardaşıma toxunma yoxsa gözün ovular, İranın qarnının sancısı…”

2020-ci ildə 44 günülük Vətən müharibəsində əldə etdiyi zəfərdən sonra Azərbaycan dünya səviyyəsində işğal altında olan torpaqlarını  azad edib, hüquqlarını bərpa etmək iqtidarında ölkə obrazını formalaşdırıb.

Bunu “Ölkə.Az”a  açıqlamasında Milli Məclis sədrinin müavini Fəzail İbrahimli deyib.

O bildirib ki, Azərbaycanın əldə etdiyi qələbələrdə qardaş Türkiyənin çox böyük mənəvi və siyasi dəstəyi olub.

“44 günlük Vətən müharibəsindən sonra iki qardaş ölkə arasında münasibətlər strateji müttəfiqlik  səviyyəsinə qalxıb. Bu isə nəinki iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə, eyni zamanda Türk dövlətləri arasında münasibətlərin yeni bir inkişaf mərhələsinə qədəm qoymasına gətirib çıxardı. Azərbaycanın işğalçı Ermənistan üzərindəki möhtəşəm qələbəsi, Türk dövlətləri arasında daha sıx əlaqələrin yaranmasına öz töhfəsini vermiş oldu. Məhz bunun nəticəsi olaraq daha ciddi Türk Dövlətləri Təşkilatı kimi bir birlik yarandı və güc kimi ortaya çıxmağa başladı. Türk birliyinin güclənməsi və güc kimi ortaya çıxması, təbii ki, dünyanın bir çox ölkələrini, Avropanı narahat  etməyə başladı. Bunların içərisində daha çox qarnına sancı dolan ölkə iran oldu”, – vitse-spiker qeyd edib.

O əlavə edib ki, Türk birliyinin, həmçinin Azərbaycanın güclənməsini gözü götürməyən İran bütün vasitələrdən istifadə edərək ölkəmizin bu uğurlarına kölgə salmaq istiqamətində fəaliyyətə başladı: “Siyasi, mənəvi, hərbi və digər bütün vasitələrdən istifadə etməkdədir. Sual oluna bilər ki, İranın bu “can-fəşanalığı” nə ilə bağlıdır. İranın qarnının sancısının əsas səbəbləri artıq üzə çıxmaqdadır. İran 30 illik  işğal müddətində Azərbaycan torpaqlarında viran edilmiş yaşayış məntəqlərinin materiallarını ucuz qiymətə alması, torpaqlarımızı, təbiətimizi vəhşicəsinə istismar edərək, var-dövlət əldə ediblər. Burada başqa məqamlar da var. Torpaqlar işğaldan azad edildikdən sonra isə İran bundan məhrum olub. Təbii ki, bu və digər məsələlər İranı narahat etməyə bilmzədi?! Ümumiyyətlə, İran əzəldən Azərbaycan qarşı səmimi münasibəti olmayıb və yarı açıq, yarı gizli formada düşmənçilik münasibəti bəsləyib. Sadəcə, bunu indiyədək gizli saxlayırdı. Lakin artıq bu simasını gizlədə bilmir və açıq formada münasibətini ortaya qoymaqdadır.

İran 44 günlük müharibədə Azərbaycanın uğur əldə etməməsi üçün işğalçı Ermənistan hər vasitə ilə dəstəyini göstərdi. Hətta öz ərazisindən Ermənistana silah-sursat keçirməyə yardımçı oldu, qoşunlarını Azərbaycanla sərhəddə topladı. Müharibədən sonra isə Azərbaycana təzyiq forması kimi hərbi təlimlər keçdi. Bu nə dərəcədə islam həmrəyləyinə sığan hərəkətdir?! Hələ demirəm ki, onun bu hərəkətləri beynəlxalq hüquq normalarına uyğun gəlməyən addımlardır. Əgər İran özünü beynəlxalq hüquqa və ya İslama bu qədər dəyər verən ölkə hesab edirsə, o zaman niyə ermənilərin 30 il müddətində törətdiyi vəhşiliklərə, İslam dəyərlərini ayaqlar altına atıb, təhqir etməsinə, hərbi cinayətlərinə münasibət bildirmədi?! Niyə bunu özünün “qırmızı xətti” elan etmədi?!

İranın erməni sevgisinin altında Azərbaycana qarşı olan düşmənşilik niyyətləri olub. İndi isə bunu daha gizli formada deyil, açıq formada həyata keçirməkdədir”.

Deputat əlavə edib ki, 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra biz İranın ölkəmizə qarşı zaman-zaman bu düşmən münasibətinin şahidi olmuşuq: “İranın Azərbaycana qarşı təhdidləri ciddi xarakter alanda hər zaman dadımıza Türkiyə yetib. Xatırlayırsınızsa, 2000-ci illərin əvvəlində İran davamlı olaraq Azərbaycanın hava məkanını pozaraq təhdid edəndə, ona qarşı çıxan Türkiyə oldu. O zaman “Türk ulduzları” Bakı səmasında uçmaqla İrana “biz varıq və Azərbaycanın yanındayıq” mesajını vermiş oldu. Hələ o zaman iki qardaş ölkə arasındakı münasibətlər indidki səviyyədə deyildi. Hazırda isə iki qardaş ölkə arasında münasibətlər ən yüksək səviyyədədir. Hətta hərbi müttəfiqlik sahəsində belə…

İranın ölkəmizə qarşı son təxribatlarına qarşı Azərbaycanın Türkiyə ilə birgə keçirdiyi “Qardaş yumruğu” hərbi təlimlər fars-molla rejiminə layiqli cavab oldu. Hərbi təlimlər zamanı hər iki qardaş ölkənin lideri təlimin məqsədləri barədə açıq mesajlar verdilər ki, kimsə birliyimizi poza bilməz və bu birlik əbədidir. Ərdoğanın mesajı isə ondan ibarət idi ki, Azərbaycana təhdid elə Türkiyəyə təhdid və qarşısında Ankaranı görmüş olacaq. Bu bir daha iki qardaş ölkənin münasibətlərinin hansı səviyyədə olmasının dünyaya nümayişidir. İki qardaş ölkə şimaldan, cənubdan uzanan iti caynaqlara layiqli cavabını verəcək. Yəni qardaşıma toxunma yoxsa gözün ovular”.

Vitse-spiker hesab edir ki, nə qədər gec deyil İran bunlardan nəticə çıxarmalıdır: “Çünki bu gün İran dünyada təcrid həyatını yaşayır. Hələ də özünün 7-ci əsrdəki kimi hesab edir. İran İslam adını mənimsəməklə İslama xəyanət edərək, ən böyük zərbəni vurub.  Odur ki, bu gün İran üçün müqəddəs heç nə yoxdur”.

Cənubi Azərbaycanda soydaşlarımızın hüquqlarının kobud surətdə pozulmasına diqqət çəkən deputat  qeyd edib ki, məsələ ilə bağlı cənab Prezident mövqeyini çox qəti formada ifadə edib: “İranda başqa dinin daşıyıcı olan azsaylı ermənilərin öz dilində məktəbləri olsa da, ölkə əhalisinin az qala yarısı olan və 30 milyondan çox  Azərbaycan türkünün öz ana dilində məktəbi yoxdur. Fars-molla rejimi ən sadə yolla azərbaycanlıları öz dilindən məhrum etməklə assimlasiya etməyə çalışır. Bir milləti məhv etməyin “ən sadə” yolu dilindən məhrum etməkdir. Bu gün güneyli qardaşlarımızın hüquqları kobud surətdə pozulub və öz ana dilində təhsil almaqdan  məhrum edilib. Amma hesab edirəm ki, haqq-ədalət gec-tez öz yerini tutacaq. Necə deyərlər, “sirkə nə qədər tünd olsa, öz qabını sındırar” zərb-məsələndə olduğu kimi, molla rejimi də bu hərəkətləri ilə özünün sonunu yaxınlaşdırır. Molla rejimi hansı yolla hakimiyyət gəlibsə, o yolla da getməlidir”.

Share: