“Qətnamə Fransanın Azərbaycana düşmən münasibətini sübut etdi”

Noyabrın 15-də Fransa Senatı “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” adlı qətnamə qəbul edib.

Bu hadisə Fransanın beynəlxalq hüququn əsas prinsiplərini heçə saydığını göstərir. Fransa Senatı, Prezident Emmanuel Makronun hökuməti erməni separatçılığını, onların Azərbaycana qarşı ərazi iddialarını birbaşa və dolayısı ilə dəstəkləməklə Helsinki Yekun Aktında əks olunan suverenlik, ərazi bütövlüyü prinsiplərinə qarşı çıxıblar.

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar İskəndərovun sözlərinə görə, qəbul edilən bədnam qətnamə Fransanın riyakarlığını açıq şəkildə göstərir:

“Biz otuz ilə yaxın Minsk qrupunun həmsədrlərindən olan bu ölkənin münaqişənin normallaşması posesində göstərdiyi “səy”ləri görmüşük. Qrupdakıların hər biri bu münaqişənin dondurulmasına və yaxud da Ermənistanın xeyrinə həll olunmasına çalışırdı. Azərbaycan bu sahədə kifayət qədər dözümlü siyasət göstərdi. Dünyada 50-dən çox müstəmləkə saxlayan, əli milyonlarla günahsız insanın qanına boyanmış ölkənin prezidenti də, parlament üzvləri də bundan başqa nəsə edə bilməzdilər.

Onlarda islamofobiya var. Onları ən çox narahat edən inkişaf etməyimizdir. Bütün bu məsələlər onu deməyə əsas verir ki, Azərbaycan Fransa ilə münasibətlərinə yenidən baxmalıdır. Təbii ki, bu məsələyə Azərbaycan parlamenti qiymət verir. Azərbaycanla Fransa arasındakı münasibətlər yenidən gözdən keçirilməli, Fransa adekvat cavabını almalıdır”.

Deputat Ceyhun Məmmədov isə əlavə edib ki, Fransa Senatı belə bir addım atmaqla beynəlxalq hüquqa hörmətsizlik edib:

“Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı BMT-nin dörd qətnaməsi var. Azərbaycan 2020-ci ildə bu qətnaməni özü yerinə yetirdi. Fransanın belə bir addım atması qanuna, beynəlxalq normalara ziddir. Bu onu göstərir ki, Fransa prezidenti və Senatı beynəlxalq hüququ heçə sayırlar. Bu, həmçinin onların islamofob münasibətlərinin də göstəricisidir”.

C.Məmmədov Fransanın separatizmi dəstəklədiyini deyib:

“Qarabağın Azərbaycanın ərazisi olduğu beynəlxalq hüquqla təsbit olunub. Fransanın belə bir qətnamə qəbul etməsi üçün heç bir əsası yoxdur. Fransa ermənilərdən daha çox erməni olmaq məqsədi daşıyır. Bu ölkə Ermənistanın marağını təmin edir. Makron fransızların yox, Fransada yaşayan ermənilərin prezidentidir. Makron bir tərəfdən özünü vasitəçi kimi təqdim etməyə çalışır, bununla bağlı zaman-zaman müxtəlif mesajlar verir. Reallıqda isə biz burada Fransanın hansı mövqedə olduğunu və hansı beynəlxalq hüququn tələblərini pozduğunu görürük”.

Millət vəkili Musa Qasımlı qeyd edib ki, qətnamə Azərbaycana düşmən münasibətin təzahürüdür:

“Fransa Senatının qəbul etdiyi məlum bədnam qətnamə gerçəkliyi əks etdirmir, qərəzlidir. 30 ilə yaxın Azərbaycan ərazilərinin bir qismi işğalçı Ermənistanın tapdağı altında qalanda Fransa Senatı harada idi? Axı 30 ilə yaxın müddətdə beynəlxalq hüquq, haqq-ədalət pozulmuşdu. Fransa niyə göz yumurdu? Fransa ATƏT-in artıq mövcud olmayan Minsk qrupunun həmsədri olub. Əvvəlki qətnamələr kimi, bu qətnamənin də qəbulu göstərdi ki, Azərbaycan ərazilərinin işğal altında saxlanmasında, tarix və mədəniyyət abidələrimizin dağıdılmasında, münaqişənin həll olunmamasında məsuliyyət Ermənistanla yanaşı, Fransanın da üzərinə düşür”.

M.Qasımlı Senatın qardaşlıq prinsiplərini ayaq altına atdığını söyləyib:

“Fransa Senatı qətnaməni qəbul etməklə 1789-cu il Böyük Fransa inqilabının azadlıq, bərabərlik və qardaşlıq prinsiplərini ayaq altına atdı. Bu qətnamədə azadlıq, bərabərlik yoxdur. Fransa Senatı özünü təcavüzkar Ermənistana tay elədi. Və demokratik dəyərlərə tüpürmüş oldu. Bu qətnamədə qardaşlıq da yoxdur. Senatın bu cür davranışı regionda vəziyyəti gərginləşdirir, eyni zamanda Ermənistanı çox çətin vəziyyətə salır.

Fransa Senatınn qəbul etdiyi o qətnamə hüquqi baxımdan istifadəsiz kağız parçasından başqa bir şey deyil. Onu rədd edirik”.

Deputat Elşad Mirbəşiroğlu isə Fransa Senatının növbəti dəfə qərəzli bir qurum olduğunu nümayiş etdirdiyini bildirib:

“Fransa Senatı son addımı ilə bizə onsuz da yaxşı bəlli olan reallıqları təsdiqlədi. Fransa ATƏT-in Minsk qrupunda hansısa yollarla özünün də təmsil olunmasına nail olmuşdu. Ermənistanın işğalçılıq siyasətini yürüdürdü. Fəaliyyəti səmərəsiz idi. Ermənistanın işğalçılıq siyasətinin nəticələrinin leqallaşdırılmasına yönəlmişdi. 30 ilə yaxın bir dövrdə münaqişənin tənzimənməsi ilə yox, idarə olunması ilə məşğul olurdular. Fransa şirkətləri Ermənistanın işğalı dövründə bizim ərazilərimizdə qeyri-qanuni fəaliyyətlə məşğul olurdu. Azərbaycanın sərvətlərinin talanmasında birbaşa iştirak edirdilər. Fransa Senatının üzvləri rəsmi Bakının izni olmadan Azərbaycanın ərazilərinə səfərlər edirdilər. Separatçı rejimlə separatçı sənədlər imzalayırdılar”.

E.Mirbəşiroğlu qeyd edib ki, Fransa separatçıların yanında olduğunu sübut edir:

“Ermənistan axtardıqlarını Fransada tapmaqdadır. Fransa ona şərait yaradır. Belə olan halda hesab edirəm ki, Azərbaycan-Fransa münasibətlərinə sağalmaz yaralar vurmaqdadır. Azərbaycan yeni reallıqların müəllifi kimi regionda geosiyasi, geoiqtisadi maraqları üçün münbit şərait yaradıb. Fransa separatçıların yanındadır, separatizmin ruporu rolundadır, işğalçılığı təbliğ edir, Avopada separatizmin inkişafına rəvac verməkdədir”.

Nəzrin Vahid

Share: