Şəhidin xatirəsinə həsr olunan anım mərasimi keçirildi

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Cavid Həsənovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşlarının iştirak etdiyi tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Anım mərasimində çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.

Tədbir iştirakçılarına C.Həsənovun ömür və döyüş yolundan bəhs edən videoçarx nümayiş etdirilib.

Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Share: