Qadınlar üçün 55 yaş bir qərinəyə bərabərdir…

Salyanda bir ailə də var. Elə həmin ailədə də dünyaya gəlib, orta təhsilini Sumqayıt şəhərində başa vurub. Sonra da indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin musiqi fakultəsini bitirib. Hazırda AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun dosentidir. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Yetmişdən çox elmi məqalənin və bir neçə kitabın müəllifidir. On dörddən yuxarı elmi məqaləsi xarici jurnallarda işıq üzü görüb…

Sadə, mehriban, gülərüz xanımdır. Hər kəslə öz dilində danışmağa önəm verir. Heç vaxt mənasız yerə risk etmir. Elə bu səbəbdən də səhv buraxmır. Başlayacağı iş haqqında uzun müddət düşündükdən sonra qərar verib, nəticəni səbrlə gözləməyi xoşlayır. Gözəlliklərdən zövq almağı bacarır. Maddiyyatdan çox, mənəviyyata bağlı adamdır. Uğur qazanmaq onun yaşam tərzidir. Odur ki, işgüzarlıq, daha çox çalışmaq, səy göstərmək həyat kredosuna çevrilib…
İdarə olunmağı xoşlamır, necə deyərlər, əmr almaqdan zəhləsi gedir. Əgər fikrini bildirdisə, demək, bu onun son sözüdür, bir daha dəyişməyəcək. Əzmli və inadcıldır. Xarizmatik olduğundan arzularına nail olmağı bacarır. Ümumiyyətlə, həyatdan nə istədiyini çox yaxşı bilir. Dostluqda etibarlı və səbirlidir. Kin saxlamaz, qəlbi ipək kimidir. Xeyirxah adamdır, mərhəmət göstərməyə meyillidir. Böyük ürəyi var, müəyyən həddə kimi səhvlərə göz yummağı bacarır. Fəqət, haqsızlığa qarşı dözümsüzdür, nifrət edir…
Deyir ki,- “Bilirsinizmi, öz işinin mükəmməl bilicisi olmaq üçün, istedadla yanaşı zəhmət və əziyyət də mühüm faktordur. İstedad, zövq uca Yaradanın insana hədiyyəsidir. Hər kəsə bu hədiyyə verilmir. Lakin, yerdə qalanı insan özü etməlidir, qurub yaratmalı, daima axtarışda olmalıdır. Təbii ki, bu mənim subyektiv fikrimdir. Başqa cür düşünənlər də var. Burada, gen, ətraf mühit, şans və s. faktorlar da mühümdür. O ki qaldı çətinliyə, məni tanıyanlar bilir, zəhməti, çalışmağı çox sevirəm. Musiqi-İncəsənət-Elm mənim həyatımın özəyidir…”
Gözəl bir nəslin nümayəndəsidir, şübhəsiz ki, kübarlığı, yüksək mədəniyyəti ona genlə ötrülüb. Səsinin ahəngində bir məlahət, baxışlarında dərin məna gizlənir. Bir alim kimi də xeyli yeniliklərə imza atıb. Azərbaycan mədəniyyəti tarixinin araşdırılmasında öz töhfələri var…
Bəli, alim öz işindən zövq alanda xaruqələr yaradır. “Azərbaycanın mədəni inkişaf dövrləri” nəşri onun sayca üçüncü kitabıdır. Kitabda bu günədək araşdırılmayan bir sıra mətləblər dolaşır.
Demirəm ki, o, öz sahəsində uğurlara nail olan yeganə alimdir, amma ön sırada yer tutan alimlərdən biridir…
Haqqında söhbət açdığım Sehranə Kasımi aprelin 23-ündə dünyaya gəlib. Bu gün onun 55 yaşı tamam olur. Qadın üçün 55 yaş bir qərinə(33 il) kimidir. Ona möhkəm can sağlığı, firəvan həyat, işlərində uğurlar arzulayıram.
Yeni yaşınız çox mübarək, Sehranə xanım!
Elman Eldaroğlu

Share: