… qadın deyirəm sizə gecələr ağlar səssizcə – Qismət Rüstəmov

Bir şeir reublikası

Mətbəxtlik

 

Bir qadın var hardasa

tələsir mətbəxə, dükana, işə

gözləri razılaşmaq dilində susur həmişə.

Metroda əlləri yaxasına,

çantası dizlərinə səngər…

 

Bir qadın var hardasa

xoşbəxtlikdən sinifdən qalan,

ciyəri qayğılara qurban

mətbəxə zəncirli Prometaya…

 

Bir qadın var hardasa

sevmədiyi kişiyə arvad,

sevdiyinə çin səddi.

 

Bir qadın var hardasa

qara günlərin qırmızı diplomlusu,

iki uşaq anası.

Hər şeyi yerindədi

əri,uşaqları,şubası,

biş-düşü.

Bir qadın var hardasa

kibrit  çöpündən tez sönür gülüşü…

 

Bir qadın var hardasa

qadın deyirəm sizə

gecələr ağlar səssizcə

haram qatar yuxusuna.

Ağlar bir qırmızı qalstukun xorultusuna,

qara bir kostyumun tütün qoxusuna,

ağlar yatağındakı üzütəraşlı HEÇ KİMƏ.

 

Bir qadın var hardasa

soruşsan xoşbəxtsənmi ?

bədbəxtəm deməz

deyər : çox mətbəxtəm…

 

Share: