Qanunsuz çalışan ocaqxanaların fəaliyyəti dayandırıldı

Qəbələ rayonu, Nic qəsəbəsinin ərazisində qeyri-qanuni yolla ağac kömürü istehsal edən üç ədəd ocaqxana aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, qanunsuz fəaliyyətlə məşğul olan işbazlar tərəfindən kustar üsulla düzəldilmiş, heç bir yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməyən ocaqxanaların meşə ərazisində istismar edilməsi ərazidə yanğın təhlükəsini yaratmaqla, baş verə biləcək yanğının qısa zamanda geniş əraziyə yayılmasına, eləcə də təbiətə, insan həyatı və sağlamlığına təhlükə riskinin artmasına münbit zəmin yaradır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə “Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyi Qaydalar”ının 2.1.1 və 2.1.4-cü maddələrinin tələblərinə zidd olaraq meşə sahələrində ağac kömürü istehsal etmək üçün xüsusi ocaqxanalar təşkil edən Babayev Nazim Cəbrayıl oğlu barəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində fakt rəsmiləşdirilib və qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər edilib.

 

Share: