Putinlə Əliyev arasında telefon danışığı olub

Aprelin 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, telefon söhbəti zamanı Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyət müzakirə olunub. Vəziyyətin bütövlükdə sabit olmasından, atəşkəs rejiminə dönmədən riayət edilməsindən məmnunluq ifadə edilib.

Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun Bakıda apardığı danışıqlar nəzərə alınmaqla, Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının nizamlanması üzrə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarına müvafiq olaraq aparılan işlərin gedişi nəzərdən keçirilib. Bu kontekstdə üç ölkənin Baş nazirləri müavinlərinin həmsədrliyi ilə işçi qrupunun fəaliyyəti müsbət qiymətləndirilib.

İkitərəfli gündəlikdəki bir sıra aktual məsələlərə, o cümlədən koronavirus pandemiyasına qarşı mübarizədə əməkdaşlıq məsələlərinə toxunulub. Hər iki tərəfin Azərbaycan-Rusiya strateji tərəfdaşlığının möhkəmləndirilməsini, qarşılıqlı faydalı layihələrin inkişafını davam etdirmək əzmi təsdiqlənib.

Əlaqələrin davam etdirilməsi barədə razılıq əldə edilib.

***14:08

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub. Virtualaz.org bildirir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Məlumata görə, tərəflər Dağlıq Qarabağdakı vəziyyətin ümumiyyətlə sabit olduğunu, atəşkəs rejiminə ciddi şəkildə əməl olunduğunu qeyd ediblər.

Prezidentlər bölgədə nəqliyyat kommunikasiyalarının yaradılması məsələsini də müzakirə ediblər.

Müstəqil.Az 

Share: