“Paşinyan yaxın günlərdə ya xaricə qaçacaq, ya da ABŞ səfirliyində gizlənəcək…”

Ermənistan yaxın zamanlarda hərbi çevrilişdən sonra tamam başqa siyasi düzəndə yuxudan oyanacaq.

Müstəqil.Az  xəbər verir ki, bunu ötən gün fevralın 27-də “Komsomolskaya pravda” radiosunun efirində LDPR lideri Vladimir Jirinovski deyib.

Rusiya Dövlət Dumasının vitse-spikeri hesab edir ki, Ermənistanda indi ən ağır ictimai-siyasi böhran yaşanır. Parlamentin iclasını da keçirmək mümkün olmur, çünki indiki baş nazir Nikol Paşinyanın fraksiyası iclasa gəlmir.

 

Jirinovski qeyd edib ki, bu gün Yerevanda dəyimir masa arxasında dialoq mümkün deyil. Onun sözlərinə görə, Ermənistan şərqdə, Qafqazda yerləşir, orada isə bütün problemləri güc yolu ilə həll edirlər. Rusiyalı siyasətçini təxmin edir ki, yaxın bir neçə gündə baş nazir Paşinyan ya xaricə qaçmalı olacaq, ya da ABŞ səfirliyində gizlənəcək. Jirinovski Ermənistanda köklü siyasi islahatların qaçılmaz olduğunu deyib.

Jirinovski bundan əvvəl Ermənistanın Yerevan quberniyası statusunda zorla Rusiyanın tərkibinə daxil edilməsinə çağırmışdı.

Xatırladaq ki, Nikol Paşinyanın “İsgəndər” raketlərinin Qarabağ müharibəsində işə yaramadığı, yaxud “10 faiz partladığı” haqda açıqlamalarından sonra Rusiyadan ona kəskin hücumlar başlayıb. Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisinin müavini, general-leytenant Tiqran Xaçatryan Paşinyanın bu açıqlamasına istehza ilə yanaşandan sonra istefaya göndərilib. Onun ardınca Baş qərargah rəisi Onik Qasparyan və bütün hərbi birlik komandirləri Paşinyanın istefasını tələb edən bəyanat veriblər. Paşinyan Qasparyanı da vəzifəsindən azad etmək barədə prezidentə təqdimat verib, amma prezident Armen Sərkisyan həmin təqdimatı imzalamayıb və geri qaytarıb. Hazırda müxalifətin Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları davam edir.

Müstəqil.Az

Share: