Sabah “Məhəbbət əfsanəsi”ndə Mehmene Banu, Fərhad və Şirini onlar oynayacaqlar!

Görkəmli bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin Heydər Əliyev Sarayında möhtəşəm təqdimatına son 1 gün qaldı.

18 sentyabr – Milli Musiqi Günündə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalının açılış mərasimi dünyanı fəth edən “Məhəbbət əfsanəsi” baleti ilə olacaq.

Heydər Əliyev Sarayının səhnəsində oynanılacaq baletə uzun müddətdir hazırlıq gedir və artıq bir aydan çoxdur Bakıda tamaşaya məşqlər keçirilirdi.

Uzun illərdən sonra bəstəkarın öz vətənində səhnələşdirilən “Məhəbbət əfsanəsi”ndə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının və Azərbaycan Dövlət Rəqs Ansamblının artistləri ilə yanaşı xarici teatrlardan dəvət olunan solistlər də rol alıb.

Sentyabrın 18-də səhnədə şahzadə Mehmene Banunu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı, Prezident mükafatçısı Ayan Eyvazova, Fərhadı Rusiyanın məşhur “Bolşoy” Teatrının premyeri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Denis Rodkin, Şirini isə “Bolşoy” Teatrının aparıcı solisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Mariya Vinoqradova ifa edəcəklər.

Tarixi təqdimat üçün Heydər Əliyev Fondu tərəfindən rəssam Simon Virsaladzenin orijinal eskizləri əsasında 200-dən çox kostyum, həmçinin dekorasiya və rekvizitlər hazırlanıb.

Bu təqdimat möhtəşəm musiqi, səhnə quruluşu və tərtibatı ilə tamaşaçıları heyran edəcək.

Arif Məlikov “Məhəbbət əfsanəsi” baletini tanınmış türk şairi Nazim Hikmətin “Fərhad və Şirin” dramı əsasında yazdığı librettoya bəstələyib. Baletin premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) keçirilib. Tamaşanın quruluşçu baletmeysteri Yuri Qriqoroviç, rəssamı Simon Virsaladze, dirijoru isə maestro Niyazi olub. 1962-ci ilin iyulunda isə əsərin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində premyerası keçirilib.

Sentyabrın 18-də və 19-dakı təqdimatın baletmeyster-rejissorları Yuri Qriqoroviçin köməkçisi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş baletmeysteri Ruslan Pronin və Qriqoroviçin digər köməkçisi Oksana Tsvetnitskayadır.

Arif Məlikovun əsrarəngiz musiqisini Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğunda Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ifa edəcək.

Share: