Peşə məktəblərində təcrübə keçənlərə əmək haqqı veriləcək

Peşə təhsili müəssisələrində təcrübəyə cəlb olunan təhsil alanlara əmək haqqı veriləcək.
Müstəqil.az  Modern.az-a istinadən məlumatına görə, bu barədə yeni hazırlanan “Peşə təhsili haqqında” qanun layihəsinin 11-ci maddəsində qeyd edilib.
Sənədə əsasən, peşə təhsili və təlimi proqramının praktiki hissəsinin mənimsənilməsi məqsədilə təhsil alanlar peşə təhsili müəssisələrinin təlim-istehsalat, təsərrüfat sahələrində və eləcə də işəgötürən müəssisə və təşkilatlarda istehsalat təlimi və təcrübəsi keçirlər.
İşəgötürənlərin istehsalat təcrübəsinə rəhbər təyin etdiyi mütəxəssislərə təhsil müəssisəsi tərəfindən həmin mütəxəssislərin işlədikləri müəssisədə aldıqları əmək haqlarından əlavə müvafiq qanunvericilikdə təcrübə saatları üçün nəzərdə tutulmuş əmək haqqı ödənilir.
İşəgötürənlərin təklifi əsasında həmin müəssisə və təşkilatlarda istehsalat təlimi və təcrübəsi keçənlər təhsil müəssisəsinin iştirakı ilə üçtərəfli qaydada iş yerində təcrübə müqaviləsi imzalayır. İş yerində təcrübə müqaviləsinin nümunəvi forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Yetkinlik yaşına çatmayanlarla iş yerində təcrübə müqaviləsi onların valideynləri və ya digər qanuni nümayəndələrinin adından bağlanılır.
İşəgötürənlər iş yerində təcrübə müqaviləsi əsasında istehsalat təlimi və təcrübəsinə cəlb olunan təhsilalanlara onların ixtisaslarına uyğun yerinə yetirdikləri iş və xidmətlərə görə həmin müəssisələrdə mövcud olan əmək haqqının 20%-indən az olmamaq şərti ilə əmək haqqı ödəyir. İş yerində təcrübə müqaviləsi əsasında təhsilalanlar müəssisənin işçi heyətinin siyahısına daxil edilmir və onlara ödənilən əmək haqqından vergi tutulmur.

Share: