Piyada səkisini tutub mağaza açdılar — Foto

Bakının Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə küçəsinin Həsən Əliyev küçəsi ilə kəsişməsi yaxınlığındakı “Elegant” mağazası ərazisini piyada səkisinin hesabına artırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov sosial şəbəkə səhifəsində məlumat verib.

O bildirib ki, yaşadığı küçənin ətrafında hər hansı istirahət parkı da yoxdur: “Müəyyən ərazilər istisna olmaqla, artıq piyada gəzmək mümkün deyil. Bu azmış kimi piyadalar üçün səkilərin də günü-gündən zəbt olunduğunu görürük.

Dünən hər gün getdiyim Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquuzadə küçəsi ilə Həsən Əlliyev küçəsinin kəsişməsindən üzü Bakıxanov küçəsi itiqamətinə düşəndə yolun sağ tərəfində, piyadaların keçidi üçün səkinin zəbt olunaraq təcili surətdə əlavə artırılma aparıldığını gördüm. Rəsmi olaraq müvafiq qurumlara şikayətlər göndərmişəm. Onun sökülməsini tələb etmişəm. Mağazanın adı “Eleqant Əmiraslanoğlu”dur. Lakin bu mənzərə heç də eleqant görsənmir”.

Qeyd edək ki, Bakıda piyada səkilərinin zəbt edilməsi, orada tikinti aparılması, köşklərin qoyulması kimi hallara tez-tez rast gəlinir.


Share: