Pirotexniki vasitələr “Sədərək”də istehsal olunmur…

Son günlərdə bəzi informasiya vasitələrində Bakı şəhərinin və eləcə də digər rayonlarımızın mağazalarında pirotexniki vasitələrin satışı ilə bağlı materiallar getməkdədir. Qadağan olunmuş,zərərverici, insan həyatı üçün təhlükəli olan  bu vasitələrin Sədərək Ticarət Mərkəzindən ölkəmizin bir çox satış mərkəzlərinə yayılması ilə bağlı da yanlış iddialar irəli sürülməkdədir.

Bildiririk ki Sədərək Ticarət Mərkəzi Qafqazın ən böyük ticarət mərkəzlərindən biridir. Burda on minlərə adam çalışır. Bu mərkəz ölkəmizin ən böyük vergi daşıyıcılarındandır. Buranın təhlükəsizliyi yüksək səviyyədə qorunur.

Ölkəmizin inkişafında böyük töhfələrdə bulunan bu ticarət mərkəzini bu cür yanlış iddialarla günahlandırmaq heç bir əxlaqa və məntiqə sığmır.Həm də bir az gülünc də doğurur.

Axı bu təhlükəli pirotexniki vasitələr Sədərək ticarət mərkəzində istehsal olunmur. Ölkəmizə müxtəlif dövlətlərdən ixrac olunur və təbii ki sərhəd keçid məntəqələrindən hansı vasitələrləsə qeyri-qanuni şəkildə keçirilir. Hər il yeni il ərəfəsində pirotexniki vasitələrin qanunsuz satışı ilə bağlı məsələ gündəmə gəlir və geniş müzakirəyə səbəb olur.

Bu il, yeni il ərəfəsində bu problemin yenidən gündəmə gəlməsi anlaşılan və başa düşüləndir. İnformasiya vasitələrini də başa düşmək olar. Amma gərək insafı,haqqı,ədaləti də əldən qoymayaq, kimisə hər hansı qurumusa bununla bağlı yerli-yersiz ittiham etməyək.

Onu da vurğulayaq ki, Sədərək ticarət mərkəzində Sabit Mühafizə Xidməti və Qaradağ rayon polis şöbəsinin xüsusi bölməsi fəaliyyət göstərir. Bu qurumlar da nəinki pirotexniki vasitələrin, eləcə də digər təhlükəli məhsulların satışa çıxarılmamasına xüsusi nəzarət edirlər. Bu nəzarət təkcə bayram vaxtlarında deyil, həm də ilboyu, müntəzəm və intensiv olaraq həyata keçirilir.

Sədərək Ticarət Mərkəzinin  Mətbuat Xidməti

Share: