Qərbin təsirləndiyi əfsanəvi şərqli qadın

Nağıl və dastanların insan beyninə, psixologiyasına və gələcəyinə təsiri çoxdan təsdiqlənib. Bəlkə də beynimizin ağ kağız kimi yazılmamış, qaralanmamış dövründə – psixologiyamızın təsirə meyilli vaxtında, xəyallarını qurduğumuz gələcəyin astanasında olduğumuz üçün ədəbiyyatın bu növünü asanlıqla qəbul edib onun təsiri altına düşürük.

Ya da çoxlarının iddia etdiyi kimi nağılların hər bir yaşda olan insana ötürdüyü sirli eyhamlar, müəmmalı kodlardan irəli gəlir. Məsələn, dünya şöhrətli yazıçı Luis Borxes “Min bir gecə nağılları”nı oxuyarkən heç də uşaq olmayıb, amma özünün də etiraf etdiyi kimi ömrü boyu bu nağılların təsirindən qurtula bilməyib. İstənilən halda, nağılların həyatımızın başlanğıc yaşlardan sona doğru dövrlərinə qədər bir halə kimi bizi əhatə etdiyini dana bilmərik. Elə “Min bir gecə nağılları”ndan danışmışkən  onun qəhrəmanı Şəhrizadı xatırlayaq.

Təxminən IX əsrdə şifahi ədəbiyyatdan yazıya köçürülən bu silsilə nağıllar oxunmasına, bəyənilməsinə görə bütün dünya xalqlarının nağıllarını üstələyir. Ola bilsin ki, bu, nağılların uşaqlar üçün deyil, məhz böyüklər üçün məhrəm xarakter daşımasına görədir. Üstəlik, nağıllarındakı süjetlərin, simvolların rəngarəng və müəmmalı olması, dolğun obrazları ilə  oxucuları ovsunlaya bilməsinə görə bu nağıllar dünya miqyasına çıxa bilib. Qeyd edək ki, bu nağıllar azyaşlılar üçün həmişə adaptə olunmuş, belə deyək, “təmizlənmiş” şəkildə təqdim olunub. Orijinal əlyazmasının heç vaxt tapılmadığı toplu gözəl Şəhrizadın şah Şəhriyara min bir gecə ərzində danışdığı nağıllardan ibarətdir. Şəhriyar hərəmlərindən birinin xəyanətindən dərin sarsılır və yer üzünün bütün qadinlarını etibarsız elan edir. O, qadınlardan özünəməxsus şəkildə qisas alır. Belə ki evləndiyi hər qadını zifaf gecəsinin səhərində qətlə yetirir. Növbə vəzirin gözəl və ağıllı qızı Şəhrizada çatır. Ağıllı Şəhrizad evləndikləri gecə şaha maraqlı bir nağıl danışır, lakin onu səhərə yaxın ən maraqlı yerində yarımçıq bitirir. Beləliklə, hər gecə şaha bir yeni nağıl söyləyən Şəhrizad nağılı tamamlamamış halda bitirir və hər yarımçıq nağılı ilə həyatını xilas edir. Nağıllar düz 1001 gecə davam edir və yekunda Şəhrizad şahın qəzəbindən həmişəlik qurtula bilir.

“Min bir gecə nağılları” təkcə öz rəngarəngliyi və erotik cazibəliliyi ilə diqqət çəkmir. Qərb məhz bu nağıllar vasitəsilə Şərqin həyat tərzini, abu-havasını təsvir edə bilib. Burada təkcə ərəb ölkələrini deyil, bütövlükdə Şərqi görmək mümkündür. Odur ki Qərb gerçəkliyə bir az da təxəyyülünü qataraq özünü Şərqdə bir qiraətlik belə olsa təsvir etmək həzzini əldən verməyib. Buna görə də Qərb ölkələrinin demək olar ki, hamısı bu nağılları öz dilinə çevirib. Avropa ilk belə tərcüməni 1704-cü ildə fransızca oxuya bilib. Sonrakı tərcümələrin əksəriyyəti məhz ikinci dildən, yəni fransızcadan edilib. Daha sonralar orijinal dilə müraciət olunaraq çevrilib, amma orijinaldan tərcümə edərkən, üstündə  “əl gəzdirməli” olublar. Çünki qərb oxucusu, özü də azyaşlısı insest dolu şərq sevgisinə, poliqamiyaya hazır deyildi. Görünür, tez öyrəniblər ki, bu gün avropalılar orta məktəblərdə növbənöv seks dərsləri verirlər.

Yeri gəlmişkən, erməni mənimsəməsi “Min bir gecə nağılları”dan da yan ötməyib. İddia edirlər ki, bu nağılları ilk dəfə ermənilər X əsrdə tərcümə ediblər.

Nə isə… ermənidən fikrimizi tamamilə uzaqlaşdırıb nağılın təəssüratına və qəhrəmanına qayıdaq. Qeyd etdiyim kimi, Qərb bu nağıllardan elə təsirlənib ki, incəsənət və ədəbiyyatının hər janrında ona geniş yer verib. Həm də bu təəssürat təkcə sıravi oxucu səviyyəsində deyil, Qərbin ən tanınmış şəxslərinə öz silinməz izini qoyub: Düma, Höte, Flober, Stendal, Konan Doyl və əlbəttə Borxes… Bu adların hər biri ayrıca ədəbiyyat, mənəvi sərvətdir, elə deyilmi?

Özünü dünyanın əhəmiyyətli hissəsi, kainatın dirəyi adlandıran Qərb bir çox məsələdə (ədəbiyyatda, tibbdə, fəlsəfədə, riyazıyyatda və s.) Şərqdən qaynaqlandığını etiraf etməsə də, ən azından, əməldə göstərir. Amma bu Şəhrizad göründüyü kimi təkcə şah Şəhriyarı öz cazibəsi və ağlının təsirində saxlamayıb, müasir insanlara da qüdrətini elə göstərib ki, bu dəfə qərblilər nəinki onun qəhrəmanlıq etdiyi nağıllardan qaynaqlandığını etiraf ediblər, hətta yaranmış psixoloji gərginliyə onun gözəl adını da veriblər: “Şəhrizad sindromu”. Avstriya tarixçisi, şərqşünası baron Yosef Hammer-Purqstall (dahi Füzulini Avropaya ilk tanıdan şəxs) araşdırmalarının birində “Gecələr hekayə danışan adamlar” adlı məsələyə diqqət çəkir. Bu cəhəti dünya Şəhrizadla tanısa da, əslində belə qrup insanlar antik dövrlərdə də olub. Məsələn: Makedoniyalı İskəndərin ətrafında bir qrup nağılçılar olub ki, hökmdarın gecələrini öz maraqlı nağılları ilə bəzəyiblər. Və bu nağılçılar mütləq gözəl görünüşlü, səlis nitqli olmalıymış ki, hökmdar ona dinləyəndə xoşhallansın, görünüşündən də məmnun qalsın. Yəni, başqalarının həyatını anladan hekayə və onun ən maraqlı yerdə kəsilib sonraya saxlanması ta qədimdən mövcuddur, sadəcə dünyaya Şəhrizad vasitəsilə yayılıb.

Qərb mütəxəssislərinin fikrincə, ilk dəfə seriallar çəkilməyə başlayanda da məhz Şəhrizadın bu üsulu nəzərə alınıb. Fikir verirsinizsə, seriallar (təkrarları çıxmaq şərtilə) əsasən gecələr verilir və təxminən iki saatlıq bölüm ən maraqlı yerində bitdikdən sonra yorğun izləyici serialın təəssüratından ayrılmadan yatağına girir. Təbii ki bu, insanlara bədii zövq verməklə yanaşı, həm də sosial xarakter daşıyır. Seriallardan narkomancasına asılı qalan tamaşaçı artıq, ondan başqa heç nə düşünmür, hətta baş qəhrəmana özünü bənzədir, onun kimi davranır, özünü  də orada təsəvvür edir, yatağına belə o serial və qəhrəmanları haqqında düşünərək uzanır. Bəşəri, sosial problemlərdən uzaqlaşaraq, manqurtlaşır. Zəif iradəli, təsir altına tez düşən neçə belə insanın ailə dağıtdığı, serialda yaşanan hadisələrdən depressiyaya düşüb intihar etdiyi, infarkt keçirdiyi danılmazdır.

Əslində, ürpədicidir. Çünki az da olsa çoxumuzda bu əlamətlər var. Nə etməli? Çalışaq Şəhrizaddan və onun ilham verdiyi seriallardan zövq alaq, amma sindromuna tutulmayaq.

Şəfiqə ŞƏFA

 

Share: