Prokurorluq Bakıda quyuya düşərək ölən azyaşlılarla bağlı məlumat yaydı

Azyaşlıların ölümü ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 17-si paytaxtın Sabunçu rayonu ərazisində yerləşən quyuda 2 nəfər azyaşlının meyitinin aşkar edilməsi ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Toplanmış ilkin sübutlar əsasında fakta görə Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisənin baş vermə halı və şəraitinin eləcə də, iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatların müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

20:48

“Quyudan çıxarılanda uşağımı geyimindən tanıdım”.

Bu sözləri Maştağa qəsəbəsində quyuya düşən azyaşlı Ağa Rəhimovun anası Elnarə Rəhimova bildirib.

O qeyd edib ki, oğlu dostu ilə gəzərkən quyuya yıxılıb.

Daha ətraflı Baku TV-nin süjetində:

13:46

Ötən gecə Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində iki azyaşlı quyuya düşərək ölüb.

“Qafqazinfo”nun əməkdaşları hadisə yerinə yollanıblar.

Ərazidə olan sakinlər hadisənin necə baş verməsi ilə bağlı məlumat veriblər:

“Saat 8-dən xəbər tutulub ki, uşaqlar yoxdur. Bütün qonşulara hay düşüb və axtarmağa çıxıblar. Görən olub ki, iki uşaq əlində süpürgə ilə gedib. Axtara-axtara gəlib buradan süpürgəni tapıblar. Daha sonra quyuda suyun üstündə uşağın başmağı olub. Məlum olub ki, uşaqlar buradadırlar. Daha sonra polislər və FHN-in əməkdaşları gəldilər. Saat 2-yə qalmış birinin, 4-ə qalmış da digər uşağın cəsədi quyudan çıxarıldı”.

Qeyd edək ki, qonşuluqda yaşayan uşaqlar 2013-cü il təvəllüdlü olublar.

09:39

Sabunçu rayonunda quyuya düşərək ölən uşaqların adları məlum olub. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, həmin şəxslər – Maştağa qəsəbə sakinləri, 2013-ci il təvəllüdlü Ağa Taleh oğlu Rəhimov və 2013-ci il təvəllüdlü Hüseyn Mətləb oğlu Qasımovdur. 

Uşaqlar dost olub və ərazidə oyun oynayan zaman ehtiyatsızlıqdan quyuya yıxılıblar. Hadisə zamanı hər iki uşaq ölüb.

08:24

Bakıda iki azyaşlı quyuya düşərək ölüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində iki azyaşlının quyuya düşməsi barədə məlumat daxil olub.

Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2013-cü il təvəllüdlü 2 uşaq dərinliyi təxminən 45-50 metr, diametri 2,5 metr olan su, mazut və məişət tullantıları ilə dolu quyuya düşüblər.

Xilasedicilər xüsusi vasitələrlə azyaşlıların cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

İlhamə Əbülfət

Share: