Parçalar – Sənan İsmayılovun hekayəsi

Kulis.az Sənan İsmayılovun “Parçalar” hekayəsini təqdim edir.

Ətrafında xeyli qonağın əyləşdiyi, yemək-içməklə dolu, səs-küylü masaya yanaşan içkili kişi heç dəxli olmadan oradakılara dedi:

– Hamınıza sevinc arzulayıram.

Süfrə arxasında ciddi görkəmlə əyləşən bir qonaq isə yekəxana tərzdə onun dediklərinə düzəliş elədi:

– Hər halda siz “xoşbəxtlik” demək istədiniz?

– Yox, məhz sevinc, gen-bol sevinc arzuladım sizə. Qəm-qüssə onsuz da, yəni dəvətsiz də gələcək, – deyə içkili adam sözünə davam elədi.

1.

Uşaq olduğu vaxt evlərində uzun xəzli bir palto var idi. Ancaq bu paltonu ona, ya da ailə üzvlərindən hansınasa kimin aldığını və ya bağışladığını o, heç cür xatırlamırdı. Palto adətən köhnə, taxta sandığın içində olardı. Qışın əvvəlində onu həmin sandıqdan çıxarardılar. Yayda bəzən o, sırf içinə göz gəzdirməkdən ötrü sandığın qapağını açardı. Bəzən oradakı bütün paltarları ələk-vələk edərdi və palto da onların arasında olardı. Hətta bunu niyə etdiyini də o, indi dəqiq xatırlamırdı. Bəlkə “gizlənqaç” oynadığı qardaşını axtarırdı orada. Sandığın içindən xoş bir rayihə yayılardı ətrafa.

Kiminsə sandığı eşələməsi anasını cırnadardı. Bütün ev əhli xəbərdar idi ki, o sandıq (şəxsən onun heç vaxt üzünü görmədiyi!) bibilərinin cehizlik əşyası idi və günlərin bir günü qadın mütləq gəlib, onu buradan alıb-aparasıydı. Deyəsən, anasının öz baldızıyla münasibətləri soyuq idi. Bəlkə də elə buna görə ana o sandığa övladları tərəfindən bir zaval toxunmasından ehtiyatlanırdı.

Kiçik qardaşının o xəzli nimdaş paltonu görən gözü yox idi. Hətta, deyəsən, o, bu xəzdən hələ qorxurdu da. Bu ya ondan irəli gəlirdi ki, paltonun xəzi hansısa qorxunc heyvanınkı qədər xeyli tünd rəngdə idi, ya da ona görə ki, palto anasının xoşlamadığı bibisinə məxsus sandıqda bütün yay boyu saxlanılırdı. Başqa üst geyimi olmadığından kiçik qardaşı o paltonu iki, ya da üç qış geyinməyə məcbur qalmışdı. Boyca balaca olduğundan palto təkcə onun əyninə gəlirdi, böyük qardaşa isə o, qısa idi.

Qışda qardaşlar xizək sürür, qarın içində oynamağı xoşlayırdılar. Hərdənbir hansısa oyunda üstünlük qazanan kiçik qardaşını o, bu sözlərlə cırnadırdı: “Ayısan sən, ayı. Qorxunc bir ayıya bənzəyirsən. Səninlə hətta oynamaq da adamın canına üşütmə salır”. Bu sözlərdən inciyən kiçik qardaş oyunu bitirər, ağlayaraq evə qayıdan kimi paltosunu soyunar və bir daha onu geyməyəcəyini acıqla deyərdi. Ancaq şaxtalı havalarda oynaya bilməkdən ötrü sonradan əlacsız qalıb, yenə həmin paltonu qeyməli olurdu.

Kiçik qardaşı o havada vurulub, salınan helikopterdə imiş. Axşam hava qaralanda qohumları zəng edib, maraqlandılar ki, qardaşı evə gəlib çıxıb, ya yox. O, “yox” cavabı verincə, bunları dedilər:

– Yarım saat əvvəl bir helikopter vurulub. O da həmin helikopterlə uçmağa hazırlaşırdı.

O, eşitdiyi cavabdan sarsıldı. Televizoru açdı. Ekranda beş dəqiqə sonra yerə enməyə hazırlaşan helikopterin bir neçə təkan cəhdi göstərdikdən sonra yerə çırpılması ilə bağlı kadrlar nümayiş etdirilirdi. Bu təkanlara və alovlara bürünməsinə rəğmən, pərlərinin hələ də fırlanması bu helikopteri ağır yaralanan, ölümə əsla təslim olmaq istəməyən bir heyvana oxşadırdı.

“Axı o, niyə bu helikopterə minibmiş? Niyə digər insanlar da həmin helikopterlə bu yarıyacan mühasirədə olan şəhərə qayıtmaq fikrinə düşübmüşlər? Çoxdan bəri mülki helikopterlərə də atəş açıldığını bilə-bilə, niyə hər kəsə bu barədə xəbərdarlıq edilməyibmiş?” Bu sualları o, bəlkə yüz kərə öz-özünə verdi.

Halbuki qardaşının mindiyi helikopter partlayandan əvvəlki iki gün ərzində elə özü də tərk etdiyi şəhərə qayıtmağın mümkün yolları barədə düşünmüşdü. İnsanları helikopterlə daşımamaq barədə qərar da məhz onda alınmışdı deyə, o, özü yarı mühasirədə olan şəhərə naməlum marşrut üzrə, həm də uzun bir yolla gəlib çıxmışdı.

Hava qaralmağa başlamışdı. Helikopterin düşdüyü yerə getmək mümkün deyildi. Bunun bir mənası da yox idi: oraya gedib, guya neyləsiydi ki?! Həm də ki, atışma səsləri hələlik kəsilməmişdi. Gərək səhərin açılmasını gözləyəydi və əgər yata bilsəydi, gərək özünə aşılayaydı ki, bütün bu olan-bitən qorxunc hadisələri o, yuxuda yaşayıb.

Buz kimi soyuq evdə yatmalı oldu, qardaşının ölümü ilə bağlı dəhşətli hisslərlə və sırf səhəri açmaqdan ötrü yuxuya getdi. Ev təkcə soyuq deyildi ki, həm də tamamilə bomboş idi. Paltarlı halda yatağa uzanıb, yorğanı üstünə çəkdi. Elə öz içində də bir boşluq vardı onun. Nəhəng bir boşluq. “Bəlkə heç qardaşım o helikopterdə deyilmiş? Əgər həqiqətən orada deyilmişsə, onda özü ilə bağlı mənə mütləq bir xəbər-ətər verərdi o”. Qonşu çarpayılarda uzanan atası və böyük qardaşı da elə paltarlı idilər. Sözü bir yerə qoyubmuş kimi və taleyin bu zərbəsi ilə barışıbmış kimi, hər üçü susurdu. Belə dəqiqələrdə görəsən insan nə barədə danışa bilər axı?! İçindəki boşluğu necə paylaşar görən?!

Hava azca işıqlaşan kimi küçəyə çıxdı: orada onu qohumu – xalasıoğlu gözləyirdi. Morqun binası haradasa buralarda yerləşirdi. Qohumu dedi: “Gəl, bir ora baş çəkək, sərnişinlərin cəsədlərini indicə morqa gətirdilər”. Masaların üstündəki meyitlər yaşca onun qardaşından böyük idilər. Qardaşını onların arasında tapmayınca, düşündü ki, ola bilsin, bunlar helikopterə atəş açılarkən ölən sərnişinlərin meyitləridir. Qalan insanlar bəlkə də sağdır və atışmanın bitməsini gözlədikləri üçün bütün gecəni meşədə keçiriblər.

Tibb bacısı izah elədi:

– Bu gördükləriniz helikopterin quyruq qismində oturan insanların cəsədləridir. Atılan raketin səbəb olduğu alov əsasən ön tərəfi bürüyübmüş və o, quyruq tərəfə yayılmağa macal tapmamış korpusda qırılma baş verib. Buna görə də bir neçə nəfər quyruq hissədən yerə yuvarlanıb. Hadisəni görən şəxslər bildiriblər kii, bəzi sərnişinlər yıxılmasınlar deyə, başqalarının əllərindən yapışıbmışlar. Kolların üstünə düşdükləri üçün isə cəsədlər belə tam şəkildədirlər.

Həqiqətən də, cəsədlər parçalanmamış, ancaq hədsiz dərəcədə şişmişdilər. Düşündü ki, yəqin buna güclü zərbə səbəb olub.

– Çox yəqin elə belə də olub. O cür yüksəklikdən düşərkən yaranan zərbənin nəticəsidir bu.

Varlığını dəhşət hissi bürüdü: “Görünür, indicə öz fikirlərimi uca səslə dilə gətirdim”. Küçəyə çıxdı. Tanımadığı bir kişi öz maşınıyla onu və qohumunu şəhərin mərkəzinə, onlarla insanın toplaşdığı yerə apardı. İri bir maşın bütün bu yığışanları şəhərin kənarına aparacaqdı, sonra isə adamlar artıq öz imkanları ilə helikopterin düşdüyü yerə qədər gedəsiydilər.

Şəhərin kənarına onlar qısa vaxtda çatdılar. Seyrək meşə qalın qarla örtülmüşdü. Yol-riz görünmədiyindən o, qohumunun ardınca düşüb, getdi. Təkəm-seyrək atəşlər açıldığından qohumu ona uca səslə hərdənbir xatırladırdı ki, əyilə-əyilə irəliləməsi məsləhətlidir.

Vurulan helikopterə lap yanaşdılar. Alovun qaraltdığı, əyiş-üyüş olmuş metal yığını ağappaq qarın üstünə düşüb, qalmışdı. O ətrafda xeyli insan gəzib, dolaşırdı. Onlar yanmış cəsədləri gözdən keçirir, zərər görməyən hansısa kağızları və dəlil-sübutları özləriylə götürürdülər. O da qardaşını bu yanmış meyitlər arasında tapmalıydı. Cəsədlərdən bəzilərinin üzərini artıq qar örtmüşdü, asan tanınsınlar deyə, bir neçə nəfər bunları qardan təmizləyirdi. Ölənlərin arasında uşaqlar, hətta çağalar da var idi. Bir körpəni qucaqlayan bazburutlu kişinin böyründə yaşca böyük uşaqlar gözə dəyirdi. Bəzən isə başları və qol-qıçları yanan cəsədlərin içalatlarının bayıra töküldüyü diqqəti çəkirdi. İnsanlar daşıdıqları meyitləri bir qədər aralıdakı minik maşınlarına yerləşdirirdilər, çünki həmin cəsədlər öz yaxınları tərəfindən artıq tanınmışdı.

O, ölənlərin arasında dolaşmağına davam edərək, həm ağlayır, həm də qardaşını axtarırdı. Axtarışa necə girişəcəyini, mərhumun kömürə dönmüş bədənini necə tanıyacağını biləmmirdi. Gəzdikcə hiddətlənirdi, bəzən ayaq saxlayıb, hansısa meyitə tərəf əyilir, ancaq tanımadığı birisini görüncə, daha betər qəzəblənirdi. Qəfildən kiminsə əlinin çiyninə toxunduğunu sezdi. Kəskin şəkildə geri qanrıldı.

Qonşusu dedi:

– Qohumumuzun cəsədini biz qısa müddətdə tapdıq, ancaq sonra bir xeyli gözlədik ki, sən də gəlib-çıxasan. Ancaq indi biz buradan getməliyik, əlbəttə, əgər sən də buna etiraz etmirsənsə.

Mızıldanaraq:

– Niyə etiraz edim ki?! – deyib, yenə öz axtarışlarına davam elədi. Qonşunun sözləri ondakı çarəsizlik hissini daha da artırmışdı – axı hələ də qardaşını tapa bilmirdi. Qar üstündəki cəsədlər seyrəldikcə, öz qohumlarını axtaranların sayı da get-gedə azalırdı. O isə axtarmağına ara vermirdi. Bəzən meyitlərin böyründəki sənədlərə sataşırdı baxışları, əzik-üzük, yanmış kağızları qaldırıb baxır, qardaşının adına rast gəlməyəndə onları təkrar yerə qoyurdu: halbuki hiddətini cilovlamasaydı, bunları qarın üstünə necəgəldi atardı. Yaşadığı hər şeyə rəğmən – həm cəsədini axtardığı qardaşına görə, həm də bu axtarışlar bir nəticə vermədiyindən – içindəki sonsuz xəcalət hissi durmadan artırdı. Ən böyük xəcalət isə onun özüylə bağlı idi: onillər boyu yanaşı yaşadığı bir insanın qalıqlarını axı o, necə tanımaya bilərdi ki?! Həndəvərindəki insanların baxışlarından isə o, canıyananlıqdan daha çox bir qınaq hiss edirdi.

Buna görə də tək əlacı – meyitlərin arasında dolaşıb, bu qaralan cəsədlərə baxmaq idi. Ancaq yenə də qardaşını tapa bilmirdi. Bu uğursuzluq hissinə qarşı bəslədiyi qəzəbdən bezib, uca səslə öz-özüylə danışmağa başladığı vaxt bəzilərinin özünü çəpəki baxışlarla süzdüyü də gözündən yayınmırdı.

Qara, uzun paltolu və eyni rəngdə xəz papaq qoyan bir kişi yerdə çömbəlmişdi. Onun qarşısında, qarın üstündə bir neçə cansız bədən vardı. Bu adamı o, niyə görəsə Şərq bazarındakı bir satıcıya bənzətdi. Ara-sıra yerindən dikələn bu kişi bir meyitdən aralanıb, digərinə yanaşır, üzərinə əyilməklə, onu o üz, bu üzə çevirirdi.

O, qara paltolu kişinin özünə dikilən baxışlarını yaxaladı və fərqinə vardı ki, cəsədləri o yan, bu yana çevirən kişi hərdənbir gözucu ona da baxır – adətən ən ələdüşməz malları tapıb-gətirən bişkin bazar dəllalları adamı belə süzür. O da bu qara paltolu kişinin təklif elədiyi köməkdən hər halda yararlanmalıydı ki, bəlkə bu sayədə canı o qınayıcı baxışlardan qurtula. Sonra o, qarın üstündə səliqə ilə düzülmüş meyitlərə yaxınlaşdı, əvvəlcə bir, sonra digər cəsədi nəzərdən keçirdi, bunun ardınca qəfildən yanıb-qaralmış ayaqdan yapışaraq çığırdı:

– Tapdım qardaşımı. Tapdım onu!

Sanki xoş bir müjdəni bölüşürdü o an. Əlində tutduğu o qapqara ayağın onun kiçik qardaşına aid olduğuna ətrafdakı insanlar da hər halda zərrəcə şübhə bəsləmirdilər. O, hamıya göz gəzdirdi (həndəvərindəki insanlar onun bu zənn dolu baxışlarına dözmədikləri üçün razılıq əlaməti olaraq, başlarını önlərinə əyirdilər), buna əmin olandan sonra o, qısıq səslə öz qohumundan xahiş elədi:

– Onu maşına qədər aparmağa kömək etsənə.

Aradakı məsafə əlli metrə yaxın olardı. O, meyitin çiyinlərindən yapışmışdı və arxası maşına tərəf irəliləyirdi. Cəsədin ayaqlarından yapışan qohumu isə susaraq, üzünü yana tutmuşdu. Qəfildən o, dilləndi:

– Mən bilən, bu, sənin qardaşın deyil axı. Rəhmətlik bu qədər ağır deyildi. Çəlimsiz biri idi.

O isə qohumuna çımxırdı:

– Bu, qardaşımın cəsədidir!

Həm də öz fikrini necə ötkəmcəsinə bildirdisə, buna şübhə bəsləyənlərin bütün qənaətləri yerlə-yeksan oldu. Bununla razılaşmayan qohumu başını buladı, heç nə demədən və onun baxışlarından yayınmağa çalışaraq, yoluna davam elədi. Yol boyu onlar hələlik tanınmamış meyitlərin böyür-başından keçirdilər. Bəzi meyitlərin yanında gözə dəyən sənədlər də, elə sahibləri kimi, yanıb, qaralmışdı.

Bu qorxunc əraziyə indi yalnız iki rəng hakim kəsilmişdi – qara və ağ. Bəmbəyaz qarın üzərində qaralan bədənlər, axtarış üçün gələnlərin qapqara geyimləri və onların dərddən, dəhşətdən elə meyit rəngi qədər bozaran üzləri diqqəti çəkirdi. Vaxtilə oxuduğu bir fikir qəfil yadına düşdü: ağ rəng – bütün qalan rəngləri özündə cəmləşdirir, qara rəng isə rənglərin yoxluğu deməkdir. Bəyaz – həyatın, qara isə ölümün rəmzidir.

Ağ və qara rənglərin bu bezdiriciliyində qəfildən al qırmızı bir ləkə sataşdı onun gözlərinə. Kim isə meyitin üstündəki qarı kürüyürdü, bir kənarda, qarın üzərində isə qırmızı rəngli, ensiz bir qumaş düşüb qalmışdı. Bu, damalı şərfi qardaşı ikicə həftə qabaq almışdı. Şərf qarın üstündə burularaq axan bir qan şırnağını xatırladırdı, onun bədənə, daha dəqiq desək, yanmış başa yaxın qismində rəngi tünd qırmızıdan daha çox tünd qəhvəyiyə çalırdı, uc tərəfə doğru isə başın rənginə uyğunlaşaraq qaralırdı. Hə, bu – qardaşının şərfi idi. Ən nəhayət, onu tapa bilmişdi!

Bütün dünya onun gözündən düşmüşdü artıq. Çoxdan həsrətində olduğu şikarı görən bir yırtıcı kimi o, az əvvəl öz nəzərində ən qiymətli tapıntı sayılan yad cəsədin çiyinlərindən əllərini çəkdi, iti addımlarla şərfli, amma cansız bədənə tərəf yönəldi. Bu, həqiqətən də onun qardaşıydı! İçinə bir arxayınlıq doldu – daha heç kəsə nəyisə sübut eləməyə gərək duymurdu.

O, daşıdığı cəsədi qarın üstünə atıb, qardaşının nəşinə tərəf cumsa da, qohumu hələ də o qapqara ayaqlardan yapışmağına davam edirdi. Az sonra o da həmin ayaqları ehmalca qarın üstünə qoyub, onun ardınca yollandı. Dəllalı xatırladan, qara paltolu kişi yaxınlaşıb, onu möhkəm qucaqladı. Sonra o, başqa bir kişi ilə köməkləşərək, naməlum və yanmış cəsədi öz əvvəlki yerinə daşıdı. Artıq özünü daxilən yüngülləşmiş sayırdı. Uzun və uğursuz axtarışlara görə duyduğu xəcalət hissi mənəvi rahatlıqla əvəzlənmişdi.

Qardaşının cəsədi ona yanmış ağac gövdəsindən geriyə qalan kösövü xatırladırdı. Onun qalın budağa bənzəyən sağ qolu önə və yuxarıya doğru uzanmışdı, barmaqları isə naməlum bir xəstəliyə yoluxmuş pöhrələr idi sanki. “Yəqin üzünü alovdan qorumaq istəyirmiş” deyə, ağlabatan olduğu qədər də dəhşətli bir qənaətə gəldi o.

Cəsədi xalaoğlugilin həyətinə gətirdilər. Həyətdə səliqə ilə düzülmüş taxtalardan bir tabut düzəltsin deyə, dülgər çağırdılar. Bu taxtaları təzə evin tikintisi üçün almışdılar. “Bir deyən gərək – müharibə vaxtı axı kim ev tikməkdən ötrü inşaat materialı alır və onu vaxtaşırı atəşə məruz qalan şəhərə gətirir, hə?!”

Dülgər başına yığışanlara dedi:

– Ancaq mən heç vaxt tabut düzəltməmişəm.

Hündürboylu, cüssəsiz bir kişi söhbətə qarışdı:

– Amma ev tikməyi bacarırsan axı. Sənin üçün tabut düzəltmək nə qəliz işmiş ki?!

Sonra o, tüstüləyən siqaretini ağzına aparıb, ondan dərin bir qullab aldı. Onun hərdənbir nəfəsi daralırdı sanki.

O, qohumundan soruşdu:

– Bu kişi niyə elə nəfəs alır ki?

– Astma xəstəsidir də.

Kim isə xalaoğluya səsləndi. Yaxınlaşan kişilərin hərəsi bir neçə taxtanı kənara daşıdı. Bu balaca şəhərdə hazır tabutlar hələm-hələm tapılmazdı. Görünən o idi ki, əhali müharibəyə heç hazırlaşmır. Dülgər metrə ilə cəsədin boyunu ölçdü. Onun bu hərəkəti xalaoğluya qəribə göründüyündən o, aşkar hiddətlə dedi:

– Bura bax, sən qapı-zad ölçmürsən ey. Harada görünüb ki, rəhmətliyin boyunu ölçələr?!

– Düzü, elə mənə də hansısa qapını yığmaq tabut düzəltməkdən daha xoşdur. Sən mənə istənilən qapı boşluğunu göstər, onda görərsən ki, ora uyğun qapını gözəyarı düzəldə bilirəm, ya yox. Axı əvvəldən də dedim ki, mən heç tabut düzəltməmişəm. Həm də bu cür əyrim-üyrüm bir meyit üçün.

O, isə susurdu. Kiçik qardaşı ilə bağlı işlənəcək istənilən ifadə indi ona mənasız görünürdü. Ancaq dülgərin sözləri xalaoğlunun səbrini lap daşırdı:

– Nə sarsaqlayırsan, ə! O düzəldəcəyin tabut mənim əziz adamım üçün nəzərdə tutulub ey.

– Amma özün də görürsən ki, bu cəsəd bir ağac kimi büzüşüb. Yəni adi cəsəd deyil. Adətən insanlar tabutu məsciddən götürür, dəfndən sonra isə oraya da təhvil verirlər. Bəzi filmlərdə gördüyümüz kimi, heç kəs ölçü üzrə tabut sifariş vermir. Məcbur qalanda isə, mərhumun bədənini gah ordan, gah burdan sıxışdırır, onu əllərinə düşən tabuta sığdırmağa çalışırlar.

Ortalığa çökən sükutu artıq sadəcə o astma xəstəsinin öskürəyi, ya da qəribə şəkildə nəfəs dərməsi pozurdu. O, yalnız indi diqqət yetirdi ki, bu dülgər ilə o astma xəstəsi hədsiz dərəcədə bənzəyirlər, elə bil lap əkiz qardaşdırlar. Hətta əkizdən də çox, yəni bir almanın iki üzü qədər bənzərdir bunlar.

Ən nəhayət, tabut hazır olanda dülgər dedi:

– Rəngləməyə ehtiyac yoxdur, vaxtımız dardır. Birdən atışma təkrar başlanar.

Qohum az qala ona çımxırdı:

– Bax, sənin ağzının payını verəcəm ha! Həm də günü bu gün!

Qaralmış cəsədi tabuta qoydular (kəfənə büküb-bükmədiklərini isə o, heç cür xatırlaya bilmirdi). Qardaşının irəliyə uzanan qolu tabutun kənarından bir xeyli irəli çıxmaqda idi.

– Bax, bunu ölçməmə özünüz mane oldunuz. Meyitin uzunluğunu ölçsəm də, bu irəli uzanan əli mən heç nəzərə almadım. Gərək bunu da tabutun dərinliyini hesablayanda diqqətdə saxlayaydım.

Bunu deyən dülgər cəsədin qolunu çiyin nahiyəsindən, həm də sərt hərəkətlə bükməyə çalışdı. Bir şaqqıltı eşidilsə də, qol əvvəlki vəziyyətindəcə qaldı. Susub duran qohumu yerə tüpürməklə kifayətləndi. Dülgər əlinə aldığı mişarı cəsədin qaralmış qoluna yaxınlaşdırdı.

Qohumu:

– Deyəsən, sənin ağlın tamam çaşıb ha! – deyə dülgərə hücum çəksə də, oradakılar onu saxlamağa macal tapdılar.

Dülgərin, əlavə lövhələr artırmaqla, tabutu böyütməkdən başqa bir çarəsi qalmadı. Nəticədə isə tabut xeyli yüksək alındı.

Dülgər dedi:

– İkimərtəbəli alındı. Televizorda bəzən İngiltərədəki ikimərtəbəli avtobusları göstərirlər. Onlar mənim yamanca döşümə yatır.

Yığışanlar tabutu yerdən qaldıranda kimsə meyitin yuyulub-yuyulmadığı barədə sual verdi. Ancaq aralarından heç kəs dəqiq bilmirdi ki, tamamilə yanıb, külə dönmüş cəsədi yumaq nə dərəcədə vacibdir.

Heç o da bu barədə bir şey bilmirdi. Ölüm ilk dəfə ona bu dərəcədə yaxın gəlmişdi. Bir dəfə məktəbdən qayıdarkən, meyit daşıyan bir qələbəliklə rastlaşdığı qalmışdı xatirində. Onda yol vermək üçün bir kənara çəkilmişdi. Bilirdi ki, dəfn zamanı kədərli görünmək lazımdır, adətən buna uyğun davranmağa çalışsa da, nədənsə içindən bir gülmək gəlirdi. Bir dəfə də övladları ilə tay-tuş olduğu və oynadığı əlli yaşlı bir kişi dünyasını dəyişmişdi. Dəfndən sonrakı günlər boyu o, mərhumun oğullarından nədənsə uzaq durmağa çalışmışdı. O ara qorxurdu ki, birdən onların yanında özündən ixtiyarsız gülüb-eləyər.

Qardaşının yanıb külə dönmüş nəşinin yuyulub-yuyulmadığını xatırlamırdı. Qolu önə uzanan cəsədin kəfənə bükülüb-bükülmədiyi də yadına gəlmirdi. Xatırladığı yeganə məqam – qardaşının məzarından bir ovuc torpaq götürmək istəyi idi, ancaq buna da xalasıoğlu: “Nə gərək var?!” – deyə mane olmuşdu.

Bütün günü ailəsi başsağlığı verməyə gələn insanları qəbul elədi. Yas məclisinə gələnləri açıq darvazanın önündə oturan atası qarşılayırdı, həm də qapısına hər gələn ilə görüşərkən kişi ayağa dururdu. Birdən hönkürər deyə, atasına tərəf baxmaqdan çəkinirdi. Bununla yanaşı, hərdənbir, bir neçə anlığa baxışları atasının tük basmış üzünə, qızarmış və dərin kədər yağan gözlərinə ilişib, qalırdı, sonra təkrar baxışını yana qaçırırdı.

Haradasa düz bir gün dilinə heç nə dəymədi, hətta su, ya da çay içdiyi də xatirinə gəlmirdi. Müharibə ucbatından isinməyən, buz kimi soyuq olan mətbəxə çağırdılar onu, hansısa yeməkdən bir boşqab çəkib, qarşısına da qoydular. O, keçib, süfrə arxasında əyləşdi, qaşıqla və ya çəngəl ilə (hansı olduğunu da xatırlamırdı) ilk tikəni ağzına apardığı zaman bir həqiqəti anladı – kiçik qardaşı bundan belə heç vaxt yemək yeməyəcəkdi. Bu naqafil fikirdən necə dəhşətə qapıldısa, boşqabı qabağa itələyib, başını buz kimi soyuq masaya söykədi.

Üzü axşama doğru qohumları ona təklif elədilər ki, digər mərhumların da dəfn mərasimlərində iştirak eləsin. Bu bapbalaca şəhərdə onlarla insan üçün yas məclisləri qurulmuşdu. Yas çadırlarından birinin girişində onun halı pisləşdi, düşündü ki, indicə ağlı başından çıxacaq, özünü idarə etmək qabiliyyətini itirəcəyindən ehtiyatlandı. Bir neçə saniyəliyə şüuru bulandı. Ancaq iradəsini toplamaqdan ötrü özündə güc tapdı. Çadıra keçib, masalardan birinin arxasında əyləşəndən bir neçə dəqiqə sonra o, az əvvəl yaşadığı sarsıntı barədə xalaoğluya söz açdı. Qohumu bildirdi ki, eyni hissləri, həm də elə eyni yerdə, o da yaşayıbmış.

Qardaşı üçün tabut düzəldən o dülgər də az sonra gəlib, onun sol böyründə əyləşdi. Bu dülgərə qarşı bəslədiyi kin hələ də soyumadığından xalaoğlu üzünü yana çevirdi və özündən sağ tərəfdə oturan kişi ilə söhbətə başladı.

Dülgər pəsdən danışmağa başladı:

– Həyətinizdə ikən söylədiyim sözlər sənə yersiz göründü bəlkə, məni bağışla. Ancaq tabutun hazırlanması üçün onlar vacib idi. Özüm də çıxılmaz vəziyyətdə idim.

O isə susurdu. Dülgər sözünə davam elədi:

– Sən də bilirsən ki, şəhərimizdə tez-tez musiqi səslənir. Bəzən bu sadə və şən, bəzən isə qəliz və kədərli musiqi olur. Yəqin kədərli musiqi dinləyəndə sənin atanın da gözləri yaşarır, eləmi?

O, təsdiqlədi:

– Elədir.

– Eyni şey məndə də olur. Bu xasiyyət atamda da vardı. Bilirsən, həyat özünün gah şən, gah da qüssəli ola biləcəyini mənə aşılayıb artıq. Hələ uşaqlıqdan mən bu şərtlə barışmışam. Anadangəlmə astma xəstəsiyəm axı.

O, yalnız indi fərqinə vardı ki, bu dülgər belə nə cürsə qəribə nəfəs alır – eynilə xalaoğlugilin həyətindəki o astma xəstəsi kimi. “Yoxsa həyətdə tabut hazırlananda orada sadəcə bu astmalı dülgər var imiş? Bəlkə o ikinci kişi, onun əkizi heç yoxmuş orada? Nə bilim, vallah”. Bu fikirlər ona hədsiz ağır görünürdü.

Dülgər isə üyüdüb-tökürdü:

– Mən də, hamı kimi, həmişə bu gözəlliklərlə baş-başa yaşamışam. Səhərlər oyandığın zaman, mövsümdən asılı olmayaraq, gözəlliklə əhatə olunduğunun fərqinə varırsan. Şux musiqilər dinlədiyim üçün daima mən şənlənirəm, könlüm açılır. Hərdənbir – o da astma növbətlərimə görə – içimdəki bu şənlikdə bir fasilə yaranır. Bir neçə dəfə isə mən ölümün lap kandarına yaxınlaşmışam.

Dülgərə qulaq kəsilsə də, bu söhbət ona zərrəcə təsir eləmirdi. Araya sükut çökdü. Onun xalaoğlusu isə hələ də sağ cinahındakı kişi ilə söhbətləşirdi.

Sükutu yenə də dülgər pozdu:

– Sənə ağır bir itki üz verib. Bilirsən, biz böyük bir yalanla üz-üzə gəlmişik, buna görə itkilərimiz də bəzilərinin təsəvvür etdiyindən qat-qat ağır olacaq. Görünməmiş dərəcədə. Ancaq inamı da itirmək olmaz. Çünki inamı itirmək – bütün şəhərin astma növbəti keçirməsi deməkdir, çünki belədə hamının nəfəsi daralır. Odey, elə “Quqquluqu”nu götürək. Onun dayıoğlusu da atışmada şəhid olub. Heç bilirsən ona bu ayamanı niyə taxıblar?

– Yox.

– Şəhərin girişindəki xəngəlxana onunkudur. Kafenin daimi müştərilərindən birinin ona böyük məbləğdə borcu yığılıbmış. Deməli, günlərin bir günü həmin müştəri yenə də orada nahar edəndə müdir israrla tələb edir ki, o, bütün borcunu ödəsin. Müştəri də söz verir ki, borcunu sübh tezdən qapayacaq. Heç bilirsən bunu eşidən “Quqquluqu” nə edib?

O, yenə də tam biganəliklə cavab verdi:

– Yo-o-x.

– Hamı zənn eləmişdi ki, o, yenə də bu müştərinin vədinə inanıb və çıxıb getməyə hazırlaşır. Ancaq o, qəfildən yaxınlıqdakı stulun üstünə sıçrayaraq, üzünü həmin müştəriyə tutub və qollarını havada qanad kimi yelləməklə çımxırıbmış: “Quq-qulu-qu! Bu da sənə sübh! Hə, indi ödə borcunu!” Bundan sonra həmin sırtıq müştərinin bütün yığılan borcu ödəməkdən başqa bir çarəsi qalmayıbmış.

“Quqquluqu” barədə hekayətini bitirən dülgər qəhqəhə çəkdi və bunun ardınca möhkəm öskürdü. Çadıra yığılanlar öskürək səsinə ona tərəf qanrıldılar. O isə yenə heç nə demədi. Dülgərin söhbəti könlünə heç yatmamışdı. Təkrar araya sükut çökdü.

– Qardaşının qəbrindən torpaq götürdün sən?

Dülgərin bu qəfil sualı son günlərdə onun qəlbinə çökən boşluqda bir sarsıntı yaratdı. Bu sualdan səksəndi də. Axı deyəsən, qohumundan başqa heç kəs bilmirdi ki, o, qardaşının təzəcə dəfn olunduğu məzardan bir ovuc torpaq götürmək istəyib. Verəcəyi cavabdan özü də hürkərək dilləndi:

– Yo-o-ox.

– Düz eləmisən. Adətən mərhumla həmişəlik vidalaşanlar elə davranır. Bütöv bir şəhəri bir ovuc torpağa dəyişmək olmaz axı.

O, karıxıb qalmışdı, nə cavab verəcəyini bilmirdi. Odur ki, susaraq, baxışlarını dülgərin üzünə zillədi. Dülgər isə heyrətlə dedi:

– Sən bizim bu çayçıya bax hələ! Gör, çayı necə süfrəyə verir! Necə qıvraq tərpənirsə, elə bilirsən ki, bu başından girdiyi çadırın ta o biri başından yel kimi çıxacaq. Hələ əlində gör, neçə stəkan tutub! Dörd, yoxsa beş? Yox, əşşi, səkkiz dənə. Stəkanları üst-üstə yığmaq gəlib ağlına. Lap o ingilis avtobusu kimi. Mənim ingilis avtobuslarından xoşum gəlir axı.

O, oturanlara çay paylayan kişiyə diqqət yetirdi və o ara baxışlarını ondan heç cür ayıra bilmədi. Özünün bütün hərəkətləriylə bu adam göstərməyə çalışırdı ki, öz peşəsindən, hətta ehsan məclisində qonaqlara çay paylamaqdan da həzz alır. Çayçının davranışları da, üzündəki xoş ifadə də yas çadırının ümumi ab-havasına bir xəfiflik qatırdı. Özünün iti baxışları sayəsində o, növbəti çay stəkanı uman, arzulayan insanları asanlıqla təyin edirdi. Dolu stəkanları paylayıb, boşları isə yığan çayçı cəld çadırdan çıxdı və küçənin qaranlığına qarışdı.

O, başını sola, dülgərə tərəf döndərincə, həmin yeri bomboş gördü.

Bundan xeyli sonra, bir iyirmi, iyirmi beş il ötüncə, o, öz-özünə etiraf elədi ki, vaxtilə həmin dəhşətli xəcaləti sırf özünə görə çəkmirmiş. Əgər mərhum sağ qalsaydı və böyük qardaş onun nəşini tapmadan həmin yeri tərk eləsəydi, onda bu xəcalət hissi onun kiçik qardaşını gəmirəcəkdi. Sanki kiçik qardaş bağıraraq, ona öz sonuncu ricasını çatdırırdı ki, özünün külə dönən, tanınmaz hala düşən cəsədini bir an əvvəl tapsın.

2.

Böyük qardaşı ona dedi:

– Bilirsən ki, orada qarışıqlıq hökm sürür. Şəhərdə əlisilahlı adamlar dolaşır və onlar heç kimə tabe deyillər. İt yiyəsini tanımır.

Onlar kiçik bir mənzilin dar dəhlizində dayanmışdılar. Otağa keçmədən, məhz bu dar dəhlizdə niyə söhbətləşdiklərini heç o, özü də anlamırdı. Bəlkə böyük qardaşı hansısa sirrini onunla bölüşmək istəyirdi, ya da elə cəbhədəki vəziyyətin ağırlığı barədəki xatırlatma idi həmin o sirr? O, bir az susandan sonra, vacib bir həqiqəti dərk edibmiş kimi, qəfildən xəbər aldı:

– Əgər sən bizim məğlubiyyətin astanasında olduğumuzla və şəhəri əldən verəcəyimizlə barışmısansa, onda orada olmana nə gərək varmış axı?!

– Elə ondan başlayaq ki, mən hər hansı silaha yiyələnməkdən ötrü durub, buraya gəlmişəm. Bunun əsas səbəbi isə – kiçik qardaşımızdır. Onun ölümünü heç cür bağışlaya bilmirəm.

– Kimə axı?

– Öz-özümə, – deyən böyük qardaş baxışlarını yana çevirdi. – Buna görə də oraya qayıdasıyam.

Bənzər hallarda nə demək gərəkdiyini yaxşı bildiyi üçün quru tərzdə dedi:

– Bəlkə sənin əvəzinə mən gedim, hə? Onsuz da orduda vəziyyət lazımi səviyyədə deyil. Deməyim odur ki, hələ tam formalaşmayıb. Kimi isə öz doğma qardaşı əvəz eləsə, dünya-aləm dağılmaz. Məni sən olaraq qəbul edərlər, məsələ də bitər.

– Yox, yaxşısı budur, sən mənim ailəmin qeydinə qal. Yeri gəlmişkən, artıq mənə zabit maaşını ödəməyə də başlayıblar.

Daxilən sevinirdi ki, qardaşı onun yarıkönül dilə gətirdiyi və buna görə də saxta səslənən təklifini qəbul eləmədi. Qardaşından başqa bir cavab gözləmirdi, amma öz fərəhini də ona büruzə vermədi.

Böyük qardaşı ona əskinaslar uzatdı.

– Pul sarıdan çətinliyin var hər halda, – deyib, gülümsədi. – Mən də tələbə olmuşam, ən vacib məqamda kiçik bir məbləğə necə dərin ehtiyac duyulduğuna yaxşı bələdəm.

Bu cür məqamlarda ağıla ilk gələn cümlə qopdu onun dilindən:

– Bunları sən həyat yoldaşına versənə.

– Ona yetərincə pul vermişəm.

Götürdüyü an bu pulu nəyə xərcləyəcəyini artıq bilirdi o. Qonşu otaqdan qardaşına səsləndilər və o, getməzdən əvvəl üzünü kiçik qardaşına tərəf tutub, soruşdu:

– Xatirindədir, uşaq vaxtı, balaca və çəlimsiz olduğu üçün mən onu necə oynadırdım? Quş qədər yüngül idi o.

Böyük qardaşının o əl boyda uşağı qolları üstə alıb, evin üst mərtəbəsindəki balkonun məhəccərindən az qala tamamən kənarda necə tutduğunu, əlbəttə ki, xatırlayırdı. Uşaq belədə uğunub, gedirdi. Onun isə ürəyi ağzına gəlirdi ki, birdən qardaşı körpəni əlindən yerə salar, hərçənd bu davranışa qarşı çıxa da bilmirdi.

– Onu balkonda necə yellədiyim indi hərdənbir yuxularıma da girir və qəfildən o, əllərimdən çıxıb, lal-dinməz yerə düşsə də, mənə gülümsəməyinə davam edir.

Böyük qardaş yaşaran gözlərini yana tutdu, sonra isə qonşu otağa keçdi.

Qardaşını küçədə yola salanda tək-tənha idi. Ora yaxınlaşan hərbi maşın evdən bir az aralıda dayandı. Yaşı artıq otuzu ötən qardaşı balaca oğlan uşağı kimi maşına tərəf götürüldü. “Deyəsən, bu, hələ də kişiləşməyib ha. Lap o uşaq vaxtındakı kimi qaçır, halbuki indi o, zabit kimi cəbhəyə yollanır və ailəsini də burada qoyub, gedir” – deyə düşündü. Qardaşının qabağından qara bir pişik keçdi, ancaq o, geri qanrılaraq gülümsədi və əlini havada yelləyərək, yenə də qaçmağına davam elədi. “Özünü heç böyük adam kimi aparmır o. Ancaq uşaqlar nəhs əlamətlərə bu cür barmaqarası və biganə yanaşa bilərlər”.

Maşına əyləşəndən sonra qardaşı əlini pəncərədən çıxarmaqla, son kərə ona əl elədi. Qalın şüşənin ardında qalan üzü isə artıq seçilməz oldu.

İndi o, evə tələsirdi. Böyük qardaşı özünün noxudu rəngli və damaları güclə sezilən yay kostyumunu evdə qoyub, getmişdi. Bu kostyumu o, həmişə bəyənirdi və budur, iş elə gətirib ki, gəlib ona nəsib olub. Bir iyirmi dəqiqə sonra o, kostyumu əyninə geyəcəkdi və zərif parçadan süzülən xəfif may nəsimi onun bədənini öz sərin nəfəsiylə oxşayacaqdı. Bir də ki, o, heç bir vəchlə avtobusa minməyəcək, şəhərə qədərki yolu payi-piyada gedəcəkdi. Hələ bir az da yaşamaq, başqalarına hava atmaq həvəsindəydi axı…

3.

Tavana, daha doğrusu, tavandakı qarmağa baxmaq fikri heç cür başından çıxmırdı. Həmin qarmağı bir neçə ay əvvəl, oğlu üçün yelləncək asmaqdan ötrü tavana bərkitmişdi. İndi isə başını yuxarı qaldırıb, tavana baxmaqdan hürkürdü: qorxurdu ki, orada görəcəyi şey bir anda içini qüssə ilə doldurar və bu yükdən yeganə qurtuluş yolu ancaq intihar ola bilər.

Qarmaqdan sallanan və ucu düyünlənmiş qalın kəndiri görməkdən qorxurdu o. Yuxarıya boylanmaq üçün gərək cürətini toplayaydı – o ara balaca oğlu hıqqanaraq, köhnə və ağır stulu ikinci mərtəbədəki açıq pəncərənin önünə sürüdürdü.

Uzaqdakı yaşıl təpələrə daha rahat tamaşa eləsin deyə, uşaq stula dırmaşdı – yolu vaxtaşırı o tərəflərə düşən kişi bilirdi ki, əslində o görünənlər təpə-filan deyil, meşə zolağıyla örtülü dağ zirvələridir. O an kişi çarəsiz bir addıma əl atmaq barədə düşündü və təlaş içində tavana baxdı – oradakı qarmaqdan asılan ip yoxa çıxmışdı. Bütün gərginliyi bir andaca qeybə çəkildi.

Kişi dedi:

– Stulu bir az geri çəkim. Belə daha yaxşıdır.

Sonra ön tərəfindən və söykənəcəyindən çevik şəkildə yapışdığı stulu yerdən qaldırdı, balkonun laybalay açılmış pəncərəsindən bir qədər aralıya qoydu.

Bayaqdan bəri stulun üstündə duran oğlan isə o ara atasının boynunu qucdu ki, bu geriyə çəkilmə əsnasında yıxılmasın. Kişi fərqində idi ki, oğlu var gücüylə ondan yapışıb, bununla yanaşı, oğlunun əllərinin təmasını nədənsə heç hiss eləmirdi.

Taxtadan tikilən uzun balkonun üst qismində xeyli sayda xırda pəncərə, alt qismində isə beş iri pəncərə vardı… Sol cinahdan birinci pəncərə indi laybalay açılmışdı, kişi və onun stula dırmaşan azyaşlı oğlu bu pəncərənin önündə durmuşdu. Kişi oğlanın əlini ovcuna alsa da, əlində nə isə tutduğunu, eynilə bayaqkı kimi, hiss eləmirdi. Bundan o, narahatlığa qapıldı: bəlkə halı özündə deyildi? Xəstələnib bəlkə? Birdən ovcunu bərk sıxarsa, oğlunun zərif barmaqlarını əzib-eləməz görəsən? Sırf oğlu yanındaydı deyə, qəlbini fərəh hissi bürüdü.

Kişi dedi:

– Mən, bax, o təpələrdən danışırdım da sənə. Görürsən, necə uzanıb, gedirlər? Onlar sənə hansı heyvanı xatırladırlar?

Oğlan barmağını irəli uzatdı, sanki bu yolla uzaqlardakı, cənubdan şimala doğru uzanan o yamyaşıl təpələrə toxunmağa çalışırdı:

– Onlar?

– Hə də.

Oğlan tam ciddiyyətlə dilləndi:

– Qonşumuzun böyrü üstə yatan pişiyinə oxşayır onlar.

– Amma pişik bu qədər yekə olammaz axı?

Uşaq qaşqabağını salladı.

Kişi inamla dedi:

– Onlar arxası bizə yatan ayıya oxşayırlar.

Oğlan mısmırığını lap salladı.

– Bax, o sağ tərəfdəki başıdır. Hələ bir qulağı da görünür. Amma onun gözlərini görmürük. Bunu başa düşmək olar: axı ayı üzü o yana uzanıbdır. O iki təpənin arasındakı nazik yer isə ayının boynu, bu isə onun gövdəsidir. Bəyəm sən multfilmlərdə heç uzanan ayı görməmisən ki? Olduğumuz yerdən biz onun sadəcə sol qabaq pəncəsini görürük. Amma elə bu da bəsimizdir. Düz demirəm?

Belə deyən və təsdiq cavabı gözləyən kişi oğlunu süzdü, karıxmış uşaq isə öz gömgöy gözlərini atasına zillədi. Oğlunun bu biganəliyinə məhəl qoymayan kişi dedi:

– Həm də ki…

Kişi xəyali “ayının” gövdəsindən ayrılaraq, irəliyə doğru uzanan arxa pəncəni də oğluna nişan verməyə hazırlaşırdı ki, sözü ağzında qaldı. İndiyədək min kərə gördüyü və adətən yaşıl meşə zolağı ilə örtülən həmin “pəncənin” üzərində indi bəmbəyaz qar örtüyü vardı. Sarsıntıdan bağırmaq istədi ki: “Bu nədir belə?”, ancaq səsi çıxmadı. Bu nə idi belə? Axı yay vaxtı o ayının “pəncəsi” heç vaxt qarla örtülməzdi. Ora qarlı zirvə-filan deyildi ki! Təkcə qışda qar ucbatından o “ayını” ayırd eləmək olmurdu!

Kişinin bütün bədəni əsirdi və bu zaman o, öz ovcunda tutsa da, varlığını hiss eləmədiyi körpə əli getdikcə daha bərk-bərk sıxırdı. Bağırtı əvəzinə onun sinəsindən bir nalə qopdu. Bu səs dalğası onun qafasının içində ora-bura çırpılaraq, dözülməz və getdikcə güclənən bir ağrı yaradırdı deyə, naləsi, harayı da durmadan artırdı. Kişi gözlərini açdı. Oğlunun qorxu yağan gömgöy gözləri ona dikilmişdi. Bayaqdan bəri farağat vəziyyətində duran oğlan əlləriylə birlikdə ovuclarını da yana açaraq soruşdu: “Bəs indi neyləyək?”. Çaşqınlıq içində bir neçə saniyə gözləyəndən sonra oğlan yerindən sıçrayaraq, səsləndi:

– Ana, atam oyandı. O, yenə inildəyir.

Bir neçə dəqiqədən sonra uşaq qaçaraq, geri qayıtdı və özünün bayaqkı yerinə dırmaşdı. Anası da səssizcə, ağır addımlarla onlara yanaşdı. Yataqda uzanan kişi oğlunu tam şəkildə görə bilirdi, qadının isə – sadəcə ayaqlarını və paltarının ətək qismini. Kişi başını dikəltməyə bir ehtiyac duymadı. Qadının əlində tutduğu bəyaz vərəqdə iri və qırmızı hərflərlə nə isə yazılmışdı. Kağızı tutan əlinin titrəməsindən kişi təxmin edirdi ki, qadın təşvişə qapılıb. Oğlan başını yuxarı qaldırdı, görünür, anasının üzünə baxırdı. Ondan aldığı vərəqi uşaq atasının gözlərinə yaxınlaşdırdı. Yazı sanki uşaq əliylə yazılmışdı. Kişi götür-qoy sonrası qət elədi: “Yəqin o, özü yazıb, oğlum bu tezliklə yazmağı öyrənə bilməz axı”. İndi heç cür xatırlaya bilmirdi ki,oğlu yazı yazmağı bacarırdı, ya yox.

Yazıda bildirilirdi: “Həkim dedi ki, müasir protezlər yeriməyə imkan verir. Bir neçə gündən sonra hələ danışa da biləcəksən. Müharibə bitib artıq”.

Başını yüngülvarı qaldıran kişi ayaqlarının olacağı səmtə boylandı. Bədəninin beldən aşağıdakı qismi bəyaz mələfə ilə örtülmüşdü. Başını yastığa qoyub, gözlərini yummazdan əvvəl o, tavana nəzər saldı – oradakı qarmaqdan artıq uşaq yelləncəyi asılmışdı.

Rus dilindən çevirdi – Azad Yaşar

Share: