Türkiyənin “Kalyon Enerji” şirkətinə məxsus 1350 meqavat gücündə olan Karapınar Günəş Elektrik Stansiyasının (GES) rəsmi açılışı baş tutub.
Bu barədə “Kalyon Enerji” şirkətindən məlumat verilib.
Məlumata görə, 2020-ci ilin yanvarında quraşdırma işlərinə başlanılan, Avropanın ən böyük günəş elektrik stansiyalarından biri olan və dünyada az sayda olan Kalyon Karapınar GES 20 milyon kvadratmetr sahədə inşa edilib.
Elektrik stansiyası tam gücü ilə işə salındıqdan sonra Türkiyənin mövcud günəş enerjisi payını 20 faiz artıracaq.
Elektrik stansiyasında ümumilikdə 3 256 038 günəş panelindən istifadə edilib.
Stansiyanın ildə 3 milyard kilovat-saat elektrik enerjisi istehsal etməsi nəzərdə tutulur ki, bu da Türkiyənin elektrik istehlakının yüzdə birinə bərabərdir.
İstehsal olunacaq elektrik enerjisi sayəsində 2 milyon insanın məişətdə istifadə etdiyi elektrik enerjisi ehtiyacı ödəniləcək.
Mənbə: Anadolu