Serebral iflicdən əziyyət çəkən Ömərin anası: “Müalicə olmayanda ağrıları daha da artır”

12 yaşlı Ömər Pirmalıyevin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Nərminə Əzizova müraciət edib.

O bildirib ki, övladı serebral iflicdən əziyyət çəkir.

“Ömər doğulan gündən serebral iflicdən əziyyət çəkir. Bu günə qədər bütün müalicələrini etmişik, amma artıq tükənmişik. Onun müalicələrini davam etdirməyə imkanımız yoxdur. Müalicələr də olmayanda Ömərin ağrıları daha da artır, əziyyət çəkir. Hazırda aptekə 800 manat borcumuz var, aylıq müalicə üçün isə 200-300 manat lazım olur”.

Nərminə Əzizova bildirib ki, Ömərə həm də pnevmoniya diaqnozu qoyulub.

“Öməri soyuq havalarda qətiyyən çölə çıxarmırıq. Bütün qış boyu evdə olur. Evin istisinə o qədər öyrəşir ki, çox az müddətə çölə çıxanda belə xəstələnir. Ömərin vəziyyəti ilə bağlı mən işləyə bilmirəm, ailəmizdə tək işləyən yoldaşımdır. Yardımsevər şəxslərdən mənim balama dəstək olmaqlarını xahiş edirəm”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən vətəndaş Pirəliyev Ömər Zaur oğlu ilə bağlı müraciət araşdırılıb. Valideyn övladının serebral iflic xəstəliyindən əziyyət çəkdiyini qeyd edərək köməklik göstərilməsini xahiş edib. Valideyinə TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində icbari tibbi sığorta çərçivəsində tibbi xidmətdən yararlanmaq üçün köməklik göstəriləcəyi bildirilib.

Ailə ilə əlaqə: 051 373 24 47

Share: