Premyer Liqa: Bu gün keçiriləcək iki oyunla VI tura yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasında VI tura yekun vurulacaq.

Son gündə iki oyun keçiriləcək.

Mövsümə uğurlu start verən “Turan Tovuz” əks qrafik cızan “Qəbələ”ni qəbul edəcək. İlk xallarını ötən turda qazanan “qırmızı-qaralar” Tovuz səfərində də bunu təkrarlamağa çalışacaq. Ayxan Abbasovun kollektivi isə qələbə təqdirində ikinci pilləyə qayıda bilər. Hazırda “Turan Tovuz”un 9, “Qəbələ”nin isə 3 xalı var.

Tura mərkəzi oyunla yekun vurulacaq. Çempionluğa iddialılar “Qarabağ”la “Sabah” Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gələcəklər. Mövsümə qeyri-stabil nəticələrlə başlayan komandalar liderlər qrupundan çox uzaq düşməmək üçün qələbə qazanmaq niyyətindədirlər. “Qarabağ”ın hesabında 7, “Sabah”da isə 4 xal var.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Zirə” “Sumqayıt”ı, “Araz-Naxçıvan” “Neftçi”ni 1:0, “Səbail” isə “Kəpəz”i 3:0 hesabı ilə məğlub edib.

Premyer Liqa
VI tur
17 sentyabr (bazar)

16:30. “Turan Tovuz” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Elşad Abdullayev, Asiman Əzizli, Emin Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Tovuz şəhər stadionu

19:30. “Qarabağ” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Rəşad Əhmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Tofiq Bəhramov adına Respublika Stadionu

Bombardirlər: Aleksandr Ramalinqom (“Səbail”) – 4 qol, Orxan Əliyev (“Araz-Naxçıvan”), Martin Petkov (“Turan Tovuz”) – 3 qol.

Share: