Prokurorluq azad edilmiş ərazilərdə minaya partlaması ilə bağlı araşdırmalara başladı

Xocavənd rayonunda bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən mina partlayışları üzrə araşdırma aparılır.

Xocavənd Rayon Prokurorluğundan verilən məlumata görə, oktyabrın 13-də saat beş radələrində işğaldan azad edilmiş Xocavənd rayonu, Haramı düzü ərazisində iki ədəd yük maşınının minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı hadisə nəticəsində “QAZel” markalı avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Famil Əbilovun ölməsi və “Mercedes-Benz Atego” markalı avtomobilinin sürücüsü, 2000-ci il təvəllüdlü Namaz Bayramovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.

10:27

2023-cü il 13 oktyabr tarixində Füzuli rayonunun Aşağı Veysəlli kəndi ərazisində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.

İlkin məlumata əsasən, tank əleyhinə mina partlayışı nəticəsində “QAZel” markalı maşının sürücüsü 1987-ci il təvəllüdlü Famil İlyas oğlu Əbilov həlak olub, “KamAZ” tipli yük maşınının sürücüsü 2000-ci il təvəllüdlü Namaz Nəbadi oğlu Bayramov xəsarət alıb.

ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırır.

09:53

İşğaldan azad edilmiş ərazilərdə iki mülki şəxs minaya düşüb.

APA xəbər verir ki, onlardan biri hadisə yerində dünyasını dəyişib, digəri isə ağır xəsarət alıb.

Hazırda əraziyə hüquq-mühafizə xidmətinin əməkdaşları cəlb ediliblər, minaya düşən şəxslərin ərazidən çıxarılması istiqamətində işlər görülür.

Share: