Vəkillər Kollegiyasının nümayəndə heyəti Mahaçqalada tədbirlərdə iştirak edib

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) nümayəndə heyəti, ARVK Rəyasət Heyətinin sədri Anar Bağırov və üzvü Muxtar Mustafayev, 16-18 sentyabr tarixlərində Rusiya Federasiyası Dağıstan Respublikasının Mahaçqala şəhərində Dağıstan vəkilliyinin 100 illiyinə və Dağıstan Respublikası Vəkillər Palatasının 20 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak ediblər.

Bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Bildirilib ki, tədbirin rəsmi mərasimi Dağıstan Respublikasının dövlət rəsmiləri, Rusiya Federasiyası Vəkillər Palatasının rəhbərliyi və çoxsaylı ölkələrin vəkillər kollegiyalarının nümayəndələrinin iştirakı ilə baş tutub.

Tədbirdə iştirakçıların diqqətinə Dağıstan Vəkillər Palatasının tarixi və inkişaf yolu haqqında təqdimat çatdırılıb.

Tədbirdə xarici qonaqlardan ARVK-nın sədri A.Bağırov çıxış etmiş, RF Dağıstan ilə Azərbaycan arasında olan dostluq münasibətlərinin vəkillik təsisatları tərəfindən də qorunduğunu, bu xoş münasibətlərin Azərbaycan vəkilləri üçün əhəmiyyətini vurğulamış, habelə iki dost təsisat arasında illərlə daha da möhkəmlənmiş əməkdaşlığın qorunub saxlanmasının vacibliyini qeyd etmişdir. Həmvətənlərimizin hüquqlarının RF Dağıstan Respublikasında qorunmasında Dağıstan Vəkillər Palatasının rolunu qeyd etmiş və eynilə RF Dağıstan Respublikasında yaşayan vətəndaşların Azərbaycanda hüquqlarının müdafiəsində Azərbaycan vəkillərinin iştirakından bəhs etmişdir. Həmçinin, A.Bağırov çıxışında 1942-1948-ci illərdə Dağıstan Respublikasına rəhbərlik etmiş görkəmli ictimai xadim Əziz Əliyevin xatirəsini ehtiramla andıqlarına və onun xidmətlərini unutmadıqlarına görə dağıstanlı həmkarlarına Azərbaycan vəkil korpusu adından minnətdarlığını bildirib.

Daha sonra, A.Bağırov təbrik nitqini davam etdirərək Dağıstan vəkilliyinin inkişafını təqdirəlayiq hesab etdiyini bildirmiş, Azərbaycan Respublikası Vəkillər Kollegiyası adından dağıstanlı həmkarlarını təbrik etmiş, o cümlədən Rusiya Federasiyası Vəkillər Palatasının vitse-prezidenti, Dağıstan Respublikası Vəkillər Palatasının prezidenti Akif Behbudova təltif və xatirə hədiyyəsi təqdim edib.

Tədbirin rəsmi hissəsindən sonra konsert proqramı və təntənəli qəbul baş tutmuşdur. O cümlədən, 17-18 sentyabr tarixlərində konfrans iştirakçılarının Dərbənd şəhərinə səfəri təşkil edilib.

Həmçinin, səfər çərçivəsində Dağıstan xalqının sürgün edilməsinin qarşısının alınmasında  əhəmiyyətli rola malik olan görkəmli dövlət xadimi Əziz Əliyevin abidəsi ziyarət edilmiş, xatirəsi yad olunub.

Share: