Qarsda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Azərbaycan Respublikasının Qars şəhərindəki Baş Konsulluğunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

“Report”un məlumatına görə, tədbirdə Baş Konsulluğun heyəti, Qarsın rəsmi nümayəndələri, Qars Qafqaz Universitetində çalışan Azərbaycanlı müəllimlər və tələbələr, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbir Xocalı qurbanlarının, eləcə də fevralın 6-da Türkiyənin 10 vilayətində baş vermiş ağır zəlzələdə həyatlarını itirən qardaş ölkənin çoxsaylı vətəndaşların xatirəsini bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə himnləri səsləndirilib. Sonra şəhidlərimizin əziz xatirəsinə ehtiram olaraq, Qurani-Kərim ayələri oxunub.

Tədbirdə iştirakçılara Xocalı soyqırımını əks etdirən film nümayiş etdirilib.

Sonra tədbiri giriş sözləri ilə açan Azərbaycanın Respublikasının Qarsdakı baş konsulu Nuru Quliyev Xocalı qətliamının tarixindən geniş söz açaraq, həm Azərbaycanda, həm də Türkiyədə türklərə qarşı tarix boyu mənfur düşmənlər və onların tərəfdarları tərəfindən neçe belə soyqırım hadisələri törədildiklərini, lakin bununla ümumiyyətlə türk dünyasının əzmini heç bir zaman qıra bilməyəcəklərini söyləyib, bunun üçün ölkələrimizin başçıları tərəfindən atılan uzaqgörən və həlledici tədbirlərlə yanaşı, ümumiyyətlə bütün xalqın, əsasən də bu işdə gənclərin daha fəal olmalarının vacibliyini vurğulayıb. Baş konsul çıxışının sonunda hadisə qurbanlarının əziz xatirəsini bir daha yad edərək, çıxışını yekunlaşdırıb.

Sonra çıxış üçün Qars Qafqaz Universitetinin prorektoru, Pr. Dr. Selçuk Urala söz verilib. O, Xocalı soyqırımının tarixindən və yaşananlarla yanaşı o zamanlar da qardaş Azərbaycanın acısını hiss etdiklərini söyləmiş, şəhidlərin əziz xatirəsini bir daha yad edib, bundan sonra da ölkələrimizin rifahı üçün birlik və bərabərlik nümayiş etdirilməsinin prioritet sahələrdən olduğunu söyləyib.

Sonda çıxış etmək üçün söz Qars Qafqaz Universitetinin Sosial Bilimlər İnstitutunun müdiri, Dos. Dr. Yaşar Kopa verilib. Yaşar Kop soyqırımın geniş tarixindən bəhs edib, hadisənin törəmə faktları ilə tədbir iştirakçılarını yaxından tanış edib və gələcəkdə belə hadisələrin bir daha yaşanmaması üçün türk dünyasının, ələlxüsus də Türkiyə-Azərbaycan qardaşlığının davamlı, dayanıqlı və əbədi olmasını diqqətə çatdırıb.

Çıxışların ardından dəvət olunan qonaqlara şəhidlərin əziz xatirəsinə ithafən ehsan süfrəsi təşkil edilib.

Share: