Pakistan həmişə Azərbaycanı dəstəkləyəcək – ŞƏRH

Pakistan parlamentli respublikadır və prezident burada respublikanın nominal başçısıdır. Real hakimiyyət isə baş nazirin əlində cəmləşib. Hazırda bu ölkənin baş naziri İmran Xandır.

Ancaq buna baxmayaraq, seçilmiş prezident Pakistan hökumətində yeni adın meydana gəlməsi deməkdir. Bu ölkənin uzun illər boyu praktiki olaraq bütün məsələlərdə Bakını dəstəkləməsini nəzərə alaraq, yeni qüvvələrin Pakistanda hakimiyyətə gəlməsi Azərbaycanla əməkdaşlığa təsir göstərə bilərmi?

Oxu.Az-ın bu sualına cavab verən azərbaycanlı parlamentari Rasim Musabəyov deyib ki, ənənəvi olaraq Pakistan hər zaman Azərbaycanın maraqlarını dəstəkləyir.

“Dünən dünya Pakistanın yeni prezidentinin adını bildi. Ölkənin hakim “Ədalət naminə hərəkat” partiyasının namizədi Arif Alvi keçirilən seçkilərdə qələbə qazandı. Xatırladım ki, söhbət Azərbaycanın müstəqilliyini tanıyan üçüncü respublikadan gedir”, – azərbaycanlı ekspert bildirib.

O qeyd edib ki, Pakistanın başında kimin durmasından asılı olmayaraq, bu ölkənin dövlət xətti hər zaman dəyişməz qalacaq.

“Pakistanın dövlət xətti isə bütün mövqelərdə Azərbaycanı dəstəkləməyə yönəlib. Əminliklə demək olar ki, bu ənənəvi xətt davam edəcək”, – müsahibimiz əlavə edib.

Rusiyalı politoloq Aleksandr Perenciyev Oxu.Az-a açıqlamasında rəsmi İslamabadın Azərbaycana qarşı siyasətinin dəyişməyəcəyinə əminliyini ifadə edib.

“Birincisi, Pakistan parlament respublikasıdır və burada bütün hakimiyyət baş nazirin əlində cəmləşib. İkincisi, Azərbaycan-Pakistan əlaqələri intensiv şəkildə inkişaf edir və bu, hər iki dövlətin maraqlarına cavab verir”, – ekspert deyib.

O əlavə edib ki, buna görə rəsmi İslamabadın nəyisə dəyişməsinə ehtiyac yoxdur.

“Bundan başqa, Pakistan Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində Rusiya və Çinlə əlaqələri inkişaf etdirir. Düşünürəm ki, Azərbaycanın da ŞƏT-ə daxil olması Bakı və İslamabad arasında əlaqələri daha da gücləndirəcək. İstənilən halda, Arif Alvinin prezident seçilməsindən sonra Azərbaycan və Pakistan arasında xoşagəlməz sürprizlər gözlənilmir”, – Perenciyev qeyd edib.

Share: