Paytaxta şəhid gəlirdi…- Aysel Xanlarqızı Səfərli

Generala…

General  POLAD  HƏŞİMOVUN  ruhuna sayğı ilə…

 

*****

Düşmənin hücum əmri

əsgər çəkmələrinin bağında

boğulurdu,

şinelin

sol döşündəki şəkil

dua əvəzi

güc verdikcə

silahlanmış nifrət

döyüş yanğısıyla

atəş açırdı…

Torpaq

ayaqlar altında

qarış-qarış azalmaqdan qorxurdu…

 

Səngər boyu sürünən

qəzəb

ölümü

tətiklədikcə

Qarabağ uzaqdan

ümid dolu gözlərlə,

yalançı sərhədlərin

tikanlı məftillərindən

həsrətlə baxırdı…

Atası döyüşdə olan

uşaqlar

şəhid oğlu

doğulurdu…

Anaların

oğul həsrəti

torpağın sinəsində

vətən-vətən

darıxırdı…

 

N saylı hərbi hissə boyu

boğuşan güllələr

Komandirin

atəş əmri mərmi sükutunu

pozduqca

yaralı əsgərlərin titrək

dodaqlarına

son ümid

son məktub əvəzi sıxılırdı…

Torpaq şəhid doğurdu…

 

Dünya

Tovuz boydaydı bu gecə,

Bütün manşetlər boyu

güllələnirdi xəbərlər,

Bir generalın son əmrinə

müntəzir dayanmışdı

əsgərlər…

Paytaxta şəhid gəlirdi…

 

Aysel Xanlarqızı Səfərli

Share: