“Qarabağ” yenə ilkə imza atdı: Böyük təzyiq vardı

Çox maraqlı və gərgin oyun oldu. Qolumuz möhtəşəm idi. Onların vurduğu qol da adlarına yaraşan idi. “Qarabağ” bir daha sübut etdi ki, burada olmağı təsadüfi deyil.

 

Müstəqil.Az  xəbər verir ki, bunu “Qarabağ” futbol klubunun prezidenti Tahir Gözəl dünən Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Atletiko Madrid” klubu ilə keçirilən görüşdən sonra deyib. Prezident “Qarabağ”ın yenidən ilkə imza atdığını bildirib:

 

“Qarabağ” Avropa səviyyəsində oyun göstərir. Yarım saata yaxın müddətdə azlıqda oynasaq da, rəqiblə başabaş mübarizə apardıq. Şükür ki, biz Çempionlar Liqasında, rəqib meydanında Azərbaycan tarixində ilk qolu vura bildik. Bu da bir ilkdir. “Qarabağ” yenə ilklərə imza atır”.

 

Komandanın müdafiəçisi Maksim Medvedyev “Qarabağ”ın növbəti oyunlardan qorxmadığını və klubun kifayət qədər güclü ehtiyat qüvvəsi olduğunu söyləyib:

 

“Həm Dino, həm Pedro komanda üçün böyük fiqurlardır. Onlar komandanı vəziyyətdən çıxara bilirlər. Bu gün Dino Ndlovunun yerində Ramil var idi, çalışırdı ki, yoxluğu bilinməsin. Ancaq onlar fərqli oyunçulardır. Gələn görüşdə də Pedronu kimsə əvəz edəcək. İstər-istəməz sistem dəyişəcək. Ancaq bizim yaxşı ehtiyat qüvvəmiz var və qırmızı vərəqə alanları hər bir oyunçu layiqincə əvəzləyəcək”.

 

Oyundan sonra açıqlama verən klubun kapitanı Rəşad Sadıqov isə oyun haqqında danışmağın hələlik tez olduğunu bildirib:

 

“Oyun haqda nəsə danışmaq üçün matça yenidən baxmaq lazımdır. Çünki böyük təzyiq var idi. Oyunu 60-70 min azarkeş izləyirdi. Bir anda stadion doldu. Halbuki isinmə hərəkətləri edərkən stadion boş idi. Paltardəyişmə otağına girib-çıxdıq, gördük, stadion dolub. Rəqib oyuna təzyiqlə başladı. Belə olacağını bilirdik. Buna hazırlaşmışdıq. Amma yenə də matçın əvvəlində təhlükəli hücumlar oldu. Şükür ki, sonra yavaş-yavaş oyun soyumağa başladı. Topa nəzarət edirdik, bəzən hücumlar qururduq. Oyun haqda çox danışmaq olar, ancaq indi nə deyəcəyimi bilmirəm”.

 

Qeyd edək ki, ötən gün “Qarabağ” klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İspaniya nəhəngi “Atletiko Madrid”lə üz-üzə gəlib. Görüş 1-1 hesabı ilə başa çatıb. Bu bərabərlikdən sonra “Qarabağ” xallarının sayını 2-yə çatdırıb.

Müstəqil.Az

Share: