Rasif İMANOĞLUnun tam ciddi yarızarafatları

II

Adam var, kitab oxumayıb, oxumur və oxumayacaq. Əsl kişi xarakteri budur?

Namərdlərə ağız açmamaq üçün mərdləri qoruyun.

Başı olmayan adamın “Baş üstə!”sindən gözü olduğu üçün “Göz üstə!”si daha inandırıcı görünür.
Piyada həqiqətdən qaçmaq çətin olduğu üçün çox adam maşına üstünlük verir?
İndiki dövrdə həll edilməmiş məsələ olmamalıdır. Ağlın həll edə bilmədiyi məsələləri dayılar bir telefon zənginə həll edə bilərlər.
Ətəklər yerə kimi uzadılmasa, çox adamın əli ətəyindən uzun qalacaq.
Əvvəllər kiminsə bığının altından keçirdilər. Bığ saxlamaq dəbdən düşüb. Görəsən indi nəyin altından keçirlər?
Ev yıxanların gün-güzəranını görəndən sonra adama elə gəlir ki, ən yaxşı peşə ev yıxmaqdır.
Əvvəllər kommunizmə getmək istəyirdik. Gedib çata bilmədik. İndi də deyirlər ki, harasa getməliyik. Siz özünüz bilərsiniz. Mən… düz evə gedirəm.
Nə yazıramsa, indikilər üçün yazıram. Gələcək nəslin başqa problemləri olacaq.
06.05.2023
Share: