Qahirə Universitetində Azərbaycan dili tədris olunur

Vətənpərvər” – Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi Qahirə Universitetinin ədəbiyyat fakültəsinin “Şərq dilləri” bölməsində Azərbaycan dilinin tədrisinə başlayıb.

Bu haqda Publika.az-a Birliyin sədri Seymur Nəsirov açıqlama verib.

Elə dilimizi də tələbələrə tədqiqatçı-alim Seymur Nəsirov tədris edir. Azərbaycan dili dərslərində universitet tələbələrinə ölkəmizin tarixi, mədəniyyəti və Ermənistanın təcavüzü, torpaqlarımızın işğalı, Xocalı soyqırımı barədə də məlumat verilir.

Universitetin 4-cü kursunda tədris edilən Azərbaycan dili dərslərində yüzə yaxın tələbə iştirak edir. Azərbaycan dilini öyrənməyə böyük maraq göstərən gənclər dili daha yaxşı mənimsəmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı S.Nəsirova müraciət ediblər. S.Nəsirov bunun üçün bütün imkanların olduğunu bildirərək yaxın günlərdə Qahirədəki diaspor mərkəzində Azərbaycan dilini öyrənmək istəyən yeni tələbələrə əlavə kursların təşkil olunacağını qeyd edib.

2017 və 2018- ci illər ərzində Qahirə Universitetində Azərbaycan dilini öyrənən tələbələrdən bir qrupu hal hazırda diaspora mərkəzində təhsilini davam etdirirlər. Artıq o tələbələr arasında Azərbaycan dilindən ərəb dilinə məqalələr tərcümə etmək səviyyəsində olan tələbələr vardır.

Hazırda Azərbaycanın Qahirədəki diaspor mərkəzində azərbaycanlılarla yanaşı, dünyanın 18 ölkəsindən 180-dan çox tələbə müxtəlif ixtisaslar üzrə ödənişsiz təhsil alır.

Share: