Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası axşam saatlarında da davam edir

Hava şəraitinin soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası axşam saatlarında da davam edir.

“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, fasiləsiz dinc aksiya iştirakçıları “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!” şüarlarını səsləndirirlər.

Hazırda ekofəalların və ekoaktivistlərin, eləcə də gənc könüllülərin əhvali-ruhiyyələri yüksəkdir.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 13 gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

17:09

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha üç ədəd təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, gün ərzində olduğu kimi, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, Laçından Xankəndi istiqamətinə Rusiya sülhməramlılarına məxsus üç ədəd təminat və təchizat avtomobili keçib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Hazırda aksiya davam edir.

Bununla da gün ərzində hər iki istiqamətdə Rusiya sülhməramlıları və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus ümumilikdə maneəsiz hərəkət edən avtomobillərin sayı 26-ya çatıb.

15:04

Şuşadan Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlıları qurduqları digər konteyneri də ərazidən götürüblər.

“Report”un ərazidə olan əməkdaşı xəbər verir ki, bunun üçün əraziyə kran və yük maşını gətirilib.

Konteynerin digər əraziyə – Laçın istiqamətinə aparılacağı ehtimal olunur.

Ərazidə Rusiya sülhməramlılarının heç bir konteyneri qalmayıb, orada yalnız müvəqqəti yaradılmış post və bir neçə sülhməramlı xidmət aparır.

Hazırda aksiya davam edir, etirazçılar ekologiyanı qorumağa çağıran müxtəlif şüarlar səsləndirirlər.

Qeyd edək ki, bu gün Rusiya sülhməramlıları qurduqları çadırları söküblər, habelə konteynerləri aparıblar. Ərazidə cəmi bir ədəd konteyner qalmışdı.

14:11

Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus avtomobillər növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələri Laçından Xankəndi istiqamətinə maneəsiz şəkildə hərəkət ediblər.

Belə ki, ümumilikdə üç avtomobil ərazidən keçid edib.

Bu bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Eyni zamanda Rusiya sülhməramlılarına məxsus daha üç təminat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

Hər iki kolon eyni vaxtda hərəkət edib.

13:38

Şuşadan Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlıları qurduqları çadırları söküblər.

“Report”un ərazidə olan əməkdaşı xəbər verir ki, əraziyə yük maşınları da gətirilib. Sökülən çadırlar avtomobillərə yığılıb.

Eyni zamanda həmin ərazidə quraşdırılmış konteynerlərdən biri də kran vasitəsilə yük maşınlarına yığılıb, digər əraziyə – Laçın istiqamətinə aparılır.

Həmin üç avtomobilin aksiya keçirilən ərazidən hərəkət etməsinə şərait yaradılıb.

Ərazidə Rusiya sülhməramlılarının cəmi bir ədəd konteyneri qalıb.

12:56

Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlılarının postunda hərəkətlilik müşahidə olunur.

AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, Rusiya sülhməramlıları sözügedən ərazidə qurduqları çadırları sökürlər. Məlumata görə, ərazidə quraşdırılmış konteynerlərin başqa yerə daşınacağı gözlənilir. Hazırda onlar bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər. Əlavə məlumat veriləcək.

11:09

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha səkkiz ədəd təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, Xankəndidən Laçın istiqamətinə Rusiya sülhməramlılarına məxsus səkkiz ədəd təminat və təchizat avtomobili keçib.

Bu bir daha onu sübut edir ki, yol, aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Hazırda aksiya davam edir.

09:58

Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus avtomobillərin müşayiətilə Xankəndidən Ermənistana müalicə üçün körpə aparılıb.

“Report”un aksiya keçirilən ərazidə olan əməkdaşının əldə etdiyi məlumata görə, Beynəlxalq Qırmızı Xaç Komitəsindən daxil olmuş müraciətdə 24 dekabr saat 09:00-da xəstəliyinin müalicəsi ilə əlaqədar 2022-ci il təvəllüdlü Vladimir Balayan və onun valideynlərinin komitənin əməkdaşlarının müşayiəti ilə komitəyə məxsus üç ədəd minik avtomobili ilə Xankəndidən Ermənistana keçidinə və həmin gün eyni tərkibdə geriyə, Xankəndiyə qayıtmalarına icazə verilməsi xahiş olunub.

Müraciətdə bildirilib ki, geri qayıdarkən avtomobillərin baqajında Xankəndi xəstəxanası üçün dərman və tibbi ləvazimatlar daşınacaq.

09:17

Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

Oxu.Az xəbər verir ki, nəqliyyat vasitələri Laçından Xankəndi istiqamətində maneəsiz şəkildə hərəkət ediblər.

Belə ki, ümumilikdə üç avtomobil ərazidən keçid edib.

Bununla üçüncü dəfədir ki, BQXK-nın karvanları aksiyanın keçirildiyi ərazidə hərəkət edirlər.

Bu bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

09:08

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on üç gündür davam edir.

“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

Ekofəallar gün ərzində olduğu kimi, gecədən səhərədək davamlı şəkildə isti yer, isti çay və qidalarla təmin olunublar.

Hazırda havanın şaxtalı olmasına baxmayaraq, etirazçılar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Onların tələbləri ilk gündən dəyişməz olaraq qalır.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!” şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib. Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb.

 

Share: