Zığ şosesindəki qəzada həlak olan ər-arvadın kimliyi məlum oldu

Bu gün Zığ şosesində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olan şəxslərin ər-arvad olduqları məlum olub.

Bakı Şəhər Baş Polis İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli APA-ya bildirib qəza nəticəsində faciəli şəkildə həlak olan Anargül Mustafayeva onun müəllimi olub.

Ölümünə qədər Bakı şəhəri 267-saylı tam orta məktəbində müəllim işləyən Anargül Mustafayeva savadlı pedeqoq və nümunəvi ailə başçısı kimi tanınıb:

“Təəsüf ki, günorta saatlarında açıqlama verdiyim ağır qəzada mənə dərs demiş müəllimimin də həlak olması xəbərini aldım.

Bizə savadlı gələcək bəxş edən bir müəllimin vəfatı xəbərini vermək həm məni həm Anargül müəllimi tanıyanları çox məyus etdi.

Məktəb kollektivi ilə birgə məndə həlak olanların ailəsinə başsağlığı verir, səbrli olmağı arzu edirik”.

Qurum rəsmisi bir daha hərəkət iştirakçılarına üz tutaraq yol hərəkəti qaydalarına əməl etməyin həyati əhəmiyyətli olduğunu vurğulayıb, vətəndaşları bu qaydalara münasibətdə son dərəcə məsuliyyətli olmağa çağırıb.

15:08

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, qurumun “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, BMW və “Chevrolet” markalı iki minik avtomobili toqquşub, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində zədələnmiş avtomobildən 1 nəfər sağ, digər 1 nəfərin meyiti çıxararaq aidiyyəti üzrə təhvil verilib.

12:20

Bakı şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, Zığ şosesinin şəhər istiqamətində baş verən ağır yol-nəqliyyat hadisəsi səbəbindən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

 

Share: