Qəmgin ayın kölgəsi dağılıb yer üzünə, Niyə ulduzlar solur çiçək-çiçək, ilahi?

Əlizadə NURİ

Deyəsən, o qızın SU idi adı…

Sən demə, ölüm də əkinçi imiş-
Torpaq ömürləri xışlayıb keçir.
Dünyada nə qədər köçəri quş var,
Mənim ürəyimdə qışlayıb…keçir.
Şeytana daş atan özü də cinmiş,
Sonuncu ümid də dünən keçinmiş…
Tanrı üstümüzdən gəlib keçibmiş,
Ancaq yer üzündə düşməyib keçib…
Deyəsən, o qızın SU idi adı,
Hara axıb getdi, niyə qalmadı?
…Dünya özü boyda elə almadı-
Hərə bir yanından dişləyib keçir…

Ömür-yanmış zəmi kimi…

Su çəkən kağız kimiyəm,
Gəzdirirəm can yerinə.
Günəş deyil, bəlkə qandı
Yığılıbdı dan yerinə?
Məni sevgi fəsli çəkir,
Göy üzünün qəsri çəkir…
O kimdi eşq rəsmi çəkir
Sinəmin kətan yerinə?!
Ömür-yanmış zəmi kimi…
Su basmış zirzəmi kimi.
…O qız batan gəmi kimi
Dönmədi liman yerinə…

Mən, qu quşları və…üşüyən yağış

Qəmgin ayın kölgəsi dağılıb yer üzünə,
Niyə ulduzlar solur çiçək-çiçək, ilahi?
Göy üzündə qurusa o alma ağacları
Nağılların ovcuna nə düşəcək, ilahi?!
Bir ovuc torpağıyla dibçək gülə vətəndi,
Gül var ki, dərər səni, gül də var ki, dərilər.
Dibçəkdəki güllərin yerini dəyişsələr
Elə bil o gülləri qürbətə göndərirlər…
…Sən də sanki saçını qaranlığa sərmisən,
Qoy, ay yansın üzündə- at yerə bu niqabı.
Şüşə qırıntıları indi batır canına-
Toy günü ayağınla sındırdığın o qabın…
Köhnə bir şərab kimi içirəm bu gecəni,
Bir siqaret yandırıb… söndürürəm özümü.
İlahi, bu ömürün hər tərəfi açıqdı-
İndi harda gizlədim bu günahkar üzümü?
Hər quşun nəğməsinin öz adı, öz rəngi var,
Bülbüllər neynəyir ki, qarğaların dilini?
Bəlkə dəniz sözünü dalğalara söyləyib-
Bəlkə gedib öyrənim dalğaların dilini?
…Payız yağışı altda sevişir qu quşları,
Əlin qırılar ovçu, əlin gəlsə vurmağa.
Köynəyimi açmışam:- bu üşüyən havanı
Bu üşüyən yağışı yaxama doldurmağa…

Get…

Çəkil, get
O yol səni çəkir?- get.
Mən bir albom kimiyəm-
Məndən şəkil-şəkil get…
Burul, get
O gölə bax- durul, get.
Qoy, mən sahildə qalım
Sən sulara vurul… get.
Ya yel ol, ya külək, get
Bir yerdə hönkürək… get.
Mən yaralı durnayam-
Məndən lələk-lələk get.
Köhnə kitab kimiyəm-
Qopub varaq-varaq get.
Su aparar saçını-
Saçlarında daraq get…
Ay gözləri yaşıl, get,
Yaşıl nə yaraşır, get.
Gir yağışın qoluna-
O yağışa qoşul get…
Share: