Parlamentin xüsusi iclası keçirildi — Yenilənib

Milli Məclisin xüsusi iclası başlayıb.

“Qafqazinfo” xəbər verir ki, iclas Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.

Toplantıda 12 ölkənin parlament sədri, 10 ölkənin parlament sədrinin müavini, 6 ölkənin parlament üzvləri, beynəlxalq parlament təşkilatlarından 4 nümayəndə, 228 xarici nümayəndə iştirak edir.

Tədbir iştirakçıları ilk olaraq parlamentin foyesində Heydər Əliyevin həyat və yaradıcılığını özündə əks etdirən sərgiyə baxış keçiriblər.

***

Parlamentlərarası İttifaqın prezidenti Duarte Paçeko sözügedən iclasda çıxış edib: “Dünyada olan bütün görkəmli insanları hər zaman yadda saxlayırıq. Heydər Əliyev də məhz elə şəxsiyyətlərdən olub. 

Azərbaycan haqqında danışanda xüsusi şəxsiyyət kimi Heydər Əliyevi qürurla qeyd edə bilərik. Azərbaycan xalqı ona təşəkkür etməlidir. Sizin iqtisadiyyatınızın güclü olması onun uzaqgörənliyinin nəticəsidir. Onun sayəsində Azərbaycan çox gözəl tanınır və beynəlxalq aləmdə hörmətə və nüfuza malikdir”.

***

Misir Nümayəndələr Palatasının sədri Hanafi Gibali də çıxışında bildirib ki, Azərbaycan Misirlə dərin dost əlaqələri olan dövlətlərdəndir: “Xalqların tarixində hər zaman şərəfli şəxsiyyətlər olur. Allah həmin şəxsləri əmin-amanlıq üçün xalqın qarşısına çıxarır. Heydər Əliyev hakimiyyətinin dövründə ölkəsi üçün bir çox nailiyyətlər əldə edilib”.

Misirli nümayəndə vurğulayıb ki, Heydər Əliyev həm də sülhün təminatçısı olub: “Onun bütün sahələrdə qazandığı nailiyyətlər sonradan görülən işlər üçün nümunə olub. Onun apardığı uğurlu siyasət bu gün də layiqli davamçısı İlham Əliyev tərəfindən davam etdirilir. Misir dost ölkələrlə münasibətində öz köməyini heç vaxt əsirgəmir. İndiki Prezidentin ilk səfərini Azərbaycana etməsi də diqqətdən kənarda qalmamalıdır. İki ölkə arasında turizm və mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq sürətlə inkişaf edir. Bu da təbii ki, iki xalqın rifahına xidmət edir”.

***

Gürcüstan Parlamentinin Sədri Şalva Papuaşvili də Heydər Əliyev haqda fikirlərini bölüşüb: “İnsan öz hərəkətlərinə görə qiymətləndirilir. Heydər Əliyev müasir Azərbaycanın formalaşmasında mühüm rol oynayan ümummilli lider idi”. 

Onun sözlərinə görə, Azərbaycan müstəqilliyinin ilk ağır illərindən sonra Ulu Öndər xalqın milli ruhunu yüksəltdi, gücləndirdi, milli oyanışı təmin etdi, milli dövlətçiliyin möhkəm təməlini qoydu: “O, bir sıra səmərəli siyasətlər vasitəsilə Azərbaycanı yenidən formalaşdırıb, güclü, sabit, firavan dövlətə çevirib. Ulu öndər Qafqaz regionunda sülhün və sabitliyin sadiq tərəfdarı idi. Onun Gürcüstanla Azərbaycan arasında əlaqələrin möhkəmlənməsində mühüm rolu olub. O, həm də beynəlxalq aləmdə uzaqgörən lider adını qoruyub saxlaya bildi”.

***

İordaniya Nümayəndələr Palatasının Sədri Ahmed Al-Safadi bildirib ki, Heydər Əliyev müasir Azərbaycanın qurucusudur. O qeyd edib ki, Heydər Əliyev hər zaman xalqının intibahı üçün çalışıb: “Heydər Əliyev dönəmində İordaniya ilə dost münasibətlər qurulub və bu münasibətlər Prezident İlham Əliyev və İordaniya kralının rəhbərliyi ilə inkişaf etməkdədir. Hər iki ölkə regional və qlobal məkanda uğurla inkişaf edir”.

***

İclasda eyni zamanda Qazaxıstan Parlament Məclisinin Sədri Yerlan Koşanov da çıxış edib: “Heydər Əliyevin dühası bütün Türk dünyası üçün oriyentirə çevrilib. Heydər Əliyev Qazaxıstanda xalqlarımız arasında səmimi qardaşlıq münasibətlərinin qurulmasına çalışan şəxs kimi tanınır. Heydər Əliyev bildirib ki, Qazaxıstanla müştərək taleyimiz, tariximiz olub. Mən 26 il sonra demək istəyirəm ki, Heydər Əliyevin bütün ideyaları həyata keçib. Bu il Astanada Heydər Əliyevin adına yeni küçə açılıb. Bu küçənin açılma mərasimində Qazaxıstan Prezidenti qeyd etdi ki, dünya miqyaslı siyasətçinin xatirəsini əziz tutmaq bizim borcumuzdur.

Prezident İlham Əliyevin apreldə Qazaxıstana səfəri ilə ölkəmizdə Heydər Əliyevlə bağlı bir sıra tədbirlərə start verildi, telekanallarımızda Heydər Əliyevə həsr olunmuş film nümayiş olundu. Azərbaycan Türk dünyasının mərkəzlərindən biridir. Heydər Əliyevin Türk xalqlarının birləşməsində böyük rolu olub. Türk Dövlətləri Təşkilatının əsası da Naxçıvanda qoyulub”.

***

Qırğızıstan parlamentinin sədri Nurlanbek Şakiyev qeyd edib ki, Heydər Əliyevin xalqı üçün danılmaz böyük xidmətləri olub: “Heydər Əliyev bir çox çətinlikləri dəf edərək Azərbaycan dövlətinin müstəqilik tarixinin əsasını qoyub və böyük uğurlar qazanıb. Azərbaycan iqtisadiyyatının güclənməsi də məhz onun adı ilə bağlıdır. Yüksək peşəkarlığı ilə Azərbaycan dövlətinin daha çox inkişaf etməsinə zəmin yaradıb. Heydər Əliyev tək müstəqil Azərbaycanın deyil, eləcə də keçmiş Sovet İttifaqında böyük iz qoyan siyasi xadim olub. Heydər Əliyev bütün xidmətləri nəticəsində böyük şəxsiyyət kimi xalqın yaddaşında əbədi yaşayacaq”.

***

Mərakeş Nümayəndələr Palatasının sədri Rəşid El-Alami bildirib ki, Azərbaycanın tutduğu demokratik yol islamın gözəl dəyərləri ilə ziddiyyət təşkil etmir.

Azərbaycanın çox gözəl ölkə olduğunu bildirən Mərakeş Nümayəndələr Palatasının sədri vurğulayıb ki, mərhum Heydər Əliyev ölkəni böyük cazibə mərkəzinə çevirə bilib: “Mədəniyyətiniz çox dərindir. Şəhərləriniz müasir, gələcəyə doğru inamla irəliləyir. Təbii ki, bu kimi nailiyyətlər son 30 il müddətində əldə edilib. Coğrafi mövqeyi baxımından Azərbaycanda Qafqazın gözəlliyi var. Azərbaycanda həmçinin müxtəlif dünya mədəniyyətlərin, sivilizasiyaların qovuşduğunu müşahidə edirik”.

***

Pakistan Milli Assambleyasının sədr müavini Zahid Akram Durrani əlavə edib ki, Heydər Əliyev Azərbaycanın inkişafını, rifahını təmin edən şəxsiyyət olub, ölkəyə çətin dövrlərdə rəhbərlik edib: “Heydər Əliyev hələ 1969-cu Sovet Azərbaycanında rəhbərliyə gələn zaman inkişafın əsasını qoyub. Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur. Azərbaycan inkişaf edən bir ölkədir. Pakistan da oxşar uğurlara nail olmaq üçün yola çıxıb. İnanırıq ki, Pakistan və Azərbaycan qarşılıqlı çalışaraq rifaha nail ola bilər. Ticarət, iqtisadiyyat, enerji, turizm sahəsində əməkdaşlıq üçün böyük imkanlar var. Biz əməkdaşlığı daha da dərinləşdirməklə inkişafı, rifahı təmin etmiş olacağıq. Heydər Əliyevin irsi xalqları inkişaf yoluna qədəm qoymağa ruhlandırıb”.

***

Türkiyə Böyük Millət Məclisinin Büro Katibi, millət vəkili Bayram Özçelik də mövzu ətrafında danışıb: “Rahatlıqla deyə bilərik ki, Heydər Əliyev olmasaydı, region ölkələri üçün həmin dövr çətin olardı. Ulu Öndər tək Azərbaycan üçün deyil, həm də Türkiyə üçün də önəmli şəxsiyyət olub. Bu gün Türkiyənin müxtəlif şəhərlərində onun adını daşıyan küçə, məktəb və s-nin olması ona qarşı olan hörmətin bariz nümunəsidir. Ümummilli lider məzarında Azərbaycanın XXI əsrdəki uğurlarını dinc şəkildə izləyir. Gələcək əsrlərə Azərbaycanı aparan möhkəm təməl var. Türkiyə xalqı və dövləti ilə hər zaman Azərbaycanın yanında və çiyin-çiyinə olacaq. Bu, dəyişilməz dövlət siyasətidir. Şuşa Bəyannaməsi ilə əlaqələrimiz strateji səviyyədən müttəfiqlik səviyyəsinə yüksəlib”.

***

Ərəb Parlamentinin prezidenti Adel bin Əbdulrəhman əl-Asumi deyib ki, Heydər Əliyev öz müdrik fəaliyyəti ilə Azərbaycan xalqı üçün milli qürur mənbəyi olaraq qalacaq: “Heydər Əliyevin xidmətləri sayəsində Azərbaycan dünya birliyində layiqli yerini tutub. Heydər Əliyev Azərbaycanla ərəb dövlətləri arasında əlaqələrin inkişafına xüsusi diqqət yetirib. Təsadüfi deyil ki, İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanın üzv olduğu ilk beynəlxalq təşkilat olub. Ərəb Parlamenti adından bildirmək istəyirəm ki, Azərbaycanla ərəb dövlətləri arasında münasibətlərin inkişafı üçün əlimizdən gələni edəcəyik. Böyük rəhbərlərin izləri tarixdə hər zaman qalacaq, xalqlar onları yad edəcək. Heydər Əliyev də tarixdə, xalqının yaddaşında daim qalacaq. Azərbaycan ilə ərəb dövlətləri arasında möhkəm münasibətlər bundan sonra da davam edəcək”.

***

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er qeyd edib ki, Heydər Əliyev nəinki Azərbaycan dövləti, xalqı üçün misilsiz xidmətləri, eləcə bütün türk dünyasının birliyi, hərməyliyi naminə gördüyü işlər, irəli sürdüyü təşəbbüslər türk dünyasının beynəlxalq nüfuzunun güclənməsinə dərin töhfə verib: “Heydər Əliyev tarixin müxtəlif dövrlərində bir-birindən ayrı düşmüş türk dünyasının birləşdirilməsi naminə yorulmaz səylər göstərib. Onun məqsədyönlü fəaliyyətinin uğurlu nəticələri bu istiqamətdə davamlı addımların atılmasına təkan verib. Heydər Əliyev türk dünyasının birliyinə sadəcə etnik köklərin eyniliyinə əsaslanan mədəni etnoqrafik birlik kimi yanaşmır, bu birliyin gələcəyini xüsusi diqqət mərkəzində saxlayır və daim türk xalqlarının yaxınlığının vacib olduğunu vurğulayırdı”.

Zaur Mirzə


Share: