Rusiya nəşri Qarabağdakı separatçıların özünü buraxmasından yazdı

“Qarabağ münaqişəsi artıq yoxdur. Qondarma “DQR”in ləğvi haqqında “qərar” sentyabrın 28-də – İkinci Qarabağ müharibəsinin başlanmasının təxminən ildönümündə və Azərbaycan Silahlı Qüvvələrinin lokal antiterror tədbirlərindən doqquz gün sonra verilib”.

Bu barədə Rusiyanın “Kommersant” qəzetində Qarabağda separatçı qurumun özünü buraxması ilə bağlı dərc olunan “Azərbaycan sülh məşəlini yandırıb” başlıqlı məqaləsində deyilir.

Nəşrdə qeyd edilir ki, qeyri-qanuni strukturun ləğvi ilə bağlı erməni separatçıların keçmiş lideri Samvel Şahramanyanın imzaladığı qondarma qərar formal görünsə də, mühüm “sənəd”dir və yeni reallığı göstərir.

Bundan əlavə, müəllif öz materialında qeyd edir ki, 28 sentyabr indi əlamətdar tarixə çevriləcək və regionun tarixində təkcə separatçı strukturun özünü ləğv etməsini deyil, həm də dövrün dəyişməsini simvolizə edəcək.

“1990-cı illərin əvvəllərində birinci müharibədə Ermənistanın Qarabağ üzərində nəzarəti ələ keçirməsindən sonra bu ərazi yenidən Azərbaycana qayıtdı. Bakı buna doğru qəti addımı üç il əvvəl atdı: 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başladı. Burada artıq Azərbaycan qələbə qazandı. Samvel Şahramanyanın “qərarı” həmin qələbənin qanunauyğun nəticəsidir”, – deyə materialda bildirilir.

Məqalədə, həmçinin qeyd olunur ki, Qarabağ probleminin yekun həlli Bakı və İrəvanın sülh istiqamətində irəliləməsinə yol açıb.

Share: