Paşinyan Əliyevin önündə 10 dəqiqə… – Vyanada 3 saatlıq görüşün ilkin təfərrüatları

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Vyanada keçirilən ilk rəsmi görüşü başa çatdı.

Müstəqil.az xəbər verir ki, təxminən 3 saatdan çox çəkən görüşdə liderlər təkbətək və həmsədrlərin iştirakı ilə müzakirələr aparılıb.

Maraqlıdır ki, “Briston” otelində baş tutan Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü 2016-cı ilin 16 may tarixində Əliyevlə Serj Sarkisyanın görüşdüyü “Burggatten” zalda keçirilib.

2016-cı ilin “aprel müharibəsi”ndən sonra ilk danışıqlar mayın 16-da Vyana şəhərində “Briston” otelində keçirilmişdi.

Əliyev-Paşinyan görüşündə diqqət çəkən digər məqam Ermənistanın baş nazirinin görüş yerinə öncə gəlişi və Azərbaycan liderini gözləməsi idi. Paşinyan təxminən 10 dəqiqəyə yaxın görüş zalında gözləməli oldu.

Ən mühüm məqam isə liderlərin görüşlə bağlı mətbuata bəyanatla çıxış etməməsidir. Görüşü izləyən erməni jurnalist Tatul Akopyan da bildirib ki, jurnalistlər bəyanatın veriləcəyini gözləsələr də, bu olmadı.

Bəyanatın verilməməsi görüş haqqında bədbinlik yaradır, çünki təcrübə təsdiqləyir ki, adətən səmərəli keçən danışıqlardan sonra dərhal bəyanat verilir. Əslində Nikol Paşinyanın danışıqları pozmağa hesablanmış şərtlərlə görüşə gəldiyi məlum idi. Görüş öncəsi o bəyan etmişdi ki, “Qarabağın tərəf kimi iştirakı” tezisini əsas şərt kimi irəli sürəcəklər. Təbii ki, nə Azərbaycan, nə də həmsədr ölkələr bunu qəbul etmirlər və bu, danışıqları dalana salır.

Share: