Türkiyə telekanalında canlı yayım zamanı zəlzələ anı

Türkiyənin NTV kanalı Düzcə vilayətində baş verən zəlzələ zamanı canlı yayımda olub. Yeraltı təkanlar studiyada da şiddətli şəkildə hiss edilib.

Sosial şəbəkələrdə həmin anın görüntüləri yayılıb. Kadrlarda studiyanın silkələndiyini görən aparıcının sakit səslə “zəlzələ” deməsi, sonra xəbərləri təqdim etməyə başlaması əks olunub. Lakin sarsıntının 30 saniyədən artıq davam etdiyini və getdikcə də şiddətləndiyini gördükdən sonra aparıcı digər məlumatları dayandırır və təbii fəlakət barədə operativ xəbər verməyə çalışır.

“Hazırda zəlzələ baş verir və getdikcə də güclənir. Yeraltı təkanların episentrinin harada olduğunu bilmirəm, amma hazırda biz İstanbulda, Sarıyerdəyik”, – deyə aparıcı bildirib.

Aparıcının soyuqqanlı və peşəkar davranışı hər kəs tərəfindən rəğbətlə qarşılanıb.

Xatırladaq ki, bu gün səhər saat 4 radələrində Türkiyənin İstanbul şəhəri yaxınlığındakı Mərmərə dənizi bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində iki nəfər ölüb, azı 50 nəfər yaralanıb.

Share: