Polislərimizdən qorxmaq, xoflanmaq lazım deyil

İnsanlar kimi cəmiyyətlərin də seçim qarşısında qaldığı hallar olur. Hazırki cəmiyyətimiz aqressiyaya köklənmiş, pandemiyanın ucbatından gərginləşmiş bir cəmiyyət halını yaşadığına görə hər şeyi və hər kəsi ucdantutma tənqid etməyə meyllidir.

Hətta bir çox hallarda bu tənqidlər əndazəsini aşaraq açıq təhqirə də çevrilir. Tənqid etməyə nə var ki? Tənqid etmək asan işdir, müsbətləri görmək, yazmaq və ya söyləmək isə çətindir. Hünərimiz və təpərimiz varsa, bu cür həssas bir dönəmdə hər şeyi yalnız iki rəng çalarında, ağ-qara ölçülərdə görmək vərdişimizdən, bolşevik təfəkküründən əl çəkək və baş verən proseslərin mənfi tərəflərini görüb dərhal tənqid atəşinə məruz qoyduğumuz kimi müsbət cəhətlərini də görməyə və göstərməyə çalışaq.

Polislərə münasibətimizdə də hakəzə, xoşgörülü olmağı, empati göstərməyi bacarmalıyıq. Çünki istidə və soyuqda ölkəmizi, sərhədlərimizi qoruyan əsgər və zabitlərimiz kimi, ağır karantin şəraitində insanlarımızın həyatını xilas etməyə çalışan həkimlərimiz kimi polislər də bizim övladlarımız, yaxınlarımızdır. Onlar bu ölkəyə başqa planetdən gəlməyiblər. Onlar özgə millətin nümayəndələri deyillər ki. Onlar da bizim içimizdən, bizim cəmiyyətimizdən çıxıblar. Canları canlarımızdan, qanları qanımızdandır. Odur ki, onların əyinlərindəki mundirlərinə görə biz onlara yad münasibət bəsləməməli, özümüzlə onlar arasında “Çin səddi” hörməməli və onlara qarşı fobiyalı davranmamalıyıq.

Polislərimizdən nə qorxmaq, nədəki xoflanmaq lazım deyil. Onlara nifrət bəsləmək, onları düşmən kimi tanıtmağa cəhd göstərmək də qətiyyən doğru deyil. Axtarsaq istənilən insanda qüsur tapa bilərik. Heç birimiz mələk deyilik. Çevrəmiz də bizim kimi günahları, savabları az və ya çox sayda olan müxtəlif insanlarla doludur. Polis də insandır, onun da hissləri var. O da müsbət və mənfi cəhətləri ilə birlikdə, nəhayətdə bizim kimi adi bir insandır. Biz ilk növbədə polislərimizin müsbət cəhətlərini, nümunəvi əməllərini görməyə və qabartmağa çalışmalıyıq ki, bu da polislərimizin daha keyfiyyətli iş əmsalı ilə fəaliyyət göstərmələrinə əlavə bir stimul olsun.

Bəli, polislərimiz mənəvi stimulu bizdən – cəmiyyətdən almalıdır. Çünki onlar son nəticədə bizim üçün çalışır, bizim asayişimizin keşiyində dayanır, bizi və əzizlərimizi qoruyurlar. Polisin ən ümdə vəzifəsi məhz asayişi qorumaqdır və bizim hər birimiz karantin dövründə onların bu vəzifənin öhdəsindən necə yüksək səviyyədə gəldiyinin şahidi olduq. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan polisləri pandemiya sınağından üzüağ çıxdı. Polisimiz öz fədakarlığı ilə, qayğıkeşliyi ilə, məsuliyyətli və nümunəvi xidməti ilə cəmiyyətimizin rəğbətini, insanlarımızın sevgisini qazandı. Mən nümunəvi polislərimizlə də, qədirbilən xalqımızla da qürur duyuram. Vətəndaşlarımızı təmkinli olmağa, karantin qaydalarına əməl etməyə və polislərimizlə həmrəy olmağa çağırıram. Pandemiyaya qalib gəlməyimizin bir yolu da polis-vətəndaş həmrəyliyindən, birliyindən keçir.

Əlisahib Hüseynov 
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Share: