Tarixi qolun müəllifi: “Viktoriya” elə nəhəng klub deyil ki…”

O, Azərbaycana gələn tək-tük əcnəbi hücumçulardandır ki, uzun müddət yerini doldurmaq mümkün olmadı. “Qarabağ” geridə qalan illər ərzində bir çox forvard gətirsə də, daim mərkəz hücumçusu baxımından problem yaşadı. 

Söhbət Azərbaycan çempionunun 2017/18 mövsümündə Çempionlar Liqasının qrupuna vəsiqə qazanmasının memarlarından olan, Kopenhagendəki pley-off matçında həlledici qola imza ataraq “Qarabağ”ın tarixdə ilk dəfə Çempionlar Liqasının qrupuna düşməsində əvəzsiz xidmət göstərən Dino Ndlovudan gedir. Hazırda Çinin “Çançun Yatay” klubunda çıxış edən cənubi afrikalı futbolçu Sports.az saytına müsahibəsində “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində Çexiya təmsilçisi “Viktoriya” önündə şanslarını dəyərləndirib. 

– Sabiq komandanız “Qarabağ”ın oyunlarını izləyə bilirsiniz? 

– Açığı, matçlara baxmağa çox vaxtım olmur. 

– Nəticələrindən də xəbəriniz yoxdur? 

– Çempionlar Liqasında oyunların nəticələrinə baxıram. Xüsusən də, “Qarabağ”ın hesablarını diqqətdə saxlayıram. Keçmiş komandam çətin rəqibləri keçib. İnanıram ki, uğurlu çıxışını sona qədər davam etdirər. 

– “Qarabağ” beş ildən sonra yenidən Çempionlar Liqasının qrupuna düşmək şansı qazanıb. Sabiq komandanızın “Viktoriya” önündə şansını necə görürsünüz? 

– Fikrimcə, “Qarabağ” “Viktoriya”nı məğlub edəcək səviyyədədir. Yəni Çexiya komandası nəhəng klub deyil ki, “Qarabağ” onu keçə bilməsin. 

– 2017/18 mövsümündə pley-offda “Kopenhagen”i üstələyərək qrupa vəsiqə qazandığınız dueldə həlledici qolu siz vurmuşdunuz. Həmin qarşılaşmanı necə xatırlayırsınız? 

– Möhtəşəm mövsüm alınmışdı. Bunu heç vaxt unutmaq olmaz. Danimarka çempionuna qarşı çətin oyunlar oldu. Səfər qolu sayəsində onları keçdik. Xoşbəxtəm ki, həmin qolu da mən vurdum. Hər şey ola bilərdi, bərabər gücdə komandalar qarşılaşırdılar. Ancaq bunu biz bacardıq. 

– Bəs indi necə, həmin uğuru təkrarlamaq olarmı? 

– Niyə olmasın? “Qarabağ”ın kifayət qədər yaxşı heyəti var. Çempionlar Liqası böyük turnirdir, “Qarabağ” da orada oynamağa layiqdir. Elə təsnifat mərhələlərində məğlub etdiyi rəqiblərə baxdıqda “Qarabağ”ın nə qədər yaxşı olduğunu görürük. İnanıram ki, Azərbaycan çempionu bizim beş il əvvəlki göstəricimizi təkrarlayar.

Share: