“Özgələşib özgə nəfəs ala-ala bu dünyaya özgə olan kölgə gördüm…Başsız kölgə…Bacısız, qardaşsız kölgə…”- Rauf Rəvan

 Müstəqil.Az gənc şair Rauf Rəvanın yeni şeirlərini təqdim edir:  
     ZƏR OYUNU
 
Hər insanın dünya ilə oynadığı bir oyun var…
Əksər halda dünya qalib gəlir bizə…
Elə məğlub oluruq ki, gərək qalmır bəhanəyə ya bir sözə…
Nərdtaxtadır yerin səthi…
Oyunçunun biri sənsən, biri dünya…
Yer üzünün göyü sənsən, göy üzünün yeri dünya…
 
Aramızda atılan zər bəxtimizə gülən zaman qoşa düşür…
Ustalıqla tutulan zər ömrümüzdən geri düşən yaşa düşür…
Bir də haqsız satılan zər qoşa düşmür, yaşa düşmür, boşa düşür…
Oyunların qaydasına uymur dünya…
Ədalətsiz düşən zərə etirazlı dolu səslə bağrırsan duymur dünya…
Sanki, səni saymır dünya…
 
Ha… nə qədər çalışsan da, gedişatdan narazısan…
Sən atırsan “sə” ilə “bir”…
Dünya atır bir cüt “sələr”…
Sən deyirsən edim səbr…
Dünya deyir gözlə hələ baş verəcək daha nələr…
Dost əlilə həyatını alt-üst edən zəlzələlər…
Ürəyinə qorxuların toxumunu səpən nadinc vəlvələlər…
Sevincinin arasında qərəzsizcə qurulan və gözlərinə görünməyən tələlər…
 
Budur bu zər oyununda gətirməyən bəxtindəki bəxtsizliyin…
Zər tutduqca sənə dünya lal olursan…
Üsyan edir, səs-küy salır səssizliyin…
 
Qismətinə nə düşübsə qəbul eylə…
Artığına tamah salma bu dünyanın…
Vicdanını qoy qarşına təmiz düşün…
Heç nəyində gözü yoxdur o dünyanın…
Kim olursan ol, yenə də budur qayda…
Bu dünyadan, o dünyaya gedəcəyik pay-piyada…!!!
 
 
       QAÇAQLAR…
 
Dağüstü park…
Üstü tozlu oturacaq….
Neçə aydır insan əli dəyməyən bu tozlu yerdə, mənim kimi yorulmuşlar…
Mənim kimi kor olmuşlar oturacaq…
Sakit-sakit oturacaq…
Gələnlərə, gedənlərə…
Qalanlara, ölənlərə…
Yerdə ikən uçanlara…
Göydə ikən qaçanlara baxacaq…
 
Hamı qaçır…
Biri işdən evə qaçır…
Biri evdən kefə qaçır…
Biri kefdən yana qaçır…
Biri yana-yana qaçır…
Hamı qaçır…
 
Bir ananı qucağında körpəsi…
Canı çıxan nəfəsi…
Dünya adlı qəfəsi…
Ayağıyla vura-vura…
Dar qəfəsin qapısını qıra-qıra açan gördüm…
O ananı analıqdan qaçan gördüm…
Hamı qaçır…
 
 
Sevdiyinin görüşünə gedən qızı həyacanlı…
Beyni qanlı…
Nəfsi qara dumanlı…
Gələcəyi təhlükəli, yalanlı…
Aqibəti xəyal olan…
Pak həyası sual olan…
Qara bulud arxasında gizlənən bir günəş kimi xəcalətdən…
İnandığı yad birindən pay aldığı xəyanətdən peşman olub nursuz işıq saçan gördüm…
Mən o qızı namusundan qaçan gördüm…
Hamı qaçır…
 
Qaçan çoxdur…
Hərəsinin öz adı var…
Qaçanları ha say ki, say yenə bitməz…
Yersiz yerə qaçanları sən gözündən tez itirmək istəsən də, yenə itməz…
Çoxlarının içi dərdlə dolu olan dərələrə…
Çoxlarının yolu üstə məharətlə qurulan boş tələlərə…
Çoxlarının…
Siz düşünün ta nələrə…ta nələrə qaçdığına nəzər etsəm ömür yetməz…
 
Qaçaqdır…
Hamı qaçır…
Qaçanlara həsrət qalıb ocaqlar…
Qaçanlardan üz döndərib qucaqlar…
Qaçanlara yetmir künclər, bucaqlar…
Qaçaqaşdır…
Qaçın görüm hara kimi qaçacaqsız QAÇAQLAR…!!!
 
 
                BÖYÜK KÖRPƏ..
 
Nədən məsum harayını varlığının sükutunda gizlətmisən böyük körpə…?
Niyə səsin içindəki qəm gölündə itib-batıb axı sənin…?
Söylə necə gözlərinə ağlamamaq öyrətmisən böyük körpə…?
Sənin heçnə anlamayıb bu dünyanın gərdişindən uzaqdaykən deyib-gülən vaxtın idi…
Kim neylədi?
Kim nə dedi birdən-birə yaşlanmağa razı oldun?
Danış, neyçün o bəxtəvər gülüşünü, xoş səsini çeynəmədən diri uddun?
 
Mən bilirəm, gülüşünü ana deyib qucağında mışıl-mışıl məst olduğun…
Laylasıyla süst olduğun o, qadının yoxluğuna bağışladın….
Mən bilirəm, saflığını dizin üstə sakit yatan o, qadını əbədiyyən səndən alan,
başımıza yağış kimi yağan qatil güllələrin çoxluğuna bağışladın…
Dişlərini sıxma belə…
Gözlərimə baxma belə…
Ağla daha yandı içim…
Susamışam…
Ağla sənin göz yaşından bol-bol içim…
 
Bilsəydim ki, kimsəsizlik yaşım altı olsa belə altmış yaş qocaldacağ ürəyimi,
uşaq ikən cəfa yolun qət eləmiş ahıl kimi düşünəcəm,
mən də yetim olmaq üçün çalışardım…
Bilsəydim ki, yetim olub tənha dünya yaratmaqla o dünyanın tək sakini olacağam…
Nə bir ölüm, nə bir zülm görməyəcəm,
Elə həmən yetimlərə qarışardım…
 
Böyük körpə…
Qayıt daha özlüyünə…
Sən ki, yalan danışmazdın…
Qayıt artıq düzlüyünə…
Böyük körpə…
Qayıt yenə gülüşünə…
Söz verirəm…
Bir gün yenə gələcəyəm görüşünə…
Biraz səbr et…!!!
 
 
      İKİ İLAN
 
İlanlar var yer üzündə,
Zəhərlisi, zəhərsizi.
Minbir rəngdə ilanlar var,
Bəzəklisi, bəzəksizi.
İlanlar var bu dünyada,
Sürünənlər, yeriyənlər.
Min sifətdə ilanlar var,
Ağladanlar, güldürənlər.
 
 
Ya zəhərli, ya zəhərsiz,
Faydası yox öldürəcək.
Ya bəzəkli, ya bəzəksiz,
Səni məftun eyləyəcək.
İnsan üzlü ilanlar var,
İlan üzlü insanlar var.
Onların xoş fitnəsinə,
Uyub peşman olanlar var.
 
 
Mən zərhərli ilanlardan,
Qorxmamışam heç bir zaman.
Mən zəhərsiz ilanlardan,
Çəkinmişəm zaman-zaman.
Mən sürünən ilanlardan,
Gizlətmirəm ürəyimi.
Mən yeriyən ilanlardan,
Qoruyuram kürəyimi.
 
      BAŞSIZ KÖLGƏ…
 
Həftəsonu…
İşsizliyin yorğunluğu lap ərköyün qızım kimi atdı özün kürəyimə…
–Daşı məni…
Mən də onun hər nazına səbr eylədim ata kimi…
–Gücdən düşdüm, düş belimdən…
Biraz da gəl, tut əlimdən…
 
İnad etdi, düşməyəcəm söylədikcə ağırlaşdı yüküm mənim…
İnildədi ağırlığın ağrısından başımdakı tüküm mənim…
Baş aşağı dolaşdıqca bu dünyanı ya daş gördüm…
Ya ot-ocaq…
Ya quruyub ölən yarpaq…
Ya da zibil qalaq-qalaq…
 
Axır vaxtlar gözlərimi yerə dikib dolaşdıqca varlığımı özümə də özgə gördüm…
Özgələşib özgə nəfəs ala-ala bu dünyaya özgə olan kölgə gördüm…
Başsız kölgə…
Bacısız, qardaşsız kölgə…
 
Yaxınlaşdım…
Qorxa-qorxa titrək səslə sual verdim…
Hanı sənin başın? – dedim…
Axı bütün kölgələrin özü kimi ayağı var, əlləri var…
Bir-birinə bir-birinin anladığı dildə dinən dilləri var…
Hər kölgənin kürəyində sahibinin günından yaradılmış daşı vardır…
Hər kölgənin çiyni üstə başı vardır…
Hanı sənin başın kölgə?
Yoxmu bir yoldaşın kölgə?
 
–Mənim kimim-kimsəm yoxdur…
Kimsəsizin yarı olmur…
Dostu və yoldaşı olmur…
Nədən deyib sual etsən, budur cavab:
–Çünki başsız adamların kölgəsinin başı olmur…!!!
 
Müstəqil.Az 
Share: