Piramida sistemi yaradaraq külli miqdarda pul mənimsəməyə görə daha bir məhkəmə başlayıb

“OCOS” beynəlxalq dələduzluq piramidasını Azərbaycana gətirməklə vətəndaşların külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəməkdə təqsirləndirilən dəstənin üzvləri – Xəyal Yaxyayev, Kənan Mustafazadə, Gülara Abdullayev və Yeganə Məmmədovanın cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, dəstə 2021-ci ildə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində yaxalanıb. Baş İdarəyə bir qrup şəxsin investisiya şirkəti adı altında şəbəkə biznesi yaradaraq çoxlu vətəndaşı aldatmaları və pullarını ələ keçirmələri barədə əməliyyat məlumatları daxil olub. Baş İdarə əməkdaşlarının Azərbaycan Mərkəzi Bankının mütəxəssislərinin iştirakı ilə apardıqları araşdırmalar zamanı müəyyən olunub ki, Bakı şəhər sakinləri – Gülara Abdullayeva, Xəyal Yaxyayev və qeyriləri ölkə daxilində “Insuccess” adlı fəaliyyət istiqaməti qeyri-müəyyən olan şirkət yaradıblar. Daha sonra onlar “OCOS” beynəlxalq dələduzluq piramidasını ölkəyə gətirərək yaratdıqları şirkət vasitəsilə sosial şəbəkələrdə piarını həyata keçirməklə geniş yayılmasını təşkil ediblər. Bu şəxslər internet şəbəkəsində xüsusi lokal proqramlar vasitəsilə əslində mövcud olmayan kriptovalyuta yaradaraq guya onun beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini və şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçiriblər. Bu qayda ilə adıçəkilən şəxslər qurduqları şəbəkə biznesinə piramida şəklində çoxsaylı vətəndaş cəlb edərək onlara faktiki mövcud olmayan, uydurulmuş kriptovalyuta satıblar.

Araşdırma zamanı dəstə üzvlərinin investisiya paketi adı altında şişirdilmiş yüksək gəlirlər təklif edərək ümumilikdə 10 minə yaxın vətəndaşı aldatdıqları və külli miqdarda vəsaitlərini ələ keçirdikləri müəyyən edilib. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxslərin paytaxtın Xətai rayonu, Sumqayıt şəhəri və digər məkanlarda icarəyə götürdükləri ofislərə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilərək götürülüb.

Məhkəmə aprelin 8-də davam etdiriləcək.

Qeyd edək ki, Gülara Abdullayeva, Yeganə Məmmədova, Xəyal Yaxyayev və Kənan Mustafazadə barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzə 241 nəfər zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, bu iş üzrə başqa epizod üzrə məhkəmə prosesi bitib. Hökmə əsasən təqsirləndirilən Xəyal Yaxyayev 15 il, Gülara Abdullayeva və Yeganə Məmmədova isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

Share: