Prezident İlham Əliyevin şah əsəri azad Qarabağ, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclis sədrinin müavini Fəzail İbrahimli bildirib.

F.İbrahimli vurğulayıb ki, İlham Əliyev Prezident seçilən gündən xalqın taleyini öz taleyinə çevirib. “Ölkənin ən dəyərli sərvəti onun vətəndaşlarıdır”, – deyən dövlətimizin başçısı böyükdən kiçiyə hər kəsin doğmasına çevrilib. O, xalqını, xalq da onu qorudu və ona inandı. O, bu sevgisi ilə təkcə kiçik ölkəsini böyütmədi, bu kiçik ölkənin vətəndaşlarını da ucaltdı. Azərbaycanın qazandığı misilsiz uğurların təməlində də məhz Lider-xalq birliyi dayandı. Prezidentin bölgələrə səfərləri zamanı insanlarla görüşləri, onlarla səmimi ünsiyyəti, hər birini təmkinlə dinləməsi, problemlərini məhz onların özlərindən öyrənməsi, yerindəcə tapşırıqlar verməsi, ilk növbədə, xalqa olan hörmətin sübutudur. Bu etimadın təməlində isə qarşılıqlı hörmət dayanıb.

Prezident İlham Əliyev hakimiyyətdə olduğu illərdə ölkə həyatının, cəmiyyətin müxtəlif sahələrində saysız-hesabsız yeniliklərə imza atıb. Bu yeniliklər siyasətdə, iqtisadiyyatda, ordu quruculuğunda, diplomatiyada, sosial sahədə, elmdə, təhsildə, mədəniyyətdə, səhiyyədə, idmanda, ailə dəyərlərinin qorunmasında, yeni infrastrukturun yaradılmasında, yolların tikintisində, bir sözlə, bütün sahələrdə özünü büruzə verib, inkişafa yol açıb, Azərbaycanı çiçəkləndirib, dünyanın qüdrətli, sayılıb-seçilən, sözü eşidilən, hörmət qoyulan dövlətlərindən birinə çevirib.

“İlham Əliyev bəlkə də Tanrıdan və taledən taclanmış insandır. O, Ümummilli Lider Heydər Əliyevin, şəxsiyyəti işıqlı bir xanım akademik Zərifə Əliyevanın övladı, akademik Əziz Əliyevin nəvəsi, Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın ömür-gün yoldaşı, üç layiqli balanın atası və nəvələrinin babasıdır. Prezident, Ali Baş Komandan, sərkərdə, siyasi xadim kimi İlham Əliyevin şah əsəri azad Qarabağ, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. O, atası Heydər Əliyevin yarımçıq qalan işlərini davam etdirməklə yanaşı, onun vəsiyyətinə əməl edən ən xoşbəxt varisdir. Tariximizə ən parlaq Qələbəni də o yazdı, torpaqlarımızı işğaldan azad edərək xalqın 30 illik həsrətinə son qoydu. Vətən müharibəsi Azərbaycan Prezidentinin həm də elə ali keyfiyyətlərini üzə çıxardı ki, dünya onu heyrətlə izlədi. Ölkəsinə qazandırdığı qalibiyyət Vətən, yurd, xalq, insan sevgisinin zirvə nöqtəsi idi. O, müharibə dövründə dünyaya təkcə qalib sərkərdə, Müzəffər Ali Baş Komandan, qətiyyətli siyasətçi, adil dövlət başçısı, mahir diplomat kimi görünmədi. Dünya, onu həm də hər zaman xalqını düşünən, onun qayğıları ilə yaşayan nümunəvi lider kimi tanıdı. O, ən həssas dönəmdə xalqının qarşısına çıxdı, ən sevincli xəbəri insanlara özü çatdırdı. O, 30 ildir torpaq həsrəti ilə yaşayan insanlarımızı yurdları ilə görüşə özü apardı. Bu 30 ildə bir an da olsun ümidimiz sönmədi, inamımız tükənmədi, ona görə yox ki, məcburən tərk etdiyimiz yurda sevgi ürəyimizdə kök salmışdı. Ona görə ki, qarşımızda xalqın sevdiyi və xalqını sevən müdrik bir rəhbər, qətiyyətli bir Lider var!”, – deyə Milli Məclis sədrinin müavini vurğulayıb.

Onun sözlərinə görə, ötən 20 il bu gün bizə onu deməyə əsas verir ki, Şuşada, Xankəndidə – bütün Qarabağda Azərbaycan Bayrağını ucaldan, “Qarabağ Azərbaycandır!” formulunu dünyaya qəbul etdirən Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq, mədəniyyətimizin, elmimizin əsas hamisi olaraq xalqın yanında olacaq. Hələ qarşıda Azərbaycan adına görüləcək çox işlər var. “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən və olan Prezidentimizin doğum gününü ən əziz adamının xoş günü kimi sevinclə yaşayan xalqımız növbəti seçkilərdə də ona etimad göstərərək yeni uğurlara imza atacağına əmindir.

Fəzail İbrahimli

Share: