Özü əlləriylə məzara qoyan, Nakam qardaşının qoludu bəlkə?!

Fərqanə MİSGƏRQIZI

Qardaşımı ürəyindən açıq əməliyyat edən

cərrah Seymur Musayevə dərin təşəkkürlər !

Cərrah masasının üzərindəki
Bir nəslin gözünün nurudu, həkim.
Özünü bircə yol fikirləşmədi,
Hamını düşündü, qorudu ,həkim.

Səni and verirəm, ehtiyatlı ol,
Neçə arzuları hələ yarımçıq.
Əlinin altdadı, mən nə deyim ki,
Bir halal oğlandı, ürəyi açıq.

Tutulmuş damarı neçə arzunun,
Ünvana yetməyən yoludu bəlkə?
Özü əlləriylə məzara qoyan,
Nakam qardaşının qoludu bəlkə?!

Səni and verirəm, ehtiyatlı ol,
Açdığın ürəkdə neçə dərd yatır.
Bir yaşıl ümid qoy, qurbanın olum,
Qalan dərdlərini noolar götür…

Getməyə yerimiz yox

Nə ayın ləzzəti var,
Nə günün bərəkəti.
Nə ahılın canı qaldı, 
Nə gəncin hərəkəti.
Bir fəlakət bürüyüb,
Şəhəri, məmləkəti,
Allah, səndən başqa daha
Getməyə yerimiz yox.

Qapımı külək döyür,
Pəncərəmi yel açır.
Mən ondan şübhəliyəm,
O məndən kənar qaçır.
Hüzurunda diz çöküb,
Dərgahına əl açıb
Allah, səndən başqa daha
Getməyə yerimiz yox.

Üzə durub günahları,
Dağ əridir ahları.
Bir çəkirsən tərəzində,
Məzlumları, şahları.
Allah, özün bizə qaytar,
O bəxtəvər çağları,
Allah, səndən başqa daha
Getməyə yerimiz yox…

****

Göz çəkmə bala, gòydən ,
Ələnir bəla göydən.
Yerdə itən əlaci,
İlahi sala gòydən.

Dərd verdin çəkəm, Allah,
Sizlayir tikəm, Allah.
Haraya özūn yetiş,
Meydanda təkəm, Allah !

Allah belə daģ olmaz,
Qanım tək bulaq olmaz.
Baģrımdan yaralıyam,
Daha məndən sağ olmaz.

Bu dərddən balam aģlar,
Alınan qalam aģlar.
Haqsan, haqqa inandım,
Qıyma ki, qalam aģlar.

Lay-lay şəhərim, lay-lay,
Qanlı səhərim lay-lay.
Usandım aģlamaqdan,
Qəmim, qəhərim lay-lay…

Hardasan?!

Dillərdə dastan olan,
Məhəbbətim hardasan?
Gileyim, intizarim,
Ay həsrətim, hardasan?

Günlər de keçir sənsiz,
Ömrümü biçir sənsiz.
Bu dünya heçdi sənsiz,
Sükunətim, hardasan?

Havam elə daralıb,
Könlümü qüssı alıb.
Səni fələk aparəb?
Əmanətim, hardasan?

Nələr oldu, nələr, bax,
Ay vaxtsız sönən çiraq.
Ruhu yuxuma qonaq,
Sədaqətim, hardasan?

Səninlə olub keçen,
Sanki dünəndi, dünən.
Soyuyub buza dönən,
Hərarətim, hardasan?!

Share: