Paşinyan qarabağlılara mənzil kirayə haqqının yükünü çəkə bilməyəcək…

Faiq Balabəyli: “İrəvan erməniləri Qarabağdan köçkün düşənləri aşağılayır, onlara xoş münasibət göstərmir”

Qarabağdan köçən erməni əsilli vətəndaşlara maliyyə yardımı veriləcək. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan erməni mətbuatına açıqlamasında deyib. O qeyd edib ki, bu həftədən etibarən Qarabağdan gedən məcburi köçkünlər mənzil kirayəsi üçün pul alacaqlar.

Hər bir şəxsə kirayə üçün 40 min dram, kommunal xərclər üçün isə 10 min dram ayrılıb.

Onu da qeyd edək ki, erməni tərəfi dəfələrlə bəyan edib ki, 100 minə yaxın vətəndaş Qarabağı tərk edib. 100 min insan isə təxminən 40 min ailə edir.

img

Maraqlıdır, Ermənistanın iqtisadi gücü çatacaqmı ki, 40 min ailəyə dəstək ola bilsin, onlara kirayə mənzil pulu verə bilsin? Ümumiyyətlə, Ermənistanın maddi gücü yetəcəkmi ki, bunu edə bilsin? Bu problem Ermənistana necə təsir edəcək?

  • “Ermənistanın özünün maddi gücü Qarabağdan köçən ermənilərin minimum yaşam tərzini təmin etməyə çatmayacaq”

Müstəqil.az saytının baş redaktoru Faiq Balabəyli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistan böhran içərisində yaşayır, həm siyasi, həm iqtisadi, həm mənəvi: “Əlbəttə ki, həm də hərbi sahədə düçar olduqları bu böhranı bir tərəfdən də Qarabağdan könüllü olaraq köçkün düşən əhalinin yaratdığı tıxac dözülməz həddə çatdırıb. Sözsüz ki, köçkünlər ayaqda durana qədər yardım edəcəklər, amma düşünürəm ki, bu çox çəkməz. Ölkənin iqtisadi cəhətdən tənəzzüldə olması bunu deməyə əsas verir. Hələ ki, Fransa, Qərb, bir çox Türk düşmənçiliyinə rəvac vermək istəyən ölkələr var ki, Ermənistana hansısa yardımlar edir, maliyyə dəstəyi göstərirlər. Amma məsəl var, yetimə gəl-gəl deyən çox olar, çörək verən isə az. Ona görə də əminliklə demək olar ki, erməni əhali bu dəfə də Ermənistandan köçkün düşəcək və bu köçkünlük yaşamaq uğrunda mücadilə üçün olacaq. Azərbaycan tərəf olaraq erməni vətəndaşlarına qal dedi, vətəndaşlığımızı qəbul etmək şərti ilə bütün qanunlarımız çərçivəsində yaşayın deyə təklifdə bulundu. Amma separatizmə dəstək verənlərin diqtəsi və özlərinin dönük olaraq əllərinin qana bulaşması, tərətdikıəri cinayətlərin bədəlini ödəmək qorxusundan səmimi təklifimizi rədd etdilər, Ermənistana pənah apardılar. Bu dəfə isə onlar daha böyük sarsıntı ilə Ermənistanı tərk edəcəklər. İrəvan erməniləri Qarabağdan köçkün düşənləri aşağılayır, onlara xoş münasibət göstərmir. Yaxın zamanlarda Ermənistana olunan yardımlar kəsildikdən sonra isə əhali daha da miskin vəziyyətə düşəcək. Əlbəttə, Ermənistanın özünün maddi gücü Qarabağdan köçən ermənilərin minimum yaşam tərzini təmin etməyə çatmayacaq”.

Günel CƏLİLOVA

Share: