Oxumaq niyyəti ilə Almaniyaya getdi,dedilər xərçəngsən…-Azərbaycanlı qız

“Qafqazinfo” BBCAzərbaycanca-ya istinadən xərçəngdən əziyyət çəkən azərbaycanlı qızın təəssüratlarını təqdim edir:

“Əvvəlcə onun Facebook-dakı statusu diqqətimi cəlb etdi: “…xərçəngdən şübhələnib əməliyyata alındım” – yazırdı. O, çox gözəldir; sifəti qısa saçlarının çərçivəsində nur saçır. Hətta həyatının ən ağır dəqiqələrini xatırlayarkən o, gülümsəyir.

Oxumaq niyyəti ilə Günel Almaniyanın ən gözəl mənzərəli şəhərlərindən biri olan Münhenə gedir.

“Əslində xoşum gəlmədi oralardan, – deyir, – heç fəsil yoxdur, səhər pəncərəni açırsan – yağış, günorta açırsan – qar. Dərslərim axşam saat altıda başlayırdı. Bütün adamlar işdən evə qayıdan vaxtı mən dərsə gedirdim. Yağışın, küləyin altında… Orada evdən heç kəs çətirsiz çıxmır. Səbirsizliklə yayı gözləyirdim, isti paltarlarımı qutuya yığdım ki, daha lazım olmaz. Amma yay heç olmadı….

Bir neçə aydan sonra səhhətim məni narahat etməyə başladı, tez yorulurdum. Mən bunu stressdən, ümumi yorğunluqdan, günəş işığının olmamasından irəli gəlməsini düşünürdüm.

Almaniyada həkim qəbuluna bir neçə ay öncədən yazılmalısan. Ona görə mən Təcili Tibbi Xidmətə müraciət etdim. Yaxşı ki, sığortam var idi. Almaniyaya təqaüd əsasında getmişdim, amma sığorta pulunu tələbələrın çoxu özü ödəyir. Ayına 85 Avro təşkil edir və hamı özünə bunu rəva edə bilir. Bu, insana bir güvən, rahatlıq hissi verir ki, səhhətinlə bağlı bir fəsad olarsa, sənə istənilən halda yardım göstəriləcək.

Təcili tibbi yardımdakı həkim çox yüngül bir ürəklə mənə dedi: “Mən səndə kista görürəm, o, əməliyyat olunmalıdır. Bəli, sən deyirsən ki, nəslinizdə heç kəs xəstə olmayıb, amma mən həkiməm və törəmə görürəm. Bu törəmə bədxassəli olsa müalicələrsiz, əməliyyatsız təxmini 1, 1.5 il yaşama imkanı olur pasientlərin”.

Təbii ki, ilk anda şok yaşadım. Belə xəbər eşidəndə, insan sanki reallıqdan qaçmaq istəyir. Dedim ki, qayıdım öz ölkəmə, əməliyyatı orada edim, valideynlərim başqa şəhərdədir, onlarsız əməliyyat kimi ciddi qərarı verə bilmərəm.
Həkim mənə baxaraq təəccübləndi: “Nə valideyn? Həyatından gedir söhbət! Törəmə hər an dağıla bilər. Əməliyyat olunarsan, sonra valideynlərin gələr yanına”.

Onlar üçün yetkinlik yaşına çatmış hər kəs öz həyatına özü qərar verir. Əməliyyat haqqında, onun ola biləcək nəticələri haqqda nə qədər kağız imzaladım və növbəti gün əməliyyata gələcəyimi öhdəliyimə götürdüm. Həm də ki, məni qorxudan o oldu ki, mən dörd ay ərzində adi həkimin qəbuluna düşə bilmirdim və məni təcili, növbəsiz əməliyyata salırdılar.

…Orada həkimlər xəstəni hər şeyə hazırlayırlar, ən pis ehtimala kimi. Bunlar da psixoloji çox ağır gəlir. Həm də adətən bu tipdə xərçəng daha çox yaşlılarda özünü biruzə verir – yaşı altmışdan artıq olanda. Mən, öz iyirmi yeddi yaşımda çox uzaq idim bunlardan. Təsəvvür edin, altmış yaşında qadın belə xəstəlik tutur. Onun artıq həyatının böyük hissəsi keçib, yanında uşaqları, nəvələri, amma mən, tək qalıb, bu yaşımda keçmək məcbur oldum bu ağırlıqları.

Ancaq evə gələndə o dərəcədə şokda idim ki, hər şey yadımdan çıxdı.

…Xəstəxanada keçirdiyim üç gün ən ağır oldu. Palatada məndən başqa digər xəstələr də var idi. Onların hansı ölkədən olduqlarını, nə dildə danışdıqlarını bilmirdim. Tamamilə tək idim. Bütün yükü özüm daşımalı oldum. Ümumiyyətlə, Almaniyada mən heç xoşbəxt olmadım, ölkənin özündən yoruldum.

Düşünürdüm: “Mənim yaşamağa cəmi bir ilim varsa, nəyə görə mən onu burada keçirməli oldum?”

Artıq hazırlaşırdım, plan qururdum, mən bu il ərzində nə edəcəyəm; dostlarıma video ismarıclar yazacaqdım. Düşündüm ki, buna qədər nə cür yaşamışam, indi həyatıma dəyər verəcəm, istədiyimi edəcəm, sevdiyim işlə məşğul olacam, istədiyim insanlarla işləyəcəm.

Ölümdən heç vaxt qorxmamışam. Sadəcə ailənin tək övladıyam, yaxınlarım barədə narahat idim, onları daha çox fikirləşirdim. Ailədən heç kimə xəstəliyim və olacaq əməliyyatım barədə demədim.

Əslində Almaniyada dost anlayışı bizimkidən çox fərqlidir. Hətta orada yaşayan azərbaycanlılar belə başqa cürə olur. Həm də məsafələr uzaqdır. Orada yaşayan ailəli dostlarım üçün daima mənim yanımda olmaq qeyri-mümkün idi. Amma müraciət etdiyim dostlarımın sayı az olsa da, o vəziyyətdə o da mənim üçün dəstək idi. Bakıda bir rəfiqəmə qızdırmam qalxanda yazmışdım, halbuki vaxt fərqinə görə o, Bakıda artıq yatmışdı, amma ona yazıb bir az qəlbimi yüngülləşdirdim.

Əməliyyata daxil olanda, heç dili də bilmirdim. Əməliyyatdan əvvəl gecə xəstəxanaya bir qız da gətirdilər, Tunisdən idi, ingiliscə heç bilmirdi. Hamilə idi. Biz ünsiyyətə girə bilmədik.

Həkimdən soruşdum: “Ona nə olub?”, cavab verdi ki, deyə bilmərəm, məlumat məxfidir. Təsəvvür edin, bizim xəstəxanalarda hamı bir biri ilə söhbət edir, hal-əhval tutur, öz həyat hekayələrini bölüşür. Qız məndən sadəcə jestlə soruşdu, mən də hamiləyəm ya yox.

Səhər saat altıda yavaşca durdum ki, qızı oyatmayım, o, hələ yatmışdı. Heç onunla da sağollaşa bilmədim, əməliyyata gedirdim, amma yanımda “Sağ ol!” deməyə heç kim yox idi.

Ümumiyyətlə, mənə eyni vaxtda üç əməliyyat etdilər. Sağalma vaxtı da uzun çəkdi. Yalvarmalı oldum ki, siz allah, mən təkəm, mənə baxanım yoxdur, göndərməyin məni evə. Əməliyyatdan sonra on gün xəstəxanada qaldım .

Evə qayıdanda, digər çətinliklər özünü biruzə verməyə başladı. Sən başa düşürsən ki, yeriyə bilmirsən, amma yemək bişirməli, evə ərzaq almalısan. Həmin o günlər “gələcəkdə ölə bilərsən” fikrindən mənə daha ağır gəldi. Mənzilim beşinci mərtəbədə idi. Yarım saata, sürahidən tuta-tuta düşürdüm pilləkənları.

Həm də ağır əşya qaldırmaq olmaz. Mağazaya düşüb, bir-iki kartof, çörək seçirdim, baxırdım – qaldıra bilərəmmi, ağır deyil? Aparırdım evə, sonra başqa nəsə almaq üçün yenə düşürdüm.

Qaldığım evdə altı nəfər ev yoldaşım var idi, amma heç biri mənə kömək etmədi. Əməliyyatdan qayıdandan sonra mən xəstə-xəstə otağımda uzanmışdım və ev dostlarından biri gəldi və dedi: “Sənin bu gün ev yığışdırmaq növbəndir”. Çalışdım başa salım ki, əməliyyatdan təzə çıxmışam. Dedi: “Eybi yox, sadəcə tozsoranla işləyərsən, dərindən təmizləmə”.

Almanlar, ümumiyyətlə, mənə soyuqqanlı göründü. İnsana kömək etməyə heç meylli deyildilər. Məsələn, mən Bakıya gələndə çemodanımı aşağı düşürtmək üçün evin birinci mərtəbəsində kafedə işləyən bir oğlana müraciət etdim, dedim: “Sənə on beş avro verərəm, kömək edərsən mənə?” Dedi: “Fikirləşərəm”. Gəlib-gedəndə hər dəfə ona salam verirdim. Nəhayət cavab verdi ki: “Yaxşı, düşürərəm”. Və bu pulla bağlı deyil; sadəcə düşünürlər ki: “Mən bunu nəyə görə etməliyəm?” Ora sənin üçün, məsələn, İtaliya deyil ki, küçə boyu beş nəfər yanına qaçacaq ki, kömək etsin. Orada isə hərəsi öz işini özü görər.

Bunlar hamısı psixoloji məni məhv edirdi. Həm də proses hələ davam edirdi, analizlərin cavablarını gözləyirdim.
Üç həftədən sonra mən Bakıya qayıdacaqdım. Üç həftə elə bil çox az müddətdir. Amma mənim üçün bu günlər heç bitmirdi. Əşyalarımı yığmaq üçün getdim şəhərin başqa bir rayonundan karton qutu almağa. Gətirəndə güclə küçələr boyu yerlə sürüdüm. Sürüdüyümə görə qutu cırıldı, və məcbur oldum yenə gedim qutu alım.

Bakıya qayıdanda, digər çətinliklərlə rastlaşdım. Halbuki mənim həddindən artıq böyük çevrəm var idi, onların arasında həqiqi dostların nə az olduğunu dərk etdim. Mən başa düşdüm ki, heç kəs səninlə bu yükü bölüşməyə hazır deyil. Özümə qapandım.

Bu idi məni yıxan… İndi proses bitsə də, onun ağırlığından indi çıxıram. O zaman psixoloqa ehtiyacım var idi. Təəssüf ki, Almaniyada da psixoloji dəstək verən olmadı. Özəl psixoloqun məsləhəti çox baha başa gəlir – saatı 200-250 Avro. Sığortaya daxil olan psixoloqlara isə vaxt məhdudiyyəti xəstənin daxili aləminə çox dərinə üzməyə imkan vermir – onlar mənə yalnız yeddi dəqiqə ayıra bilərdi. Məsələn, ABŞ-da belə hallarda ailəyə dərhal psixoloq ayrılır, hər cür yardım göstərir, uşaqlarla məşğul olurlar, evin işlərini öz üzərinə götürürlər. Həm də könüllülər hərəkatı orada çox inkişaf edir.
Bakıda isə mən dərdlərimi çəkə bilmədim. Həm özümü düşündüm, həm dostlarımı, fikirləşirdim: “Axı mən onlara qarşı belə olmazdım”.

Düzdür, çalışırdım onlara da haqq qazandırım ki, bəlkə digər insanlar, nə qədər də sən onları özünə yaxın bilsən belə, o yolu səninlə keçməyə hazır deyillər. O, tək cavanlara aid deyil. Heç mən onlarla xəstəliyim barədə danışmaqdan demirəm, sadəcə yanımda olmaqlarını, mənimlə danışmaqlarını istəyərdim. Əsasən ölüm təhlükəsi olan zamanda…
İstənilən mövzu olsun: kitabmı, mədəniyyətmi, alış-verişmi… Əks halda özüm-özümü yeyib bitirmişdim. Kiminsə sənin ölüb-ölməyəcəyinlə maraqlanmasını istəyirsən.

“Nə qədər bu mövzuda az danışsaq, o qədər də bəd xəbərlərdən uzaq olarsan”, – mənə belə deyirdilər.

Proses davam etdiyi dövrdə xəstəliyimdən ümumi danışırdım, həkimin dediklərini isə heç kimlə bölüşmədim. Ölümün məndən nə qədər uzaq, nə qədər yaxın olduğunu bilmirdim. Ən pis ehtimallarda yanında hansı dostlarının olacağını özün üçün dəqiqləşdirirsən. Ətrafını qeyri-ixtiyari filtirlənir. Həmən dövrdə dostlarının səninlə addımlamağını, xəstəliyini bölüşməyini istəyirsən. Bəlkə də, həmən dövrdə insanlar xəstəliyini onlara yükləmək istədiyini düşünürlər deyə uzaqlaşırlar. Bu qrip deyil ki, “sən tək bacararsan” deyib, uzaqlaşasan dostlarından. Sənin həyatının insanlar, dostların üçün önəmli olduğunu hiss etmək istəyirsən.

Amma hamı belə deyildi. Mənimlə oxuyan rəfiqəm var idi, mənim əməliyyatımdan bir həftə əvvəl Bakıya qayıtdı. Əməliyyat olduğumu eşidəndə hətta bilet alıb geriyə qayıtmaq istədi ki, yanımda olsun.

Psixoloqa da müraciət etmişdim, amma nədənsə məndə empatiya hissi yaratmadı, uzaqlaşdım ondan. İşləyə də bilmirdim, apatiya içində idim.

Mən çox fəal idim həyatımda, institut vaxtı könüllü işləmişəm, gün ərzində işlərimi çatdıra bilmirdim, və mən artıq bir il bu vəziyyətdəyəm, özümü bitki kimi hiss etdim – gülümsəyir – Əslində belə böyümək istəmirdim.

Amma yaxşı cəhətləri də oldu. Bir neçə illik dostlarımdan ayrılmalı oldum. Amma dostluq birlikdə nələrdən keçdiklərindən asılıdır. Və bu dostlar bu mərhələni keçmədi. Bəlkə bu, belə tez olduğu da yaxşıdır. Dostunla paylaşma etməyi bacarmalısan, həm şad günündə, həm də qəmdə. Paylaşarkən adam sanki yüngülləşir, içindəkilərdən azad olur.
Mən bütün yaşadıqlarımla Bakıda qarşılaşsaydım, düşünürəm, daha rahat olardım. Həm yaxınlarım yanımda olardı, həm cəmiyyətimiz daha istiqanlıdır, ürəyi açıqdılar. Belə isə heç xəstəliyimin dərdini çəkməyə imkanım olmadı.
Bundan əvvəl də onkologiya ilə qarşılaşmışam. Bir gənc qız var idi, hələ sosial şəbəkələrdə onun üçün dəstək istəyir və əməliyyat üçün pul yığırdılar. Nərmin idi adı, cəmi on altı yaşı var idi. Bacısı ilə dost idim. İlk əməliyyatı üçün pulun yığılmasında da iştirak eləmişəm. Hərdənbir yanına gedirdim. 2013-cü ilin aprelin 30-u o zobdan əməliyyat olundu və bir aydan sonra məlum oldu ki, xərcəng dördüncü dərəcəyə keçib. Ondan da çıxan olmur… Hələ lap uşaq idi. Çox pis olurdum. Başa düşürdük ki, sağalmayacaq, ancaq kampaniyaya başlamışdıq, il ərzində pul yığırdıq ki, ona dəstək olaq.
İki – biri varlı, biri kasıb – ailə olsa və uşaqları eyni xəstəlikdən əziyyət çəksə, varlı uşağının sağalması üçün yalnız dua edir, çünki pul haqqında artıq düşünmür. Kasıb ailənin bir fikri olur – ancaq pul tapmaq; düşünür ki, pul tapılsa, uşaq mütləq sağalacaq.

Nərmindən də kiçik əməliyyat keçirən uşaqları görmüşəm. Onların ağrılarını görmək çox çətindir. Və çox vaxtı bu ağırlığı maddi problemlər daha da çətinləşdirir. Hansısa uşaq ağrıdan qışqırırdı, həkimə deyirdim, get bax ona, deyirdi, pulumu versinlər, sonra.

Nərmin heç bilmirdi ki, xərçəngdən əziyyət çəkir, öləcəyini düşünmürdü. Bir insanın xəstəlikdən əriyib getməsini görəndə mən inancımı da itirirdim.

Həm öz təcrübəmdən, həm də digərlərinin əziyyətlərinin şahidi kimi, demək istəyirəm: insanlara dəstək lazımdır.
Sadəcə xəstənin, onun yaxınlarının yanına gəlib, bir-iki saat söhbət etməklə, təsəvvür edin, nə böyük yükü onların çiyinlərindən götürə bilərsiniz”.


Share: