Qadının yalqızlığı… – Tural Balabəyli

Qadının yalqızlığı gözlərindən bilinər.
Dərin olar baxışları.
Danışmasa da baxışlarıyla roman(lar) yazar.

Qadının yalqızlığı çox vaxt gülüşündən bilinər. 
Qəhqəhələri soyuq və saxtadır.
Soyuq təbəssümünün arxasında
bir həyat hekayəsi gizlənib ki,
heç kimsə ilə onu bölüşməz – qadın…
Bilir ki, bölüşsə kimsə onu anlamaz.
Ona görə də içində gizlədər kədərini.

Qadının yalqızlığı sözlərindən bilinər.
Danışdığı sözləri sadə və qısadır.
Bəzən isə heç danışmaq istəməz.
Daha çox öz-özü ilə danışar…

Qadının yalqızlığı seçimlərindən bilinər.
Seçmədiklərini düşünmək
peşimançılığı
daha çox onu incidər.

Qadının yalqızlığı
günün iyirmi dörd saatından bilinər.
Bir-birinə bənzəyən,
qurulu gedən saatlardan bilinər yalqızlığı…
Zaman ən çox yalqız qadını incidər.
Xoşbəxtliyə çatmaq üçün
çox vaxt ömrünü xərcləyər,
illəri qovar – qadın.
Zaman keçdikcə isə anlar ki,
dəyişən heç nə yoxdur;
hər şey yerində qalıb.
Bircə, onun gəncliyindən savayı…

Tural Balabəyli

Share: