Rusiyadan gələn şəxslərin aktivləşdirdiyi biznes növü: İkinci əl kirayə bazarı

Daşınmaz əmlakla bağlı biznes növlərindən biri də ikinci əl kirayə mənzillərdir. Belə ki, bir şəxs ucuz qiymətə kirayə götürdüyü mənzili daha sonra gündəlik və ya elə aylıq olaraq başqa şəxslərə daha baha qiymətə təqdim edir.

Bu biznes növü ilə məşğul olan şəxslər adətən mövsümi biznes anlayışı olanlardır. Məsələn avqust-sentyabr aylarında ali məktəblərə yaxın binalarda kirayələrin daha çox tələb olunduğunu bilərək öncədən həmin mənzilləri kirayəyə götürürlər.

Azərbaycanda bu üsulla qazanc əldə edənlər çoxdurmu? Bu biznez növü nə dərəcədə gəlirlidir?

Daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev “Report”a bildirib ki, rieltorlar ölkəmizdə yaxşı təmirli mənzilləri kirayə götürüb aylıq və ya gündəlik icarəyə verirlər:

“Aylıq 800-1000 manata kirayə verilən ev tutub, xaricilərə gündəlik 70, 80, 100 manata təqdim edirlər. Adətən əcnəbilər gündəlik evləri kirayə götürürlər.

Xarici vətəndaşlar ailəsi ilə gələndə hoteldə qalmaq sərf etmir. Ya hotel xidmətləri baha olur, ya da yer olmur. Məsələn, hoteldə 1 otaqlı nömrənin qiyməti 50 manatdırsa, şəhərin mərkəzində 3 otaqlı evin günlüyü 80-100 manat arası dəyişir. Bu da müvəqqəti kirayənişinə sərf edir. Bu baxımdan belə evlərə tələbat var”.

Ekspert qeyd edib ki, bu biznes pandemiyadan əvvəlki dövrdə daha çox dəbdə idi:

“O vaxt xaricilər daha çox şərq ölkələrinə gəlirdi.

Bir çox rieltorlar da ikinci əl kirayə ev tutub, onlara gündəlik verirdilər. Pandemiya dövrü bu sahəni çökdürdü. Amma bu sahədə hazırda yenidən aktivlik var. Tələbat olduğuna görə, kirayələmək üçün ev axtaranlar çox olur.

İkinci kirayə evin qiymətinin üstünə 40-50 manat qoyub, günlük verirlər. Bu evin kirayə qiymətindən asılıdır. Amma bu o demək deyil ki, hər gün o ev dolu olur. Elə olur, aylarla müştəri olmur, ev boş qalır. Ən çox ölkədə hər hansı bir beynəlxalq tədbirlər, yarışlar olanda aktivlik pik həddə çatır. Həmin vaxt hotellərdə yer olmayanda artıq günlük evlər tuturlar. Həmin evlər də artıq ikinci dəfə icarəyə verilir.

İndiki məqamda bu sahə çox aktivdir. Rusiyadan gələnlər ev axtarırlar və çox vaxt da ikinci əl evləri götürürlər. Hazırda İranda baş verən hadisələrə görə də Azərbaycana gələnlər var. Yay mövsümü artıq olmasa da, amma dəniz kənarı bağ evləri də hazırda kirayə verilir. Özü də ikinci əl ev kimi.

Bu təkcə Bakı deyil, Azərbaycanın bütün bölgələrində aktiv biznesdir”.

Share: