Yaponiya nəşri: Qarabağdakı erməni qüvvələri tam şəkildə tərk-silah olmağa razılıq veriblər

Qarabağdakı etnik erməni qüvvələri tam şəkildə tərk-silah olmağa razılıq veriblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın yeganə ictimai media qurumu olan NHK-nın (Japan Broadcasting Corporation) saytı yazıb.

Çərşənbə axşamı Azərbaycan Silahlı Qüvvələri Qarabağda antiterror tədbirlərinə başlayıb. Çərşənbə günü etnik ermənilər atəşkəs şərtlərini qəbul etdiklərini elan ediblər.

Nəşr yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqa ünvanladığı müraciətdə artıq sözügedən bölgədə suverenliyin bərpa edildiyini bəyan edib və hərbçilərin bu cür əhəmiyyətli nailiyyətlərini yüksək qiymətləndirib.

2020-ci ildə Azərbaycanla Ermənistan arasında Qarabağ uğrundakı hərbi toqquşma Rusiyanın vasitəçiliyi ilə atəşkəsin elan edilməsi ilə nəticələnmişdi.

Nəşrin məlumatına əsasən, etnik erməni qüvvələrinin faktiki məğlubiyyəti Ermənistanın paytaxtı İrəvanda hakimiyyət əleyhinə çıxışların qızışmasına gətirib çıxarıb.

Share: