Qarabağnamələrə Ön söz yalnız  SƏS ola bilərdi – Fuad Cəfərli yazır

Əsəd Cahangirin 55 illiyinə

Və hamımız diksindik. Çünki dünya  möhtəşəm bir  səsin doğuluşuna şahidlik etmişdi. Çoxdan gözləyən Zaman isə bizdən fərqli olaraq özünü hövləng  yetirərək o, səsi məhəbbətlə bağrına basdı.  

 

Eşitmək biz insanlara bəxş edilən fövqəllütflərdən birdir.  Eşitmək deyiləndə ağıla ilk səs və ya səslər gəlir. Qılınc səsi, güllə səsi,  zəncir səsi, addım səsi, kağız səsi, su səsi… Yer üzündə səslər çoxdur.  Lakin bir səs var ki, digərilərindən fərqlənir.  Çünki onun missiyası tam fərqlidir, sözə xidmət elədiyinə görə alidir.  Ali məqam isə hər kəsi seçmir. Mənə görə Yaradan eşqdə, eşq sözdə, söz isə səsdə gizlidir.

Hər ədibin bu dünyada özü sözü olur. Öz episentiri, öz zəlzələsi olur. Bu yaxınlarda Əsəd Cahangir öz epimərkəzindən ədəbiyyatımızı Qarabağ haqqında yazdığı “Səs” essesi ilə sözün mətn mənasında silkələdi. Mən bu zələzələni yumşaq desək, 1999-cu il İzmit, 2000-ci il Bakı zəlzələsi ilə müqayisə edərdim. Hər kəs zəlzələnin gücünü hiss etdi və hər kəs öz səhifəsinədən çölə çıxmağa məcbur oldu. Mənzərə isə vahimə ilə yanaşı heyrət yaradırdı insanda. Təəssüf ki, hər bir tarixi hadisə kimi Əsədin zəlzələsi də təlafatsız ötüşmədi! Ürəyinin divarı  çat verənlər oldu…

Əsəd Cahangir deyən də, adətən, ədəbi mətnlərin arxeoloqu ağla gəlirdi. Ancaq ədib “Səs” essesi ilə nümayiş etdirdi  ki, əslində, o təkcə arxeoloq deyil, həm də akademik bir esseistdir.

Mən illərlə Birinci Qarabağ müharibəsindən sonra niyə bəşəriyyətə təqdim ediləcək ədəbi mətnlər işləyə bilmədiyimizin izahını axtarmağa çalışdım. Düzdür, ədəbiyyatımzda Qarabağ mövzusuna hərə bir cür yanaşırdı. Ancaq bütün yanaşmalarda faciənin çiy olması açıq-aşkar hiss olunurdu. Mən bu sualın cavabını təxminən 2016-2017-ci illərdə bu izahda tapdım. Bizi hələ müharibənin faciəsi və faciənin fəlsəfəsini özümüzdə həll etməmişdik.  Axı, həll prosesi  normalda çox uzun çəkir. Yəni əvvəlcə birbaşa və ya dolayı yolla alınan psixoloji travmanı müalicə etməlisən.  Sağalandan sonra isə hadisələrə sağlam, məntiqi, soyuq nəzərlərlə baxmalısan.

Mən illərlə axtardığım ədəbi həlli – sağlam, məntiqi, soyuq baxışı  məhs Əsəd Cahangirin Qarabağ haqqında yazdığı “Səs” essesində tapdım. Və bu məni çox xoşbəxt etdi.

Yuxarıda qeyd etdiyim kimi, hər kəsin həyatında xüsusi status verib aliləşdirdiyi bir mətn var. Quran, “Tövrat”, “İncil”, “Veda”, “Upanişid”lar…  Elə adamlar var ki, öz müqəddəs mtnlərini özləri yazırlar. “Səs” Əsəd Cahangirin müqəddəs mətnidir. Və ya Əsəd Cahangirin  Səsi müqqədəs görmək iddiası, arzusu, istəyi var. Diqqətlə baxsaq, 101 kiçik mətnin xronoloji ardıcıllığı, sadəcə, şüurun deyil, təbii prosesin nəticəsidir. Lakin yazıçı 101  balaca mətndən ibarət  “Səs”lə yalnız  Allahın  İslamdakı 101  adına  işarə etməklə kifayətlənməyib. O həm də  dolayı yol ilə Səsi rəqəmələrlə müqəddəsləşdirməyə cəhd edib.

Esseyə xüsusi ədəbi gözəllik verən amillərdən biri də müəllifin bir neçə ideoloji xətti uğurlu paralellərlə aparmasıdır. Ə.Cahangirin hadisələrə bütün yönlərdən –  həm ədəb-bədii, həm mistik, həm dini, həm elmi, həm tarixi, həm də siyasi-coğrafi asperklərdən peşəkarlıqla baxması oxucunu sözün  əsl mənasında heyrətləndirir. Ələxsus da, oxucu məlumatlıdırsa, bu şövq hər cümlədə bir az da yüksələn şkala ilə davam edir. Esseyə diqqət yetirdikdə birbaşa görünür ki, o, cansıxıcı terminlərin qəliblərindən uzaq, səlis və birbaşa anlaşılan azad dildə  yazılıb. Əgər məndən xəbər alsalar ki, bütün zamanların ədəbi dərsliyinə düşəcək bir esse de.  Heç şübhəsiz ki,  “Səs” essesini ilk sıralarda deyərdim. Çünki bu esse yazıçının master klassıdır. Master klassların yeri isə yalnız dərsliklərdir. Əsəd Cahangir bu dünyaya “Səs”i yazmaq üçün gəlib və onu yazıb!

Gələk yazının əsas kəşfinin adına. Bu kəşf Azərbaycanın üç geokultroloji məkana bölünməsidir. Söz məkanı, səs məkanı, rəng məkanı. Esseist burada şəxsi fantaziyalardan, uydurmalardan yox, çox ciddi metafizik əsaslardan yola çıxıb. O, metafizik əsaslara görə insanla Tanrı arasında yaradıcılıq vertikalı var. Ən ucada söz, sonra səs, sonda isə rəng dayanır.

Tanrı “Ol” – “Kun” dedi və oldu, yaxud da,  “Əvvəl Söz vardı.” Qeyd olunan iki cümlə dünyanın qəbul etdiyi iki dini kitabda əksini tapıb. Yəqin ki, Əsəd Cahangir öz essesində sətiraltı  telepatik ünsiyyətdən bəhs edir. O iddia edir  ki, söz düşüncədir, dilə gələndə isə səsə çevrilir. Səsdən sonra isə rəngə çevrilir. Əslində, bu barədə dünyaını bir çox mistikləri, filosofları yazıb. Sadəcə,  bu yanaşmaları milli çoğrafi, tarixi və kultroloji məkana tətbiq etmək yazıçının kəşfidir və ya taleyidir. Yazıçının təsnifatında:

Naxçıvan, Göycə, Qazax, Axstafa, Borçalı Sözün;

Qarabağ  Səsin;

Bakı, Şirvan, şimal və cənub isə Rəngin

payına düşür.

İlk baxışda burda bölgəçilik görünür. Əslində isə burda bölgü var, bölgə yoxdur. Nəinki yoxdur, hətta regionçuluğa qarşı böyük dirəniş var. Yazıçı Azərbaycanı  söz, səs, rəng bölgələrinə bölsə də, demək istəyir ki, söz də, səs də, rəng də vahid bir gözəlliyi özündə ehtiva edir. Bir itlayan rəssamı  deyib: “Gözəllik vahiddir, ora nə bir parça əlavə etmək, nə də ordan bir parça  çıxarmaq olar.” Siyasi dillə desək, Əsəd Cahangir, gəlin, xanlıqlar dövrü düşüncəsindən çıxaq deyib. Vahid bir Azərbaycan mədəniyyəti var və onun tərkib hissələri bir-biri üçün şərtdi,  biri olmasa, digərləri də olmaz. Və hamısı bir-birini eyni əhəmiyyətlə tamamlayır.

Əsrlər əvvəl söz haqqında “Hər şeydən ucadır sözün məqamı” deyə Nizami Gəncəvi münasibətini  bildirmişdi. Bizim əsrdə isə Bəxtiyar  Vahabzadə həm televiziyda verlişlərin birində çıxışı zamanı, həm də yazı masasının arxasında  səsin  daha ucada olduğunu bildirmişdi. Onun “Muğam” poeması Səsin tərənnümüdür.  Qərb  mistiklərini də burda xatırlamaq  yerinə düşərdi. Misal üçün, Maks Gendel Səsin yaradıcılıqda sözdən də, rəngdən də yüksəkdə olduğunu qeyd edir. Yəni bəstəkar öz ilhamını ilhamı şairdən və rəssamdan daha yüksək mərtəbədən alır.

Səfəvi imperiyasında dövlətçilik ənənəsi söz, xanlıqlar da səs, çar və sovetlərdə isə rəngə uyğun gəlir. Əsəd Cahangirin fikrincə, indi yeindən sözə qayıdırıq.

Bu esseyə qarabağnamələr içərisində “Ən möhtəşəm “Qarabağnamə” adını verənlər oldu. Lakin adı çəkilən esse bir “Qarabağnamə”dən daha üstündür. Mənə görə “Səs” essesi indiyə kimi yazılmış və bundan sonra yazılacaq bütün “Qarabağnamə”lərə ön sözdür. Çünki bu esse milli, regional, ümumtürk, ümummüsəlman, planetar, kosmik çərçivələrdən tutmuş  metafizik sonsuzluqlara qədər ucala bilmişdir.

“Səs” təkcə öz müəllifinin deyil, bütün Azərbaycanın səsidir!

Haqqın səsidir!

Bütün dünya bu Səsi eşitməldir

və eşidəcək!

 

 

Fuad Cəfərli

 

Müstəqil.Az

 

Share: