Prezident bu dövlət məmuruna “Şöhrət” ordeni verdi

Prezident İlham Əliyev sərəncamı ilə Zeynal Səfər oğlu Nağdəliyev “Şöhrət” ordeni ilə təltif edilib.

Müstəqil.AZ  xəbər verir ki, Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini – Regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri, 1-ci dərəcə dövlət müşaviri, tarix elmləri doktoru Zeynal Nağdəliyev 1957-ci il 5 noyabrda Bakıda anadan olub. 1974-cü ildə Bakıdakı 20 saylı orta məktəbi bitirib. 1979-cu ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini başa vurandan sonra Əzizbəyov rayonundakı 12 saylı internat məktəbində tərbiyəçi-müəllim kimi əmək fəaliyyətinə başlayıb. 1981-ci ildə 55 saylı texniki peşə məktəbində komsomol komitə katibi, 1982-1984-cü illərdə Azərbaycan Lenin Komsomolu Gənclər İttifaqı Mərkəzi Komitəsində təlimatçı və məsul təşkilatçı, 1984-cü ilin noyabrından Əzizbəyov rayon Komsomol Komitəsinin I katibi, 1986-cı ilin aprelindən 1990-cı ilin fevralınadək Azərbaycan Komsomolu Mərkəzi Komitəsində şöbə müdiri, 1990-cı ilin iyulundan isə Azərbaycan Lenin Komsomolu Mərkəzi Komitənin katibi vəzifələrində işləyib.

1994-cü ilin fevralında Moskva Gənclər İnstitutunun doktoranturasına daxil olub. 2001-ci ildən Ümumrusiya Azərbacanlıları Konqresinin icraçı direktoru işləyib.

1992-ci ildə tarix elmlər namizədi, 2000-ci ildə isə tarix elmlər doktoru alimlik dərəcəsi alıb. 2003-2005-ci illərdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çaışıb.

Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, 29 noyabr 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini təyin edilib.

2012-ci ilin iyun ayında 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Ailələlidir, iki övladı var.

Müstəqil.AZ 

Share: