Piyadanın ölümündə təqsirləndirilən sürücünün məhkəməsi başlayır

Sabirabadda yol-nəqliyyat hadisəsi zamanı piyadanın ölümündə təqsirləndirilən Atabəy Atabəylinin məhkəməsi başlayır.

“Report” xəbər verir ki, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Xamməd Nuriyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası sentyabrın 30-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin mayında Sabirabad şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, rayon sakini A.Atabəyli idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolu keçən qadını vurub. Ağır xəsarətlərlə xəstəxanaya aparılan piyada yolda vəfat edib.

İlkin araşdırma nəticəsində ölən piyadanın rayon sakini Aidə Hüseynova olması müəyyən edilib.

A.Atabəyliyə qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Share: