“Uğurlu antiterror tədbirindən sonra bölgədə dayanıqlı sülh və təhlükəsizlik mümkün olacaq”

“Azərbaycan 44 günlük Zəfərdən sonra Ermənistanla münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh müqaviləsi imzalamaq, ölkəmizin Qarabağ regionundakı etnik ermənilərin Azərbaycan vətəndaşları kimi reinteqrasiyası və onların bütün hüquq və azadlıqlarının təmin olunması üçün çox səylər göstərdi”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunması ilə bağlı danışarkən deyib.

Deputat bildirib ki, Azərbaycan dəfələrlə baş verən erməni təxribatlarına baxmayaraq, onlara bölgədə dinc və təhlükəsiz yaşamaq şərtlərini təklif edib:

“Azərbaycan Qarabağ regionundakı erməni sakinlərə Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni anda istifadə etməklə Beynəlxalq Qızıl Xaç Komitəsinin yük avtomobilləri ilə malların çatdırılmasını təmin etdi. Ancaq onlar bunu başa düşmədilər. Azərbaycan vəziyyətin çıxılmaz olduğunu nəzərə alaraq antiterror tədbirlərini başlatdı və öz istəyinə nail oldu”.

Millət vəkili qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxaraq tam şəkildə tərk-silah olması müzəffər Ali Baş Komandan İlham Əliyevin və yenilməz Ordumuzun başlatdığı antiterror tədbirlərinin qısa vaxtda uğurla başa çatması deməkdir.

“Bu, 44 günlük Zəfərdən sonra Azərbaycanın növbəti qələbəsidir. Azərbaycan bununla da öz Konstitusiya  hüquqları çərçivəsində atdığı addımlara uyğun olaraq dincliyi və sabitliyi pozan, insanların həyatına qəsd edən terrorçuları zərərsizləşdirərək bölgədə sülhün və dayanıqlı təhlükəsizliyin əbədiliyini də təmin etmiş oldu”.

A.Hüseynov deyib ki, artıq bundan sonra bölgədə təhlükəsiz və dinc həyat ritmi təmin olunacaq, Azərbaycan vətəndaşları olan ermənilər dinc şəraitdə yaşayacaq və bölgənin rifahlı həyatına reinteqrasiya olunacaqlar:

“Bununla bölgədə sülh və dayanıqlı təhlükəsizlik mühitində geniş əməkdaşlıq qurulacaq, bütün ölkələrin iştirakı ilə birgə iqtisadi layihələr icra olunacaq. Qarabağ və Şərqi-Zəngəzur sülh və əmin-amanlıq bölgəsi kimi hamıya açıq olacaq. Ermənistan da artıq bu şansdan istifadə edərək bu əməkdaşlıq formatına qoşularaq gələcək rifahını təmin edə bilər”.

“Müdafiə Nazirliyi lokal xarakterli antiterror tədbirlərini dayandırdı. Azərbaycan Ordusunun antiterror tədbirləri aparması Ermənistanın üzərinə düşən öhdəliyi yerinə yetirməməsinin nəticəsidir. 2020-ci il noyabrın 10-da öhdəlik götürmüşdü ki, öz ordusunu, silahlı birləşmələrini Qarabağdan çıxaracaq. Ermənistan üç il ərzində ordusunu silahlandırdı, terror əməliyyatları həyata keçirdi. Azərbaycan Ordusu dünən antiterror tədbirlərinə başladı. Bu gün başa çatdı. Ona görə başa çatdı ki, Xankəndidəki separatçı rejim məğlub olduğunu bildirdi. Bütün şərtləri qəbul edir.

Azərbaycan dövləti həmişə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir. Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərə Azərbaycan vətəndaşlarına şamil olunan bütün hüquqlar veriləcək. Ermənilər silahlı birləşmələrini məcburi qaydada çıxaracaqlar. Qələbəmiz Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin siyasəti, prinsipial mövqeyi, peşəkarlığı və beynəlxalq hüquqlara hörmətlə yanaşmasının nəticəsidir”, – deyə A.Hüseynov əlavə edib.

Xatırladaq ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciəti nəzərə alınaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub:

1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərk-silah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Nəzrin Vahid

Share: