FESTİVAL XATİRƏLƏRİ

Oktaybrın son günlərində türk dünyasının hər tərəfindən, eləcə də Azərbaycandan ədəbiyyat və sənət adamlarının iştirakı ilə qardaş Türkiyədə 4 Uluslararası Çukurovada Türk Dünyası şeir və musiqi festivalı keçirildi. Müstəqil.Az bu festival haqda Azərbaycan yazarlarının nümayəndə heyyətinin başqanı şair İlqar Türkioğlunun təəsüratlarını yayınlayır:

Türk Dünyasını biraraya gətirən 4 Uluslararası Çukurovada Türk Dünyası şeir və musiqi festivalının mutluluğunu yaşadan və uzun yol yolçuluğunun yorğunluğunu unutduran Çukurova Ədəbiyyatçılar Dərnəyinə və onun başqanı olan dəyərli Halise xanıma bizə olan xüsusi diqqətindən dolayı təşəkkürlərimi sunuram. 

HAŞİYƏ: Bu festivala Azərbaycandan avtobusla 56 nəfər olaraq yola düşsək də, səsimizə səs verib gələnlərlə sayımız 60 nəfər oldu. Əlavə olaraq, dəvətimizi həvəslə qəbul edləyən Rusiya Federasyonundan və köhnə postsovet respublikalarından 14 nəfərlik bir heyəti aramızda görmək də çox xoş idi.


10 ildir ki, güvənc yerimiz, inanc yerimiz Türkiyədə müxtəlif tədbirlərə qatılır, qardaş və bacılarımızla birarada olmaq fürsəti əldə etməyə çalışrıq. Ankarada, İstanbulda, İzmirdə, Adanada, Çanaqqalada, Spartada, Bursada, Yozqatda, Sivasda və bir çox şəhərlərdə düzənlənən müxtəlif tədbirlərdə iştirak etməklə, uzun illər ayrı düşmüş, türk insanlarının bir-birinə sonsuz sevgisinin şahidi olduq.

Siyasət insanlarından fərqli olaraq, ədəbiyyat və sənət sahiblərinin maneəsiz bir- biri ilə görüşməsi bu əlaqələrin möhkəmlənməsində xüsusi rol oynadı. Belə əlaqələrin qurulmasında Ulusumuza təmənnasız xidməti özünə borc, şərəf bilən Çukurova Ədəbiyyatçılar Dərnəyinin və onun başkanı Halisə Təkbaşın müstəsna xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Əvvəllər azsayda tədbirlər keçirən Çukurova Ədəbiyyatçılar Dərnəyin (ÇED) artıq 4 ildir ki, Çukurovada Türk Dünyası şeir və musiqi festivalını düzənləməklə müxtəlif türk qurumlarından yüzlərlə insanı biraraya gətirməyi bacardı. Bu qutsal projelərin reallaşmasında hər il Adana Böyük Bələdiyyə Başqanlığı, Adana Valiliyi, Karaisalı, Çukurova, Seyhan bələdiyyə başqanlarının maddi- mənəvi diqqət və dəstəkləri də önəm daşıdı. Onlara da bu diqqət və qayğılarından dolayı təşəkkürlərimizi sunuram.


Bəzi qüsurlara, bəzilərinin yersiz davranışlarına baxmayaraq, Azərbaycandan builki tədbirə qatılan şair və yazarlarımızın təqdim etdikləri şeir nümunələri, eləcə də sənətçilərimizin göstərdiyi performanslar festivalın bəzəyinə çevrildi. Festivala hazırlıqların və onun açılışı üçün hazırlanmış II cild Antologiyanın redaktoru olan Nəcibə xanım İlkinin əməyini xüsusi qeyd etmək istəyirəm. Keçənilki kimi bu il də bizə festival mutluluğunu yaşadan Ayaz Arabaçının bənzərsiz şeirləri, Adana festivalına ilk dəfə qatılan, Azərbaycan Bayrağını şeiri ilə göylərə ucaldan Ramiz Qusarçaylının Bələdiyyə Başqanının xüsusi mükafatına layiq görülməsi, Adilə Nəzərin oxuduğu şeirə iştirakçıların xüsusi reaksiyası və alqışları, istedadlı yazar, maraqlı nəsr əsərləri ilə tanınan Narıngül Nadirin fəlsəfi- məntiqi şeiri, Aysel Əlizadənin nəsrdə olduğu kimi, poeziyada da xüsusi dəst- xəttinin könül oxşaması, Rebiqə Nazimqızının insan duyğularının rəsmini çəkən şeiri, Mikayıl Bozalqanlının türkün qəhrəmanlıq ruhunu özündə ifadə eləyən şeirinə Zəka Vilayətoğlunun bəstələdiyi mahnı və öz möhtəşəm ifasında səsləndirməsi, özünün sakit və təmkinli davranışı, eləcə də vətən ruhlu şeirləri ilə sevilən Əyyub Şirzanlı, Aysel Fikrətin öz şeirindən sonra, atası, mərhum klassikimiz Fikrət Sadıqdan türkün böyüklüyünə yazdığı bir bənd şeir, döyüş səngərlərindən keçən, barıt qoxulu şeirləri ilə yadda qalan Süleyman Abdulla, nisgil duyğulu şeirlərlə bizi ovutmağa çalışan Aləmzər Sadıqqızı, son şeirləri ilə köksümüzə su çiləyən Arzu Nehrəmli, qısa və lakonik misralarla seçilən Şəfəq Sahiblinin, insanlaşmağı, insanlaşdırmağı hədəfdə saxlayan Asif Ata Ocağının övladları Elli Atayurd və Düzgün Atalının maraqlı çıxışları, arada dəniz kimi coşan, elə şeirlərindən də dəniz havası gələn Faiq Balabəyli, şeirlərində verdiyi suallara ürəkaçıqlığı ilə cavablandıran Aysel Xanlarqızı, söylənilən şeirlərdən daha çox özünün məntiqi çıxışı ilə yadda qalan Əntiqə Qonaq, klassik, xalq ruhunda qələmə aldığı şeirləri ilə Nazim Vəliyevin, Türkiyə türkcəsində yazdıqları şeirlərlə bizləri duyğulandıran həkim Oktay Şəfioğlu, məntiqli şeirləri kimi xoş və nümunəvi davranışı ilə yadda qalan Qabil Nəbiyev, misralarının çəkisinə bir az da dostların əziyyətini qatan Sehran Allahverdi, çox səmimi, dostcanlı, qayğıkeş Fazilə Qafarlının çıxışı, özükimi şeirlərində də gözəlliyin möhtəşəm ifadəsi olan Xalidə Nurayın, misralarından işıq saçan həkim Rəfiqə Abbasovanın, doğmadan-doğma Fəxrəddin Qəribsəsin qəlbdən süzülən duyğuları, Dərbəndimizin duyan ürəyi, özünün misraları və mahnıları ilə könlümüzü şad eləyən Zeynəb Dərbəndlinin, yaşadığı bölgənin gözəlliyindən şeirlərinə təbiilik qatan Qüdrət Hüseynovun, Özü kimi şeirlərindən məğrurluq, ciddilik yağan Tahirə Məğrur, musiqi alətlərində ustalıqla ifa edən və bunu şeirlərinə yansıdan Loğman Məhəmmədoğlu, hər kəsə diqqətli, səmimi olan,elə bəstələri də hər kəsi məmnun eləyən Elmir Mədətoğlunun Oğuz elinin füsunkar gözəlliyindən misra- misra qanadlanan Nazim Hüseynlinin şeirləri,

yaşın fərqinə varmayan, məhəbbət, eşq şeirlərinə könül açan Lətafət Cabbarlı, daha çox yurd həsrətinə bələnmiş şeirlər yazan Bənovşə Daşdılı, aramızda yaşca kiçik olsa da, duyğularla dolu şeirləri ilə könül oxşayan Nigar Arif, türklüyünü, ulusunu şeirlərində vəsf eləyən Elmira Aslanxanlı, tərbiyəsinə, dürüstlüyü və insani münasibətləri öz yazılarında önə çəkən, özünün də bu amallara hər zaman sadiq olan Sadıq Qarayev, ədəb- ərkanına xüsusi sayğı duyduğum, elə şəxsinə yaraşan gözəl şeirlər yazan Elməddin Həbiboğlu, şair olmasa da, özünün intellektual bilgiləri, şeirə, sözə münasibəti, yol mədəniyyəti sevdirdi hər kəsə Mənsurə Yusifovanı, şair dostların şeirlərinə işlədiyi Akademiyanın ruhuna uyğun akademik yanaşan Lalə Mədətova,

insan ruhunun, təbiət gözəlliyinin araşdırmalarını poeziyaya gətirən Pərixanım Mikayılqızı, dostların poeziysına özünün xüsusi baxışı olan, onları misra-misra incələyən, dostlarına çox diqqətli olan Gülnar Əhmədovanın, Əli Əliyevin ustadlıqla qələmə aldığı gənclərə örnək ola biləcək ustad nümunələri, köhnə dostlara xarakterik münasibəti, ağayana təbiliyi olan Valeh Şamilovun, Aşıq Azər Fərmayıloğlunun müxtəlif havaların sazda mahir ifası və könülləri fəth eləyən səsi, çox gənc olmasına baxmayaraq salonları öz şaqraq səsi ilə ələ ala bilən Xəyyam Astaralının, Aybəniz Qafarlının təbiət mövzusunda yazdığı və arada öz səsi ilə etdiyi zümzümələri,eləcə də Suma Tapdıqovanı festivala təqdim etməsi və onun könül oxşayan ifaları, qardaşı Zaur Tapdıqovun bu projeyə qatqısı, Özünün sakit və mədəni davranışı ilə istənilən bir ekiblə yola çıxmağı bacara bilən İlham Qurbanoğlunun, bizimlə Adana tədbirlərini hədəfləsə də Ankaraya getməyə məcbur olan Birüz Atalı və digərlərinin festival günlərində, eləcə də yolda yaddaqalan məqamları idi. Günel Dənizin bu səfərimizi əks etdirəcək gözəl tablolar ümidi ilə yazıma burda nöqtə qoyuram. Dəyərli dostlar var olsun!

İLQAR TÜRKOĞLU

Share: